Müalicə turizmi: sağlamlıq və
istirahət
Ölkəmizdə
turizmin bu növünün inkişafı üçün
geniş təbii imkanlar var
Əlverişli
təbii şəraiti olan dünya ölkələrində
müalicə turizminin inkişafına böyük önəm
verilir. 2010-cu ildə dünyada müalicə turizmi sahəsində
dövriyyənin həcmi təxminən 80 milyard dollar olub. Gələn
il bu rəqəmin 100 milyard dollara çatacağı
proqnozlaşdırılır. Təbii qaynaqları, münbit
təbii-coğrafi şəraiti olan Azərbaycanda bu turizm
növünün inkişafı nə yerdədir? Bu barədə
bir neçə mütəxəssislə həmsöhbət
olduq.
Türkiyəyə ildə 150 min turist müalicə məqsədilə
səfər edir
Türkiyənin «Assist Life» ambulans
və sağlıq xidmətləri şirkətinin Azərbaycan
təmsilçisi Ramiz Quluzadə deyir ki, dünyanın bir
çox ölkələrində müalicə turizminin
inkişafına geniş sərmayələr qoyulur:
“Dünyada müalicə turizminin tarixi çox qədimdir. Turizmin
bu növünün yüksək səviyyədə
inkişaf etdiyi ölkələrdən biri də Türkiyədir.
Hər il 150 min turist bu ölkəyə müalicə məqsədilə
səfər edir. Bu ölkənin müalicə turizmində əldə
etdiyi ən böyük üstünlük isə keyfiyyətli
xidmət və əlverişli qiymətlərdir. Hazırda
Türkiyədə 650 sağlamlıq mərkəzi, 10 min
çarpayı tutumu, onkologiya, ürək-damar xəstəlikləri,
orqan nəqli, plastik cərrahiyyə, stomatologiya, göz xəstəlikləri
və s. üzrə ixtisaslaşmış tibb mərkəzləri
fəaliyyət göstərir. Bununla bərabər, Türkiyədə
təxminən 1500-dək termal sağlamlıq mərkəzləri
var».
Həmsöhbətimizin təmsil
etdiyi «Assist Life» şirkəti Türkiyədə müalicə
turizminin inkişafında önəmli rol oynayır. Şirkət
əsas etibarilə Amerika və Avropa ölkələrindən
gələn xəstələrə sağlıq xidməti
göstərir: «Bizim işimizə xəstələrin
qarşılanması, yerləşdirilməsi, diaqnoz və
istəklərə uyğun olaraq müvafiq xəstəxanaların
seçilməsi, müalicə məqsədilə bu ölkəyə
gəlmək istəyən insanlara vizaların təşkil
olunması, müalicə müddətində nəqliyyat xidmətləri,
xəstələri fərdi ixtisaslaşdırılmış
tərcüməçilərlə təmin etmək kimi xidmətlər
daxildir. Biz eyni zamanda xəstə hələ ölkəsində
olarkən ona xəstəliyi ilə bağlı türkiyəli
mütəxəssislərin rəyini alıb göndəririk.
Xəstə gələndə birbaşa klinikaya
götürülür».
Şirkətin Azərbaycandakı
fəaliyyətinə gəldikdə isə, R.Quluzadə
bildirdi ki, Azərbaycanın kurort-sanatoriyalarına əsasən
fizioterapiya və reabilitasiya məqsədilə Türkiyədən
xəstələr gətirirlər. Eyni zamanda Azərbaycandan xəstələrin
Türkiyənin kurortlarında müalicəsini təşkil
edirlər. Həmsöhbətim deyir ki, Azərbaycanda
müalicə turizminin inkişafı üçün daha
böyük imkanlar var. Ölkəmizin təbiəti, iqlim
müxtəlifliyi turizmin bu növü üçün əlverişli
şərait yaradır: «Burada əsasən müalicəvi
Naftalan nefti, duz mədənləri, palçıq
vulkanları, bulaqlar və mineral sular, termal qaynaqlar
üstünlük təşkil edir. Son illər bu sahənin
inkişafını təmin etmək məqsədilə
müxtəlif qanunlar qəbul edilib. Xüsusilə Xəzərboyu
ərazilərdə kurort, sanatoriya və digər istirahət
yerlərinin yaradılması üçün əlverişli
şərait var. Azərbaycanın kurort imkanlarına metan və
kükürdlü oksigen suları, mineral palçıqlar,
göllər, çimərliklər və s. daxildir».
Sanatoriya-müalicə müəssisələri
turizm şirkətləri
ilə sıx əməkdaşlıq etməlidir
Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov deyir ki, müalicə turizmi müxtəlif ölkələrdə müxtəlif cür adlandırılsa da (məsələn, sağlıq turizmi, tibbi turizm, rekreasiya turizmi və s.) məqsəd eynidir: insanların sağlamlıq və istirahətini təmin etmək. Mütəxəssis Azərbaycanda müalicə turizmi imkanlarından danışarkən Naftalan neftini xüsusi qeyd etməyi zəruri sayır: “Naftalan nefti dünyada bənzəri olmayan nadir müalicə vasitəsidir. Vaxtilə Naftalan nefti xarici ölkələrə aparılır və orada müalicə məqsədilə istifadə olunurdu. Sonralar Naftalan şəhərində geniş müalicə mərkəzləri inşa olundu. SSRİ-nin dağılmasından sonra bu sahə bir müddət diqqətdən kənarda qalsa da, son vaxtlar görülən işlər, müasir hotel və müalicə mərkəzinin açılması sevindirici haldır. Bu, turizmin inkişafı baxımından önəmli hadisədir və müalicə məqsədilə gələn turistlərin sayının artmasına təkan verəcək. Naftalan neftinin şöhrəti Azərbaycanın sərhədlərini aşıb keçdiyindən xarici ölkələrdən Naftalanla daha çox maraqlanırlar”.
