«Cəfər Cabbarlı
və Azərbaycan milli kinosu»
Yazıçı-dramaturqun
ev-muzeyində tədbir keçirildi
Azərbaycan
mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin
inkişafında müstəsna xidmətlər göstərmiş
Cəfər Cabbarlının ev-muzeyində böyük ədibin
milli kinomuza verdiyi töhfələrdən bəhs edən tədbir
keçirildi. Tədbir C.Cabbarlının ssenarisi əsasında
lentə alınmış “Almaz” filminin (1936) 75 illiyinə həsr
olunmuşdu.
«Cəfər Cabbarlı və Azərbaycan
kinosu» adlı tədbiri açan muzeyin baş elmi
işçisi Qəmər Bağırova C.Cabbarlının zəngin
yaradıcılıq yolu keçdiyini bildirdi: «O, zəngin və
hərtərəfli yaradıcılıq yolu keçərək
ədəbiyyatın həm şeir, həm dram, həm də
nəsr növlərindən bacarıqla istifadə edib. Cəfər
Cabbarlı eyni zamanda istedadlı jurnalist, tərcüməçi
və kino xadimi kimi də şöhrət qazanıb».
Kinoşünas Aydın Kazımzadə
C.Cabbarlının kino yaradıcılığından,
qadınları ictimai həyata cəlb etmək
üçün etdiyi cəhdlərindən
danışdı: «1928-ci ildə Bakı kino fabrikində Mirzə
Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə
«Hacı Qara» əsərinin motivləri əsasında film
çəkilir. Həmin filmin ssenarisini yazan Cabbarlı
«Hacı Qara» bədii filmi ilə Azərbaycanın ilk milli
kino ssenaristi kimi tanındı. 1929-cu ildə onun ssenarisi
üzrə «Sevil» filmi çəkilib. Bu film Azərbaycan
kinematoqrafçılarının qadın
hüquqsuzluğuna, qadın əsarətinə ilk etiraz səsi
idi. Göründüyü kimi, Cəfər Cabbarlı milli
kino sənətimizin inkişafında böyük xidmətləri
olan şəxsiyyətlərdəndir. Kinematoqrafiya tariximizin
“qızıl fondu”na «Sevil», «Almaz» kimi gözəl filmlər bəxş
edib».
Filologiya elmləri doktoru Vəli
Osmanlı C.Cabbarlının qaldırdığı problemlərin
müasir dövrdə belə yaşandığını
diqqətə çatdırdı: “Cəfər
Cabbarlını narahat edən məsələlər-cəmiyyətdə
azyaşlı qızların ərə verilməsi kimi hadisələrə
indi də rast gəlinir. Bu barədə dəfələrlə
fikir mübadilələri aparmışıq. Məktəblərdən
uzaqlaşdırılan, təhsil almayan uşaqlar bu gün də
az deyil».
Tədbirdə daha sonra Nizami rayon
Uşaq və Gənclər Yaradıcılıq Dərnəyinin
C.Cabbarlının satirik şeirlərindən hazırlanan
kompozisiyası təqdim olundu.
Gülər
Mədəniyyət.-
2011.- 4 mart.- S. 4.