2011-ci ilin “Xalq yaradıcılığı
paytaxtları” təqdim edildi
İl ərzində Şabran, Lənkəran və
İsmayıllıda çeşidli layihələr, rəngarəng
tədbirlər keçiriləcək
Martın
3-də Muzey Mərkəzində Mədəniyyət və
Turizm Nazirliyinin «Azərbaycanın xalq
yaradıcılığı paytaxtları» layihəsi çərçivəsində
2011-ci il üçün Şabran şəhərinin “Azərbaycanın
Əfsanələr Paytaxtı”, Lənkəran şəhərinin
“Azərbaycanın Folklor Paytaxtı” və İsmayıllı
şəhərinin “Azərbaycanın Sənətkarlıq
Paytaxtı” elan edilməsi ilə bağlı təqdimat mərasimi
keçirilib.
Təqdimat mərasimində
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev ötən ildən həyata
keçirilən bu layihənin əhali tərəfindən
böyük maraqla qarşılandığını dedi: «Bu
layihəni 2014-cü ilə qədər davam etdirəcəyik.
Bu müddətdə keçirilən tədbirlərin
miqyası da genişlənəcək, təcrübə də
toplanacaq».
Əbülfəs Qarayev bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Azərbaycanın qeyri-maddi mədəni irs sahəsinin (diyarşünaslıq, folklor və sənətkarlıq) mədəni-siyasi təminat mexanizmlərinin monitorinqi aparılıb. Keçirilmiş monitorinqin nəticələri əsasında Azərbaycanın qeyri-maddi mədəni irsinin dəstəklənməsi və hərtərəfli inkişafı üçün “2011-2020-ci illərdə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi hazırlanaraq baxılması üçün müvafiq qurumlara təqdim olunub: «Bu sahədə aparılan islahatların davamı olaraq, hazırda milli mənəviyyatın və mədəniyyətin inkişaf özəyini təşkil edən diyarşünaslıq, folklor və sənətkarlıq üzrə qeyri-maddi mədəni irs abidələrinin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması məqsədilə “Azərbaycan qeyri-maddi mədəni irs abidələrinin Dövlət Reyestri” tərtib edilir. Bu iş üç mərhələdə aparılacaq. Hazırkı mərhələdə qeyri-maddi mədəni irs abidələrinin siyahısı hazırlanır. İkinci mərhələdə bütün abidələr pasportlaşdırılacaq. Üçüncü mərhələdə isə abidələrin UNESCO standartlarına uyğun faylları hazırlanacaq».
Qeyri-maddi mədəni irsin
qorunmasına xüsusi diqqət ayrılır
Azərbaycan qeyri-maddi mədəni irsinin sistemli şəkildə inkişafı və təbliğini təşkil etmək məqsədilə “Azərbaycan qeyri-maddi mədəni irs subyektlərinin portfolio bankı” hazırlanır. Nazirin sözlərinə görə, yaradılacaq portfoliolarda sahənin subyektləri olan xalq kollektivləri, ifaçılar, xalq dekorativ-tətbiqi və təsviri sənəti ilə məşğul olan sənətkarlar, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, özəl qurumlar barədə məlumatlar əksini tapacaq».
Nazir “Azərbaycanın qeyri-maddi mədəni irsinin infrastruktur vahidlərinin Dövlət Kadastrı”nın yaradılması istiqamətində iş aparıldığını da tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, klub-park sistemində mərkəzləşdirilmə və profilləşdirilmə üzrə əsaslı islahatlar həyata keçiriləcək: «Bununla bağlı yerlərdə şəhər (rayon) mədəniyyət evləri əsasında mədəniyyət mərkəzləri və onların diyarşünaslıq, folklor və sənətkarlıq istiqamətli filiallarının, habelə mədəniyyət və istirahət parklarının əsasında etnoparkların yaradılması nəzərdə tutulur. Bütün bunlarla yanaşı, Azərbaycan qeyri-maddi mədəni irsinin beynəlxalq aləmdə təbliği, həmçinin ölkəyə gələn xarici turistlərin sayının artırılması məqsədilə “Muğam-tur, Aşıq-tur, Xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutları”nın təşkil edilməsi, habelə digər konseptual proqram və layihələr üzərində də müvafiq işlər görülür”.
