Mədəniyyətşünaslıq: tədris və təbliğat

 

   Mədəniyyət bəşər tarixinin ən qədim qatlarından başlayaraq müxtəlif adət-ənənələr, ayin və mərasimlər, əsrlərlə təkmilləşən xalq sənətkarlığı, insan əlinin və bədii təxəyyülünün yaratdığı nümunələrlə bu günümüzə gəlib çıxıb. İnsanlarda ta qədimdən maddi tələbatla yanaşı, mədəni, mənəvi tələbat da olub. Bu ehtiyac onların öz kədərlərini, sevinclərini ifadə etmək zərurətindən irəli gəlirdi. Nəğmələr, rəqslər, bütövlükdə folklor nümunələri belə yarandı.

  

   Qobustandakı daş abidələrə tamaşa edən zaman ilk insanların ov səhnələrini, onların təxəyyülündən süzülüb gələn müxtəlif həndəsi fiqurları özündə əks etdirən piktoqrafik (şəkillər vasitəsilə ifadə olunan qədim yazı nümunələri) rəsmləri seyr etdikcə bütün bunlara heyran qalırsan. İbtidai insanlar minilliklər öncə ilk mədəniyyət nümunələrini daş kitabələrə yazmasaydılar, biz bu gün həmin mədəni sərvətləri öyrənməkdən məhrum olardıq.

   Tarixə etdiyimiz qısa ekskursdan sonra qeyd etmək istəyirəm ki, mədəniyyət daima öyrənilməyə, tədqiq olunmağa ehtiyacı olan bir sahədir. Azərbaycan mədəniyyəti dünya xalqlarının mədəniyyətləri sırasında özünəməxsus yer tutur. Musiqi, teatr, rəssamlıq, memarlıq və başqa sahələrdə qazandığımız nailiyyətlər bizi dünyanın hər yerində tanıdıb. Mədəniyyət sahəsində uğurlarımız imkan verib ki, hər zaman biz azərbaycanlıyıq, deyə fəxr edək.

   Mədəniyyət tarixi, mədəniyyətin əsasları uşaq və yeniyetmələrə kiçik yaşlarından öyrədilməlidir. Təbii ki, bu işdə məktəblərlə yanaşı, uşaq yaradıcılıq mərkəzlərinin, müxtəlif dərnəklərin önəmli rolu var. Amma yenə əsas iş orta məktəblərin üzərinə düşür. Çünki uşaq yaradıcılıq mərkəzlərinə, dərnəklərə xüsusi istedadı olan uşaqlar cəlb olunur, onlar sənətin ilk sirlərini öyrənirlər. Mədəniyyətin, incəsənətin müxtəlif sahələrinin təhsil müəssisələrində ümumi şəkildə tədris edilməsi isə kütləvi təhsillə bağlıdır.

   Bu gün məktəblərdə keçirilən nəğmə, yaxud rəsm dərslərindən başqa, uşaq və yeniyetmələrin mədəniyyətin digər sahələrindən də geniş məlumatı olması vacibdir. Düzdür, tarix, ədəbiyyat, həyat bilgisi və s. fənlərdə uşaqlara mədəniyyətlə bağlı məlumatlar verilir. Bununla yanaşı, milli mədəniyyətimizin və dünya xalqları mədəniyyətinin nümunələrinin sistemli şəkildə öyrədilməsi, yetişməkdə olan gənc nəslin həyata, tarixə, müxtəlif mədəniyyətlərə olan müsbət münasibətlərində əsaslı dönüş olardı. Bu gün mobil telefonlar və internet vasitəsilə yayılan zərərli təbliğat və təşviqat materialları, təəssüf ki, uşaqların mədəni və mənəvi tərbiyəsinə də mənfi təsir göstərir. Bu baxımdan təhsil müəssisələrində “mədəniyyətin əsasları”, yaxud “mədəniyyətşünaslıq” fənninin tədrisi böyük önəm kəsb edər.

   Məktəblərdə keçirilən nəğmə dərsləri zamanı görkəmli Azərbaycan bəstəkarlarının, təsviri incəsənət dərslərində tanınmış fırça ustalarımızın və başqa incəsənət xadimlərinin yaradıcılıqlarına həsr edilmiş silsilə dərs saatları keçirilərsə, bu şagirdlərin intellektual səviyyəsinin inkişafına da müsbət təsir göstərər.

   Əlbəttə, bunun üçün bacarıqlı, ixtisaslı müəllimlər də lazımdır. Bu problemlər həll edilərsə, onda mədəniyyət və musiqi təhsili verən ali və orta ixtisas məktəblərini bitirmiş tələbələr həm işlə təmin olunarlar, həm də onların tədris etdikləri keyfiyyətli dərslərin sayəsində cəmiyyətimizdə baş verən müsbət mədəni irəliləyişlər sürətlənmiş olar. Uşaqlar mədəniyyət və incəsənətin müxtəlif janrlarından müəyyən qədər xəbərdar olmaqla onların spesifik xüsusiyyətlərini bir-birindən fərqləndirməyi bacarsalar çox yaxşı olar. Bu xüsusda sinkretik və sintetik janrları, texniki mədəniyyət növlərini qeyd etmək olar. Sinkretik janrlara aşağıdakılar aiddir: nağıllar, rəvayətlər, atalar sözləri, dastanlar, zərbi-məsəllər, bayatılar, ana laylaları, rəqslər, aşıq musiqisi, klassik muğamlar, qədim el nəğmələri (mahnılar), qədim xalq oyunları və s. Ümumilikdə bu janra bütün folklor nümunələri aid edilir. Sintetik janrlar: teatr, sirk, balet, estrada musiqisi, caz musiqisi, simfonik musiqi, opera sənəti, rəssamlıq və s. Texniki mədəniyyət janrları: kino, televiziya, radio və s. Əlbəttə, qeyd olunan janr müxtəlifliyindən nə qədər danışsaq da, bu mədəniyyət haqqında tam təsəvvür yarada bilməz, bunun üçün sistemli tədris zəruridir.

   Bu gün belə hallarla da rastlaşırıq ki, mədəniyyət və incəsənət məktəblərini bitirmiş bəzi məzunlar əsl sənət arxasınca yox, müxtəlif məqsədlər naminə bayağı radio və televiziya verilişlərinə can atırlar. Bu cür verilişlər yetişməkdə olan nəslin mədəni tərbiyəsinə də pis təsir edir. Bu baxımdan mədəniyyətin tədrisinin orta məktəblərdə aşağı siniflərdən başlayaraq təhsil prosesini əhatə etməsi xüsusi önəm kəsb edər. Qloballaşan dünyada, mədəniyyətlərin assimilyasiyaya uğradığı bir zamanda mədəniyyətimizin qorunması, inkişaf etdirilməsi, təbliği milli məsələdir.

  

 

   Mahir Əbilov,

   Sabirabad rayon Mədəniyyət

   və Turizm Şöbəsi Güdəcühür kənd

   mədəniyyət evinin direktoru

 

   Mədəniyyət.- 2011.- 11 mart.- S. 15.