Xanımların əl işlərinin sərgisi keçirildi
Sərgiyə gələnlər
«Xına gecəsi»ndə iştirak ediblər
Beynəlxalq Qadınlar Günü
və Novruz bayramı münasibətilə martın 3-də
Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində
əl işləri sərgisi açıldı. Tədbirdə
ilk sözdə kompleksin direktoru Şəhla Xudiyeva
çıxış edərək, layihənin məqsədini
açıqladı: «Sərginin keçirilməsində məqsəd
milli dəyərlərin saxlanılması və qorunması,
istedadlı insanları tapıb tanıtmaqdır”.
Universitetin rektoru Səməd Seyidov
isə xanımların əl işlərindən
danışdı: «Bizim xanımların əlləri
qızıldır. Bu il artıq 8 Mart bayramının 100
illiyidir. Bayram qocalır, amma xanımlar heç vaxt
qocalmır».
Çıxışlardan sonra isə sərgiyə baxış keçirildi. Sərgidə müxtəlif yaş qruplarını əhatə edən xanımların biçmə, toxuma-tikmə, rəsm, karikatura, dizayner Xanım Məmmədovanın Azərbaycanın müxtəlif regionlarının özünəməxsusluğunu nəzərə alaraq hazırladığı milli geyimlər, xalçaçılıq sənətini nümayiş etdirən əsərlər, yağlı boya ilə çəkilmiş rəsm əsərləri, milli üslubla bəzədilmiş gəlinciklər, pannolar, təbii güllərdən hazırlanan kompozisiyalar, muncuq və qiyməli daş-qaşlarla hazırlanmış qadın bəzək əşyaları məmulatlarından ibarət 500-dən yuxarı əl işi nümayiş olundu. Sərgi iştirakçılarına ilk dəfə olaraq yalnız kağız məmulatlarından hazırlanan əl işləri də təqdim olundu. Daha sonra isə səpgiyə gələnlər universitetin Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə tələbələr tərəfindən hazırlanan «Xına gecəsi» adlı kompozisiyanı izlədilər.
Xatırladaq ki, əl işləri sərgisi son iki ildə sayda 4-cü dəfədir ki, keçirilir. İlk belə sərgi 2009-cu ilin martında reallaşıb.
Gülər
Mədəniyyət.-
2011.- 4 mart.- S. 2.