Nazirlik mədəniyyət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə də sıx əməkdaşlıq edir, onların layihələrinə daim dəstək göstərilir: «Hazırda sənətkarlığın inkişafı, təbliği və təşviqi məqsədilə “Bakı şəhəri Qobustan, Maştağa, Əmircan və Yeni Suraxanı qəsəbələrində Azərbaycan xalq dekorativ-tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi” və “Bərdə şəhərində dekorativ sənət ənənələrinin təbliği və xalçaçılığın inkişafı” kimi pilot layihələr həyata keçirilir».
Ə.Qarayevin sözlərinə görə, dövlət tərəfindən Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına xüsusi diqqət ayrılır: «Lakin bütün görülən işlərə baxmayaraq, bu sahənin inkişafı üçün dəstəyimizi daim göstərməli və zəngin qeyri-maddi mədəni irsimizin təbliği və dünyada tanıdılması məqsədilə əlimizdən gələni əsirgəməməliyik. Bu gün biz böyük qürurla qeyd edirik ki, milli mədəniyyətimizin inciləri olan ulu muğamımız, aşıq sənətimiz, Novruz bayramı və xalçaçılıq sənətimiz UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilib. Dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva xalqımıza mədəni sərvətlərə yüksək dəyər verilməsinin əsl nümunəsini göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə el sənətinin inkişaf etdirilməsi, muğam sahəsində yeni istedadların üzə çıxarılması ilə bağlı gerçəkləşdirilən layihələr böyük rezonans doğurub».
Nazir qeyd etdi ki, bu sahədə həyata keçirilən layihələr sırasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının xüsusi yeri var: «Ötən il üçün elan edilmiş müsabiqənin qalibləri Gəncə, Şəki və Qazax şəhərləri idi. Proqramla əlaqədar 2011-ci il üzrə elan olunmuş müsabiqəyə əsasən, respublikanın şəhər və rayonları müxtəlif nominasiyalar üzrə namizədlik təkliflərini müvafiq Təşkilat Komitəsinə təqdim etmişdilər. 20-dən çox təklif təhlil edildikdən sonra namizədliyi irəli sürülmüş şəhərin nominasiya üzrə tarixi ənənələri, ümumi hazırlığı, müvafiq sahənin inkişafı, xalq yaradıcılığı subyektlərinin sayı, respublika və beynəlxalq tədbirlərdə iştirakı, mədəniyyət infrastrukturunun mövcud vəziyyəti, keçiriləcək tədbirlərin sayı, səviyyəsi və s. nəzərə alınmaqla, 2011-ci il üçün qədim Şabran şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”, folklor diyarı Lənkəran şəhəri “Azərbaycanın Folklor Paytaxtı” və sənətkarlar məskəni İsmayıllı şəhəri “Azərbaycanın Sənətkarlıq paytaxtı” elan olunub».
Çoxsaylı tədbirlər
keçiriləcək
Nazir bildirdi ki, məsələ ilə əlaqədar Şabran, Lənkəran və İsmayıllı şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulur: «Bu münasibətlə Şabran, Lənkəran və İsmayıllının bütün sakinlərini təbrik edirəm, əminəm ki, ilboyu keçiriləcək tədbirlər bu şəhərlərin və ümumilikdə Azərbaycan qeyri-maddi mədəni irsinin dünyada tanıdılmasında mühüm töhfə olacaq».
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun əməkdaşı Vüqar Məmmədov layihənin proqramını açıqladı və ötən il ərzində Qazax, Gəncə və Şəki şəhərlərində keçirilən tədbirlər barədə məlumat verdi.
Sonra Şabran, Lənkəran və İsmayıllı rayonlarının icra hakimiyyətlərinin nümayəndələri çıxış etdilər. Qeyd olundu ki, bu layihə Azərbaycanın çoxəsrlik mədəniyyətinin, qeyri-maddi mədəni irs nümunələrinin, sənətkarlığının, tarixinin qorunmasına xidmət edir.
Tədbirin sonunda 2010-cu ildə Azərbaycanın müxtəlif istiqamətlər üzrə mədəniyyət paytaxtı olmuş Qazax, Gəncə və Şəkinin mədəniyyət və turizm şöbələrinin müdirləri 2010-cu il üçün təsdiq olunmuş illik tədbirlər planının icrasında göstərdikləri fəaliyyətə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanla təltif olundular. Şabran, Lənkəran və İsmayıllının icra hakimiyyəti müavinlərinə və mədəniyyət və turizm şöbələrinin müdirlərinə isə bu şəhərlərin 2011-ci ildə “Yaradıcılıq paytaxtları” elan olunmaları münasibətilə nazirliyin fəxri diplomu və kuboklar təqdim olundu.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 4 mart.- S. 3.