Ustadlar ustadı Dirili Qurbani
Haqq aşığı
Sirlər, müəmmalarla dolu Azərbaycan aşıq ədəbiyyatının
ustadlarının - haqq aşıqlarının söz
dünyası, həyatı barədə ən maraqlı məqamları
qəzetimizin hər cümə sayında - “Haqq
aşığı” rubrikasında oxuculara təqdim etməyə
çalışacağıq.
Ehtimal olunur ki, “aşıq”
sözü ərəb dilindəki “eşq”, “aşiq”
sözündən yaranıb, vurulmaq, bənd olmaq, sevmək
deməkdir. Orta əsrlərdə aşıq sözü “Haqq
aşığı”, “Allah aşığı” mənasını
verməklə yanaşı, həm də titul kimi işlənir,
şifahi xalq yaradıcılığında və klassik ədəbiyyatda
da “aşıq” sözü yenə eyni mənanı
daşıyırdı. Türk dilində isə aşıq
sözü işıq mənasını verir. Övliya
Çələbi “eşq” və “aşiq” sözlərinin
türkcə “işıq” sözündən
yarandığını söyləyirdi. “İşıq” və
“aşiq” sözləri isə Allaha məhəbbətlə
yanan mənasını verir.
Aşıq sözü ilə
bağlı başqa bir ehtimal isə bundan ibarət idi ki,
ilkin orta əsrlərdən başlayaraq hər şeyi bilən,
hər sirrə vaqif olan bilici adamlara “şeyx”, və ya
“şıx” deyə müraciət edərlərmiş. XVI əsrdə
Şah İsmayıl Xətainin sarayındakı bilici ozanlara
hörmət əlaməti olaraq “a şıx” deyə
müraciət edilirmiş, bu da sonralar “aşıq” titulu kimi
söz dünyamızda yaşamaq hüququ qazanır.
Ehtimallar, yozumlar nə qədər
olsa da, aşıq sözü əsrlərdir ki, yol gəlir. Elə
bir zaman gəlib çatdı ki, ozanı aşıq, qopuzu
saz əvəz etdi. Bir yolun bitdiyi, bir yolun
başlandığı XVI yüzillikdə Dirili Qurbani haqq
yolunun - aşıq sənətinin, aşıq şeirinin ilk
yolçusu oldu.
Əzizim Diri dağı,
Duman, gəl, bürü
dağı.
Xudam bir körpü salıb,
Arxası Diri dağı.
500 ildən çoxdur ki, xalq ruhuna
yaxın olan Qurbani irsini, Qurbani izlərini sevə-sevə
yaddaşında yaşadır. 500 ildən çoxdur ki,
Qurbani haqqında rəvayətlər, əfsanələr
xalqın yaddaşında zaman-zaman cücərib boy atır.
Mirzəlixan oğlu Dirili Qurban XV əsrin
70-ci illərində, təqribən 1477-ci ildə Xudafərin
körpüsünün yaxınlığında, Cəbrayıl
rayonundakı Diri dağının döşündəki Diri
kəndində anadan olmuş, bu kənddə
böyümüş, sonralar şeirlərində dəfələrlə
doğma yurdunu xatırlatmışdı.
“İsmim Qurbanidir, kəndim
Diridir...”
- deyən el sənətkarı
başqa bir şeirində kimliyini belə ifadə edir:
“Dirili Qurbanın ərzi-halını
Yalvara-yalvara yara deyərsən”.
Şairin əsl adı Qurban
olmuş, Şah İsmayıl Xətai ilə
tanışlığa qədər “Dirili Qurbani” kimi
tanınsa da, saray mühitinə düşəndən sonra o
dövrün ənənəsinə görə şair Qurbani
təxəllüsünü qəbul etmişdir.
Nəzir-niyazla dünyaya gələn
Qurbaniyə 17 yaşında Mazannənə pirində buta
verilir. Gəncə xanının qızı Pəriyə
aşiq olan Qurbaninin həyatı büsbütün dəyişir.
Qurbaninin dərdi olub ziyada,
Allahı çağırram,
yetişər dada,
Bir gözəl seçmişəm
işıq dünyada,
O pəri salıbdı
çöllərə məni.
Aşıq Qurbani tezliklə həm
lirik şair, həm dastançı kimi xalq arasında tanınıb
sevilir. Üstündəki Tanrı nəzəri, fərqli
düşüncəsi və ilahi eşqi onu imtahana çəkir.
Ədəbiyyatımızın
solmayan “Bənövşə”si
İnsan və təbiət gözəlliklərinin
vəhdəti Qurbani yaradıcılığında bir-birini
tamamlayır. Bu baxımdan Qurbaninin “Bənövşə”
şeiri ədəbiyyatımıza yeni bir mövzu gətirdi.
Bənövşəyə yüzlərlə şeir həsr
olunsa da, heç bir şeirin ömrü Aşıq Qurbaninin
“Bənövşə”sinin ömrü qədər uzun və ətirli
olmadı.
Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşiq ağlın itirmiş,
Mələklərmi dərmiş, göydən
gətirmiş?
Heyf ki, dəriblər az bənövşəni.