B.Bilalov deyir ki, bu tipli müalicə ocaqlarının sayının artırılması üçün Azərbaycanda çoxlu sayda mineral bulaqlar var: “Bu bulaqların ətrafında müalicə müəssisələri yaratmaq olar. Çox istərdik ki, Qalaaltı suyunun yanında da belə bir mehmanxana tipli sanatoriya tikilsin. Masallıda İstisu müalicə mənbəyi, Naxçıvanın Culfa rayonunda Darıdağ termal suyu var. Bu su tərkibində 18 mineral əks etdirir. Bu mineralları müxtəlif xəstəliklərin müalicəsində istifadə etmək mümkündür. Darıdağda sanatoriya fəaliyyət göstərir, amma onu müasir səviyyədə yenidən qurmaq lazımdır. Buraya qonşu İran və Türkiyədən xeyli sayda xəstələr şəfa tapmaq üçün gəlir. Digər tərəfdən, Azərbaycanın bənzərsiz palçıq vulkanlarını xüsusilə qeyd etmək lazımdır. Yerin altından çıxan palçıqdan hazırlanmış dərman preparatlarından istifadə etmək üçün orada müalicə müəssisələri tikmək Azərbaycanda turizmin inkişafına çox böyük təkan verərdi. Ümumiyyətlə ölkəmizdəki bütün təbii müalicə vasitələrinin xarici ölkələrdə yüksək səviyyədə təbliğini təşkil etmək lazımdır. Turizm sərgilərində «Azərbaycanda müalicə turizmi» adlı xüsusi bir stend yaratmaq yaxşı olardı. Turizm şirkətləri də ölkəmizin müalicə turizmi sahəsində mövcud imkanlarını təbliğ etməlidir. Fəaliyyətdə olan sanatoriya-müalicə müəssisələri isə turizm şirkətləri ilə sıx əməkdaşlıq əlaqələri yaratmalıdır. Beynəlxalq praktikada da bu var. Məsələn, Rusiyanın «Mineralnı vodı» kurortları turizm şirkətləri vasitəsilə öz müalicə turlarını satırlar. Çexiyanın «Karlovı Varı» sanatoriyaları müxtəlif ölkələrin turizm şirkətləri ilə müqavilə bağlayırlar və onların vasitəsilə çoxlu sayda turist cəlb edə bilirlər. Eləcə də İsrailin, Türkiyənin, Almaniyanın və başqa ölkələrin müalicə müəssisələri bu üsuldan istifadə edirlər».
Mədəniyyət və Turizm Nazirliyi təbliğatı gücləndirir
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, nazirlik tərəfindən Azərbaycanda müalicəvi turizmin tanıtdırılması istiqamətində müxtəlif işlər görülür. Bu il Bakıda müalicəvi turizmlə bağlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur: «Eyni zamanda ölkə üzrə infoturları müalicə turizminə istiqamətləndirmək niyyətindəyik. Çünki ölkəmizin mövcud potensialına görə müalicə turizmi də prioritet turizm növlərindən biridir. Naftalan nefti, palçıq vulkanları, termal su mənbələri buna geniş imkan yaradır. Biz də istəyirik ki, bu potensialı üzə çıxaraq və tanıtdıraq. Bunun üçün ilk növbədə sərmayədarların bu sahədə infrastruktur yaratmasına nail olmaq lazımdır. Eyni zamanda yerli turizm şirkətlərimizin də mövcud potensialı daha çox təşviq edib tanıtdırması vacibdir. Bu istiqamətdə artıq nazirlik tərəfindən ilkin addımlar da atılır. Martın 5-6-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Ata Turizm” şirkətinin təşkilatçılığı ilə nazirlik nümayəndələrinin, yerli turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin iştirakı ilə Naftalan rayonuna 50 nəfərlik heyətin iştirakı ilə infoturun keçirilməsi nəzərdə tutulur. İnfotur çərçivəsində turizm şirkətləri və media nümayəndələri iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eləcə də tarixi-mədəni abidələrlə tanış olacaqlar».
M.Qəhrəmanov qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrdə ölkəmizin müalicəvi turizm imkanlarının təbliğinə də xüsusi önəm verir: «Beynəlxalq sərgilərə müalicə turizmi ilə bağlı bukletlər aparılır və orada ziyarətçilərə paylanır. Eyni zamanda bu sərgilərdə iştirak edən turizm şirkətləri də ölkəmizdə bu turizm növünü reklam edən vasitələrdən istifadə edirlər. Hələlik isə daha çox Naftalan nefti reklam olunur. Termal suların ətrafında müasir standartlara uyğun infrastruktur yaradıldıqdan sonra onları da xarici bazara çıxarmaq mümkündür».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 4 mart.- S. 8.