Regional formatdan qlobal miqyasa

 

   Mədəniyyətlərarası Dialoq üzrə Bakı Forumu gələcəkdə bu istiqamətdə real nəticələrə söykənən bir platformanın formalaşdırılmasına əsas olacaq

     

   Bu il aprelin 7-9-da Bakı möhtəşəm beynəlxalq tədbirə - Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Əsası 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qoyulmuş mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi”nin davamı olaraq keçiriləcək bu tədbirdə dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlar təmsil olunacaq.

  

  Fevralın 27-28-də Parisdə, UNESCO-nun qərargahında Foruma hazırlıqla bağlı İşçi Qrupun yekun iclası keçirilib. İclasda Azərbaycan tərəfdən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Mədəniyyətlərarası Dialoq Forumunun koordinatoru, nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Eleonora Hüseynova, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov, ölkəmizin Fransadakı səfirliyinin müşaviri Zaur Əhmədov və digər əməkdaşları iştirak ediblər.

   Foruma hazırlıqla bağlı keçirilən görüşlər, əhatə olunacaq mövzu və tədbirlərlə bağlı suallarımızı Vasif Eyvazzadə cavablandırır.

  

   - Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı indiyədək nə işlər görülüb?

   - Forumunun keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir. İndiyədək İşçi Qrupun bir neçə görüşü olub. Bu görüşlər Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin bu işə cəlb olunan səfirlikləri ilə yanaşı, Avropa Şurası, BMT-nin Sivilizasiyalararası Alyansı, UNESCO, Avropa Şurasının Şimal və Cənub Mərkəzi, İSESCO ilə aparılır.

   2010-cu ilin may, sentyabr və dekabr aylarında İşçi Qrupun Fransanın Paris və Strasburq şəhərlərində üç görüşü keçirilib. Yekun görüş isə 2011-ci ilin fevralın 27-28-də oldu. Görüşlərdə əsas müzakirə olunan məsələ forumun proqramı, qəbul ediləcək sənədlər, format və digər bu kimi məsələlər idi. İclasda Azərbaycan tərəfinin nümayəndələri ilə yanaşı, UNESCO-nun sektor müdiri Katerina Stenu, Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer, BMT-nin Sivilizasiyalararası Alyansının müşaviri Jan-Kristov Bas, AŞ Şimali-Cənub Mərkəzinin direktoru Denis Huber və ekspert Robin Vilson iştirak etdi. Forumun proqramının təfərrüatlı tərtibatı, moderator, məruzəçi və panelistlərin müəyyən edilməsi, hər bir beynəlxalq təşkilatın, eləcə də Azərbaycan tərəfin məsul olduğu sessiyaların düzgün şəkildə təşkili və s. məsələlər əsas iclasda müzakirə olundu. Görüşdə həmçinin Forumun veb-saytı iştirakçılara təqdim edildi. Nazir müavini S.Məmmədəliyeva Azərbaycan tərəfindən tədbirin təşkili üçün görülən işlər, ölkəmizin mədəniyyətlərarası dialoqun inkişafı üçün göstərdiyi səylər, həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verdi.

   Adıçəkilən beynəlxalq təşkilatların nümayəndələri Forumun təşkili istiqamətində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirdiklərini və bununla bağlı lazımi dəstəyi göstərəcəklərini bildirdilər.

   Forumun təşkili üçün hər bir tərəfdaş üçün iş bölgüsü müəyyənləşib və hər bir tərəf müəyyən işləri öz üzərinə götürüb. Tədbirin beynəlxalq səviyyədə təbliği baxımından Mədəniyyət və Turizm Nazirliyi ilə “Euronews” telekanalı arasında müqavilə imzalanıb. Bu kanal Forumun çəkilişini aparacaq və bir həftə ərzində onu nümayiş etdirəcək. Təbii ki, biz bu mühüm tədbirə ev sahibliyi etməklə beynəlxalq qurumlar arasında əməkdaşlığa, həm Şimal və Cənub, həm də Şərqlə Qərbin kəsişməsində yerləşən bir ölkə olaraq mədəniyyətlərarası dialoqun inkişafı və təbliğinə öz töhfəmizi verməyə çalışırıq.

   Forum mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi” çərçivəsində təşkil edilib. “Bakı prosesi” 2008-ci ildə Bakıda keçirilən Avropa Şurası mədəniyyət nazirlərinin konfransında cənab prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Bu proses çərçivəsində 2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin konfransı, İslam və Avropa ölkələri arasında Dəyirmi Masa keçirildi. 2011-ci ildə isə məhz biz regional formatları artıq qlobal bir formata çeviririk. Yəni bu təşəbbüs artıq bütün dünyanı əhatə edəcək.

   - Regional formatın qlobal formata çevrilməsi həm də qlobal mövzulardan xəbər verir və bu baxımdan tədbirdə nəzərdə tutulan müzakirə mövzuları maraq doğurur.

