Azərbaycan
Dövlət Teatr Muzeyi: tarix və bu
gün
Mətbuatda
da xəbər verildiyi kimi, Cəfər Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyinin yeni saytı hazırlanıb. Sayt
«Musiqi dünyası» jurnalının redaksiyası tərəfindən
ərsəyə gətirilib. Bu günlərdə Muzey Mərkəzində
saytın təqdimatı keçirildi. Bu əlamətdar hadisə
muzeyin fonduna və ekspozisiyasına bələd olan, tarixini
araşdıran şəxs kimi mənim də yaddaşımda
bəzi məqamlar canlandırdı...
Azərbaycanda teatr muzeyinin təşkili
1927-ci ilə təsadüf edir. Muzeyin yaradıcısı
teatr tariximizin öyrənilməsində və təbliğində
böyük əmək sərf etmiş Ağakərim Şərifov
olmuşdur.
1927-ci ildə teatr işçilərinin
respublika müşavirəsində belə bir muzeyin
yaradılması barədə məsələ
qaldırılmış və elə həmin ildə Azərbaycan
Dövlət Dram Teatrının binasında belə bir muzey təşkil
olunmuşdur. Əslində bu, teatr tarixinə aid sərgi və
gələcək muzeyin təməli idi. Şahidlərin
xatırladığına görə, sərginin
açılış lentini kəsən böyük ədiblərimiz
- Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy
Haqverdiyev belə demişlər: "Yaşasın Azərbaycan
teatrı!"
Məhz həmin gündən bu
muzey teatr tarixinə və teatr xadimlərinə aid
yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm
əsərlərini, müxtəlif sənədləri toplayan
və qoruyan məbədə çevrilmişdir.
Sərgi tez bir zamanda o vaxtlar fəaliyyət
göstərən Azərbaycan Dövlət Muzeyinin teatr
şöbəsi kimi rəsmiləşdirilir. Nəhayət,
1934-cü ildə Azərbaycan Dövlət Muzeyinin müvafiq
şöbəsinin bazasında Azərbaycan Dövlət Teatr
Muzeyi yaradılır və Ağakərim Şərifov muzeyin
direktoru təyin edilir.
1934-cü il noyabrın 24-də
muzeyin təntənəli açılış mərasimi
keçirilir. Mərasimdə o dövrün görkəmli sənət
xadimləri - Bülbül, Şövkət Məmmədova,
Hüseynqulu Sarabski, Aleksandr Tuqanov, Ülvi Rəcəb,
İsmayıl Hidayətzadə və başqaları
iştirak edirlər. Bu hadisə barədə "Pravda" qəzetinin
21 dekabr 1934-cü il tarixli sayında məlumat verilir.
1935-ci ildə muzeyə
böyük Azərbaycan dramaturqu Cəfər
Cabbarlının adı verilir.
Bir şeyi də çox təəssüflə
qeyd etmək lazım gəlir ki, muzey sonrakı illərdə
bağlanmış, yenidən təşkil olunmuş, dəfələrlə
müxtəlif yerlərə, hətta muzey üçün
yararsız məkanlara
köçürülmüşdür.
Qarşımda bir arayış var.
Uzun illər Azərbaycan Dövlət Teatr Muzeyinə rəhbərlik
etmiş mərhum Turan xanım Cavidin imzaladığı bu
arayışı "Teatr muzeyinin köçürülmə
tarixi" də adlandırmaq olar.
Buradan məlum olur ki, muzey
1940-cı ildə indiki Y.Məmmədəliyev küçəsində
yerləşən Kənd Təsərrüfatı Muzeyinin
binasına köçürülmüş, elə həmin
ilin iyul ayında öz ünvanını yenidən dəyişməli
olmuşdur. Muzey bu dəfə İncəsənət
İşləri İdarəsinin binasının I mərtəbəsində
və zirzəmisində yerləşdirilmişdir. Normal şəraitin
olmadığı həmin yerdə fədakar muzey
işçiləri yeni ekspozisiya yarada bilmişlər. Lakin
muzey burada da bənd almamışdır. 1941-ci ilin iyulunda
indiki Nizami adına Ədəbiyyat Muzeyinin binasının I mərtəbəsində
iki otağa köçürülmüşdür. Həmin
ilin dekabrında muzeyə bu binanın II mərtəbəsində
beş ekspozisiya zalı ayrılmış və burada
ekspozisiya yaradılmışdır.
