Dövlət Teatr Muzeyinin veb-saytı təqdim olundu

 

   Martın 2-də Muzey Mərkəzində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin veb-saytının təqdimat mərasimi keçirildi. 3D texnologiyaları əsasında tərtib edilmiş sayt “Musiqi dünyası” jurnalının redaksiyası tərəfindən muzeyin fondunda qorunan materiallar əsasında hazırlanıb.

  

   Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Nuridə Nurullayeva saytın hazırlanmasını muzeyin həyatında əlamətdar hadisə kimi dəyərləndirdi. O, saytın hazırlanmasında əməyi keçən insanlara minnətdarlığını ifadə etdi.

   Mərasimdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzey sahəsi üzrə Azərbaycanda ilk dəfə olaraq 3D texnologiyası əsasında veb-saytın hazırlanmasını bu sahədə atılan mühüm addım adlandırdı. Nazir bildirdi ki, sayt Azərbaycan teatrını dünyada təbliğ etmək üçün çox gözəl vasitədir: “Bu portalın fəaliyyətə başlaması Azərbaycanın teatr sənətini, onun tarixini bütün dünyaya tanıtmağa imkan verir. Azərbaycanın zəngin mədəniyyəti var. Belə internet resursların yaradılması ilə biz həm mədəniyyətimizi təbliğ edə bilirik, həm də Azərbaycan həqiqətlərini bütün dünyaya tanıtmaq imkanı əldə edirik”.

   Azərbaycanda mədəniyyətin bütün sahələrində olduğu kimi muzey və teatr sahələrində böyük işlərin görüldüyünü deyən nazir bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini qeyd etdi: “Bu günlərdə biz Azərbaycanda ən güclü internet şəbəkələrinin, portallarının yaradıcılarını bir araya gətirdik. Məqsədimiz Azərbaycanda mədəniyyət sahəsində internet resurslarının bir sistemini yaratmaqdır. Bütün kitabxanalar və muzeylərin portalları bir sistemdə olacaq. Bu da qarşılıqlı məlumat alma imkanlarını daha da asanlaşdıracaq. Kitabxana və muzey sahəsini əhatə edəcək ayrı-ayrı saytlarda bu sahələr bütünlüklə əks olunacaq. İnternet istifadəçiləri virtual olaraq Azərbaycandakı bütün kitabxana və muzeylərlə tanış ola biləcəklər”.

   İştirakçıları saytla tanış edən “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov bildirdi ki, muzeyin ekspozisiyasında nümayiş etdirilən və fondlarda qorunan eksponatların bir qisminin elektron variantı hazırlanaraq sayta yerləşdirilib. Zallar üzrə üç dildə virtual tur təşkil olunub. Gələcəkdə saytın mütəmadi olaraq yeni materiallarla zənginləşdirilməsi nəzərdə tutulur. “Biz muzeyin kitabxana fondunda toplanmış kitabları, o cümlədən elmi məqalələri, resenziyaları da sayta əlavə etmişik. Burada materiallar ədəbi tənqid, musiqi, rəssamlıq, teatr tənqidi və bədii ədəbiyyat bölmələri üzrə yerləşdirilib. Saytın davamlı olaraq yeni materiallarla zənginləşdirilməsini planlaşdırırıq”.

   Tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur və başqaları mədəniyyətimizin geniş miqyasda təbliğinə imkan verən belə portalların yaradılmasını müsbət qiymətləndirdilər, bu cür layihələrin davamlı olaraq həyata keçirilməsini arzuladılar.

   Qeyd edək ki, layihə çərçivəsində XIX əsrin sonları - XX əsrin əvvəllərinə aid müxtəlif tamaşaların səhnələrini əks etdirən şüşə neqativlər təmizlənərək saytda nümayiş olunur. Muzeyin fonoteka şöbəsində qorunan nadir videoyazılar da saytda öz əksini tapır. Bu bölmədə sənət ustalarının səs yazılarını, onlar haqqında söylənilən xatirələri dinləmək, həm də bir sıra tamaşaları izləmək mümkündür.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 4 mart.- S. 4.