Azərbaycan mədəniyyətlərarası dialoqun ən
fəal iştirakçısıdır
Azərbaycan hökumətinin təşəbbüsü
ilə Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası
Dialoq Forumu son illər Mədəniyyətlər
İttifaqı təşəbbüsünün İspaniya ilə
həmsədri olan Türkiyədə də böyük maraq
doğurub.
Bu barədə UNESSO-nun Türkiyə
Milli Komissiyasının Mədəniyyətlər
İttifaqı Komitəsinin sədri, professor Məhmət
Kalpakçı bildirib. O vurğulayıb ki, mədəniyyətlərarası
dialoqda fəal iştirak edən və Avropa Şurası ilə
UNESCO arasında mədəniyyətlər ittifaqı
haqqında sazişə hökumət səviyyəsində
imza atmış, bütün dünyada müasir, dini
tolerantlığı yüksək səviyyədə olan
ölkə kimi tanınan Azərbaycanda bu cür mötəbər
tədbirin keçirilməsi təsadüfi deyil.
Məhmət
Kalpakçının sözlərinə görə, UNESCO, BMT-nin
Sivilizasiyalar Alyansı, İSESCO və Avropa
Şurasının ən yüksək səviyyədə
qatılacağı bu forumda UNESCO-nun Türkiyə Milli
Komissiyasının Mədəniyyətlər İttifaqı
Komitəsi də konkret layihələr təqdim edə bilər:
“Mədəniyyətlər və dinlərarası dialoq konkret
layihələrlə dəstəklənməlidir. Türkiyənin
Qafqaz və Balkanda mədəniyyət turizminin
inkişafı, xüsusilə ortaq qədim musiqi alətlərinə
dair Azərbaycan ilə birgə xüsusi tanıtma proqramı
hazırlanıb. Qədim “İpək yolu”nun bərpası da
sivilizasiyalararası dialoqun mühüm bir hissəsidir”.
Avropa və Asiya
sivilizasiyalarının qovuşduğu mühüm şəhər
olan Bakıda bu cür vacib tədbirin keçirilməsini əlamətdar
hadisə adlandıran M.Kalpakçı belə təşəbbüslərin
dini radikalizmin qarşısının alınması, din,
vicdan və ifadə azadlığının təmin
olunması sahələrində beynəlxalq əməkdaşlığa
töhfə verəcəyini vurğulayıb. Bakı forumu
BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının
keçən il Lissabonda keçirdikləri forumun davamı
olacaq.
Mədəniyyət.-
2011.- 4 mart.- S. 2.