   - Forumun proqramının ilkin variantını beynəlxalq qurumlarla birlikdə hazırlamışıq. Bütün sessiyalar üzrə bölgü aparılıb. Müzakirə mövzuları olduqca genişdir. «Müasir medianın mədəniyyətlərarası dialoqun təbliğində rolu”, «Dinlərarası dialoq», «Mədəniyyətlərarası dialoqun müasir iqtisadi inkişaf proseslərində rolu» və s. mövzular nəzərdə tutulub. Yəni bu mövzular təkcə Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət sahəsi ilə məhdudlaşmır. Digər dövlət qurumları da bu prosesə cəlb olunub. Yanvarın 18-də Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə Forumun təşkilinə dair tədbirlər planı təsdiqlənib. Bu plan çərçivəsində bütün dövlət qurumlarının öhdəlikləri və vəzifələri, səlahiyyətlərinin bölgüsü müəyyənləşib və hər biri bu istiqamətdə çalışır. Forumun sessiyaları ilə yanaşı, digər tədbirlər də keçiriləcək ki, buna da əlavə tədbirlər deyirik. Burada Avropa Şurasının «Mədəniyyətlərarası şəhərlər» layihəsi üzrə merlərin görüşü, Azərbaycan Milli Elmlər Akademiyasının təşkil etdiyi «Mədəniyyətlərarası dialoqun fəlsəfəsi» ilə bağlı xüsusi sessiya olacaq. Qeyd edək ki, bu forumdan dərhal sonra aprelin 9-10-da gənclərlə bağlı xüsusi tədbir keçiriləcək və həmin gənclərin iki gün öncə bizim forumda iştirakı təmin ediləcək.

   - Forumun adından bəllidir ki, iştirakçıların tərkibi də kifayət qədər geniş olacaq.

   - Tədbirdə 20-dən çox mədəniyyət nazirinin iştirakı gözlənilir. Bu nazirlərin iştirak coğrafiyası həm Asiya, həm Avropa, Amerika və Afrikanı əhatə edir. Mədəniyyət nazirləri ilə yanaşı tədbirdə UNESCO-nun baş katibi, İSESCO-nun baş direktoru, Avropa Şurasının baş direktoru, eyni zamanda Avropa Şurası Parlament Assambleyasının prezidenti və digər beynəlxalq qurumların, beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri iştirak edəcəklər.

   Forumun açılışı aprelin 7-də “Gülüstan” sarayında keçiriləcək. Bununla yanaşı, hər bir sessiya üzrə xüsusi müzakirə sənədləri olacaq. Çalışırıq ki, hər sessiyanın müzakirə sualları aydın olsun. İştirakçılar sessiyalar üzrə çıxışlarını həmin sualları cavablandıraraq qursunlar. İstəməzdik ki, bunlar adi çıxış mövzusunda olsun: kifayət qədər təhlilli, forumun proqramına və qaldırılmış məsələlərə uyğun olmalıdır. Forumun açılış mərasimi, birinci sessiya Azərbaycan hökuməti tərəfindən təşkil ediləcək. Burada «Gəlin, dünyanı bölüşdürməyək» mövzusu diqqətə alınacaq. Mədəniyyət, incəsənət və irslə bağlı sessiyanı Mədəniyyət və Turizm Nazirliyi ilə Avropa Şurası birgə keçirəcək. Dinlərarası mövzunu Avropa Şurası Şimal-Cənub Mərkəzi, «Müasir medianın mədəniyyətlərarası dialoqun təbliğində rolu», eyni zamanda «Mədəniyyətlərarası dialoqun müasir inkişaf prosesində rolu» ilə bağlı sessiyanı BMT-nin Sivilizasiyalararası Alyansı, «Qadınların mədəniyyətlərarası dialoqda rolu» sessiyasını isə UNESCO təşkil edəcək.

   Forumun rəsmi sessiyaları və tədbirləri ilə yanaşı tədbir çərçivəsində xüsusi mədəni proqram təşkil ediləcək və bu proqram da bilavasitə mədəniyyətlərarası dialoq mövzusuna həsr olunub. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriyanın Federal Təhsil, İncəsənət və Mədəniyyət Nazirlərinin birgə təşkilatçılığı ilə «Yəhudi, xristian və müsəlmanlar: mədəniyyətlərarası dialoq ən qədim yazılarda» adlı sərgi keçiriləcək. Bu sərgidə ən qədim əlyazmalar nümayiş etdiriləcək. Artıq Avstriya səfiri ilə bu istiqamətdə iş aparılır. Eyni zamanda tədbir çərçivəsində UNESCO, Avropa Şurası və Sivilizasiyalararası Alyansın birgə sərgisi təşkil olunacaq.

   Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətlərarası Dialoq mövzusu çərçivəsində milli foto müsabiqəsi elan edib. Bu müsabiqənin qalibləri də Forum günlərində müəyyənləşəcək. Biz bu layihəni beynəlxalq bir layihəyə çevirməyi və onu Forumda nümayiş etdirməyi planlaşdırırıq. Forum zamanı «Layihə və təşəbbüslərin təqdimatı» adlı tədbir də nəzərdə tutulub. Bu tədbir çərçivəsində Avropa Şurası, BMT-nin Sivilizasiyalararası Alyansı, UNESCO, Şimal-Cənub Mərkəzi və Azərbaycan tərəfi özlərinin layihə və təşəbbüslərini nümayiş etdirəcəklər. Bütün layihələr bilavasitə mədəniyyətlərarası dialoqun təbliğinə həsr olunub.

   - Forumdan gözlənilən nəticələrlə bağlı indidən nə demək olar?

   - Hər bir halda gözlənilən ən böyük nəticə ondan ibarətdir ki, bu mötəbər tədbirdə qəbul olunan sənədlər və hesabatlar bilavasitə Mədəniyyətlərarası Dialoq Forumunun gələcəkdə davamlılığını təmin edəcək, onu daha da inkişaf etdirməyə təkan verəcək və ölkəmizdə bu istiqamətdə real nəticələrə söykənən bir platforma formalaşdıracaq.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 4 mart.- S. 5.