Azərbaycan Bəstəkarlarının Antologiyasının təqdimatı keçirildi

 

   Ülviyyə Hacıbəyova: “Yüz illik musiqi irsimiz antologiyada öz əksini tapıb”

  

   Martın 2-də Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyovanın dahi Üzeyir bəyin xatirəsinə həsr olunmuş “Azərbaycan Bəstəkarlarının Antologiyası” layihəsinin təqdimat mərasimi və həmin mərasimə həsr olunmuş konsert proqramı keçirildi. Antologiya Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Azərsun” şirkətinin sponsorluğu ilə işıq üzü görüb.

  

  

   Əvvəlcə tanınmış skripkaçı, Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyeva layihə haqqında məlumat verdi. Bildirdi ki, antologiyada 100 il ərzində Azərbaycan musiqi sənətinə öz töhfələrini vermiş bəstəkarların əsərləri yer alıb. Layihəni Azərbaycanın mədəniyyət tarixində böyük hadisə kimi dəyərləndirən Zəhra Quliyeva onun ərsəyə gəlməsində Ülviyyə Hacıbəyovanın böyük əməyini qeyd etdi.

   Sonra müəllif çıxış edərək antologiya haqqında qısa məlumat verdi. Ülviyyə Hacıbəyova belə bir layihənin reallaşmasına verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.

   Çıxışlardan sonra konsert proqramı başlandı. Konsertdə Qara Qarayev, Arif Məlikov, Vasif Adıgözəlov və Mehriban Əhmədovanın əsərləri səsləndirildi.

    Tədbirdən sonra Ülviyyə Hacıbəyova ilə qısa söhbət etdik.

  

   - Ülviyyə xanım, necə oldu ki, belə bir layihə həyata keçirmək qərarına gəldiniz? Belə böyük işin öhdəsindən gəlmək çətin olmadı ki?

   - Azərbaycan bəstəkarları haqqında antologiya hazırlamaq, ifa olunmayan əsərləri üzə çıxarmaq mənim çoxdankı arzum idi. Çünki mənim həyat yoldaşım İsmayıl Hacıbəyov da bəstəkar olub. Ona görə də, bu toplunun yazılmasını özümə bir borc hesab etmişəm.

   Hələlik antologiyanın birinci hissəsi nəşr olunub. Antologiyanın birinci hissəsi 1 kitab və 15 diskdən ibarətdir. Azərbaycan bayrağının rənglərinə uyğun olaraq hər beş disk bir dəstdə toplanıb: göy, qırmızı, yaşıl. Antologiyanın ikinci hissəsi isə 7 kitab və üç diskdən ibarət olacaq. Son yüzillikdəki Azərbaycan bəstəkarlarından heç biri diqqətdən kənarda qalmayacaq.

   Toplunun hazırlanmasına üç ilə yaxın vaxt sərf olundu və bu həqiqətən çox ağır, böyük zəhmət tələb edən işdir. Antologiyanın kitab hissəsi də çox böyükdür. Artıq üç kitab nəşr edilib. Min səhifəlik, üç cildlik not yazıları da çapa hazırdır. Çox şadam ki, onun çapına da Mədəniyyət və Turizm Nazirliyi dəstək verir və onlar tezliklə işıq üzü görəcək.

   - Antologiyada bütün bəstəkarlarımızın yaradıcılığı əhatə olunubmu?

   - Üzeyir Hacıbəylidən başlayaraq müasir dövrdə laureat adını almış tələbə-bəstəkarlara kimi hamısının kamera instrumental musiqiləri topluda öz əksini tapıb. Klassiklərin əsərləri isə külliyyat şəklində toplanıb. Klassik bəstəkarların fortepiano əsərləri, vokal əsərləri də toplanıb. Yəni bir əsrlik musiqi irsimiz antologiyada öz əksini tapıb.

   - Siz həm pedaqoq, həm də yaradıcı insansınız. Hər iki işin öhdəsindən necə gələ bilirsiniz?

   - Əsas odur ki, işini sevəsən və nəyisə istəyəsən. İnsanda istəyin və arzunun olması yetərlidir ki, bütün işlərini başa çatdıra bilsin.

   - Siz həm də Hacıbəyovlar ailəsinin bir üzvüsünüz. Bu böyük musiqi irsini necə yaşadırsınız, ümumilikdə bəstəkarlarımızın musiqi irsinin qorunması və təbliği sahəsində görülən işləri necə qiymətləndirirsiniz?

   - Özüm haqqında onu deyə bilərəm ki, bacardığım işi görürəm. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın təklifi ilə arxivdən tapılmış əsərlərin hamısını redaktə etmişik. Onların arasında Qara Qarayev, Soltan Hacıbəyov, Niyazi, Cövdət Hacıyev, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli və başqalarının əsərləri var. Bu yaxınlarda Niyazinin ev-muzeyində mənimlə görüş keçirilmişdi və o görüşdə mənim əziz müəllimlərimin, Hacıbəyovların, valideynlərimin əsərlərini ifa etdim. Həm Hacıbəyovların, həm də özümə mənəvi müəllim hesab etdiyim Qara Qarayevin ruhunu yad etdik.

   Musiqi irsimizin qorunmasına gəlincə, bu işin təbliğinin daha yüksək səviyyədə aparılmasını istərdim. Özüm də bütün musiqiçiləri, musiqi sahəsində təhsil alan tələbələri buna çağırıram. Bildiyiniz kimi, xeyli vaxtdır ki, Dövlət Filarmoniyasında «Zamanla üz-üzə» layihəsi həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin bu layihəsinin davamı olaraq mən öz tərəfimdən əlimdən gələni edib bu antologiyanı hazırlayıram və musiqi irsimizin qorunmasına öz töhfəmi verməyə çalışıram.

   - Ülviyyə xanım, necə oldu ki, məhz piano ifaçılığı sənətini seçdiniz?

   - Bizim ailəmizdə valideynlərim musiqini çox sevirdi, bacılarım da musiqi ilə məşğul olurdu. Təbii olaraq mən də o yolla getmişəm. Biz üç bacıyıq, üçümüz də musiqi məktəbində təhsil almışıq. Hazırda paralel olaraq pedaqoji və elmi fəaliyyətlə məşğul oluram. Ümumiyyətlə, musiqi ilə bağlı 7 kitabım işıq üzü görüb.

   Mənim həyat yoldaşım İsmayıl Hacıbəyov çox xeyirxah, müdrik bir insan olub və Üzeyir bəyin həyat obrazı, onun məsləyi, arzularını həmişə xatırlayar, qeyd edərdi. Mən də həmişə çalışmışam ki, o ailəyə layiq olum. İstəmişəm ki, Üzeyir bəy bütün bəstəkarlığa, musiqimizə necə münasibət bəsləyibsə, necə xeyirxahlıq göstəribsə, mən də kiçik bir damla kimi öz töhfəmi verim. Atam Vaqif Vəliyev tanınmış filoloq olub, ali məktəblər üçün filologiya dərsliyi yazıb. Onların da yolunu davam etdirmək, öz ocağımıza layiq insan olmağa çalışmışam.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 4 mart.- S. 6.