Tarixi mənbələrə görə,
Aşıq Qurbani Şah İsmayıl Xətainin hakimiyyəti dövründə yaşamış,
1500-cü ildə gənc
Şah İsmayıl Xətai Xudafərin körpüsündən keçib
Şirvana yürüş
edərkən Qurbani onunla tanış olmuş və bu görüşü ömrü boyu unutmamışdır. Sonralar Qurbani
hökmdara yaxın olmuş, şeirlərində
onu vəsf etmişdi.
Bu dünyada bir haqq divan,
O dünyada cənnət-məkan.
Qoy var olsun, türki
zəban,
Şah Xətai, Şah
Xətai.
Səfəvi dünyagörüşünün
tərkib hissəsi olan türkçülük,
millətçilik duyğuları
Qurbani yaradıcılığında
qabarıq şəkildə
hiss olunur. 1535-1537-ci illərdə
Osmanlı qoşunlarının
Azərbaycana yürüşü
zamanı Qurbani yerli hakimin təhriki
ilə Türkiyəyə
aparılmış, Sultan Səlim
tərəfindən 11 ildən
artıq Qars qalasında qürbətdə
qalmış, Vətən
həsrəti ilə ağrılı-acılı günlər
yaşamışdı.
Ayrı düşdüm vətənimdən, elimdən.
Başı çənli, qarlı
dağlar qal indi.
İçən
ölməz dərdə
dərman suyundan,
Axar sular, tər
bulaqlar qal indi.
1548-ci ildə şah Təhmasibin ordusu Qarsı ələ keçirərkən, Qurbani
azad edilir. Vətənə dönən aşıq
Xətainin xatirəsinə
böyük kədər,
qüssə ilə dolu “Ola” rədifli
mərsiyə divanını
yazır.
Fələk, sənlə vuruşmağa
bir qabil meydan ola,
Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.
Getmiş idim mürşüdimə
dərdimə dəva
qıla,
Mən nə bilim, mən gəlincə xak ilə yeksan
ola.
Ustad aşıqlar belə güman edirlər ki, Qurbani Şah
İsmayıl Xətaiyə
- “Şah Xətai”, “Şahsevəni”, “Şahsarayı”,
“Baş divani”, “Heydəri”, “İbrahimi” və “Sultani” kimi yeddi saz
havası həsr etmişdi.
“Qurbani” dastanı
Qurbani irsini nəsillərdən
nəsillərə, yaddaşlardan
yaddaşlara ötürüb
yaşadanlardan biri də Aşıq Qurbaninin həyatından və yaradıcılığından
bəhs edən “Qurbani” dastanıdır.
Görkəmli folklorşünas Məhəmmədhüseyn Təhmasib
“Qurbani” dastanını
şərti olaraq Gəncə, Diri, Zəncan versiyalarına ayırmışdı. “Qurbani” dastanı xalqın çox sevdiyi məhəbbət dastanlarından biridir.
Qurbani der: Diriliyəm mən, diri,
Yolunda qoymuşam can ilə səri,
Axtardığım
yardı, şikarım
Pəri,
Mətləbimdi, Pəri üçün
gəlmişəm.
“Qurbani”
dastanında 61 qoşma
ustadnamədən, 8 gəraylıdan,
2 divani, 5 deyişmə
və bir müxəmməsdən istifadə
olunub.
Dirili Qurbani haqqında
gəzən rəvayətlər,
əfsanələr isə
bu gün də bitib-tükənmir.
Sevgilisi yolunda min-bir əzab-əziyyətə tuş
gələn, həyatı
qüssə-kədər içində
keçən Qurbanini
ov zamanı ilan çalır, sevgilisi Pərinin qolları arasında canını tapşırır.
Ayrılığa dözməyən Pərinin ürəyi partlayır. Başqa
bir rəvayətdə
isə Qurbanini ilan çalır, haraya gələn atasının qolları üstündə can verən
aşıq belə bir bayatı çağırır:
Vurdu bir talxa məni,
Şəms etdi xalxa məni,
Apar, qəbrim gendə qaz,
Göstərmə xalxa məni.
Qurbaninin günümüzə gəlib çatan şeirləri gəraylı,
qoşma, bayatı, divani, deyişmə, bayatı və qitələrdən ibarətdir.
Qoşmalar içərisində qıfılbənd-qoşmalar, təcnis
qoşmalar və 20 bəndlik cahannamə vardır.
Qurbanidi mənim adım,
Adəm atadı bünyadım,
Şeş
atdım, çahar oynadım,
Axır fələk uddu
məni.
Qurbaninin ən böyük
xidmətlərindən biri
isə ilk dəfə
aşıq şeirində
divani yazmasıdır.
O dövrdə divani
el şerinin qəzələ
qarşı duran ən mükəmməl forması idi və bu janrı
yaratmaqla Qurbani köhnə ənənəni
dağıdaraq, yeni bir cığır açdı.
Qurbani zaman-zaman tarixin
yaddaşına, xalqın
ruhuna hopdu. Hər il
bahar gəlib bənövşələr torpaqdan
baş qaldıranda, saz dil açıb
danışanda, “Ustadnamə”lər
oxunub ustadlar yada düşəndə Dirili Qurbaninin şeiriyyatı əvvəlcə
ruhumuzu, sonra yaddaşımızı, keçmişimizi
dirildir.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 4 mart.- S. 7.