1945-ci ilin sonlarında Nizami
adına Azərbaycan Ədəbiyyatı Muzeyinin
açılışa hazırlanması ilə əlaqədar
Teatr Muzeyi yenidən öz ünvanını dəyişməli
olmuş, bu dəfə İncəsənət İşləri
İdarəsinin indiki T.Əliyarbəyov küçəsindəki
binasına köçürülmüşdür. 1953-cü
ildə həmin bina Mülki Müdafiə Qərargahına
verilir və buna görə də Teatr Muzeyi yenidən Nizami
adına Azərbaycan Ədəbiyyatı Muzeyində yerləşdirilir.
Burada muzey üçün ayrılmış otaqlar isə əşyaların
normal mühafizəsi, habelə ekspozisiya yaradılması
üçün əlverişli olmamışdır.
1963-cü ildə isə Azərbaycan
Dövlət Teatr Muzeyi ləğv edilir və Nizami adına
Azərbaycan Ədəbiyyatı Muzeyinin Teatr və dramaturgiya
şöbəsinə çevrilir.
Respublika hökuməti 1968-ci ildə
həmin şöbənin bazasında "C.Cabbarlı
adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkili
haqqında" qərar qəbul edir. Nizami adına Azərbaycan
Ədəbiyyatı Muzeyinin binasının IV mərtəbəsindəki
otaqlar yeni yaradılmış muzeyə verilir. Bu otaqlarda
yalnız muzeyin fond əşyalarını və əməkdaşlarını
yerləşdirmək mümkün oldu. Azərbaycan Dövlət
Teatr Muzeyinin tarixində ən əlamətdar
köçürülmə 1991-ci ildə baş verdi. Azərbaycanda
muzey məqsədilə tikilmiş ilk və yeganə bina -
keçmiş V.İ.Lenin Mərkəzi Muzeyin Bakı
filialının binası Mədəniyyət Nazirliyinə
verildikdən sonra burada "Muzey Mərkəzi"
yaradıldı, Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyi və Azərbaycan İstiqlal
Muzeyi ilə yanaşı, Dövlət Teatr Muzeyi də bu
binada yerləşdirildi. Beləliklə, Azərbaycan
teatrının tarixini əks etdirən zəngin ekspozisiya
yaradıldı.
* * *
İndi isə bu muzeylə
bağlı bəzi məqamları yada salaq.
1937-1938-ci illərin acı yelləri
teatr xadimlərinin, habelə Dövlət Teatr Muzeyinin
üstündən də əsib, milli teatrımızın
inkişafına ağır zərbə vurub. Həmin illərdə
bir sıra teatr xadimləri repressiyaya məruz qalırlar.
Bunların arasında Dövlət Teatr Muzeyinin direktoru
Ağakərim Şərifovun qohumları da vardı. Bir qədər
sonra Ağakərim Şərifovu işdən azad edirlər.
Məhz həmin illərdə
muzeyin elmi işçisi Afərin Məmmədbəyova öz
həyatını təhlükəyə qoyaraq repressiya qurbanlarının
muzeydəki əşyalarını gizlətmiş, ələ
keçməkdən qorumuş və beləliklə həmin
sənədlər bu günümüzə gəlib
çatmışdır.
Muzey 1960-cı illərin əvvəllərində
də təzyiq və tənqidlərə məruz
qalmışdır. "İzvestiya" qəzetinin 1 oktyabr
1963-cü il tarixli sayında mərkəzi orqanlarda məsul vəzifə
daşıyan şəxsin imzası ilə
"Mürgülü vəziyyətdə" sərlövhəli
yazı dərc edilmişdi. Burada keçmiş SSRİ-də
muzey işində mövcud problemlər
araşdırılır, tənqidi münasibət bildirilirdi.
Azərbaycan Dövlət Teatr Muzeyinin ləğv edilməsi də
həmin vaxtlara təsadüf etmişdir. Bu təsadüfdürmü?
"İzvestiya"nın 22 noyabr
1963-cü il tarixli sayında dərc edilmiş "Belə
muzeylər lazım deyil" sərlövhəli yazıya nəzər
yetirək. Yazının Azərbaycana həsr olunmuş hissəsində
oxuyuruq: "Azərbaycan Teatr Muzeyi, əgər bu sözü
düzgün izah etsək, heç vaxt sənət məbədi
olmamışdır. Əslində bu muzeyin mövcudluğuna
ehtiyac da olmayıb. Axı Bakıda Azərbaycan Tarixi Muzeyi,
Nizami adına Ədəbiyyat Muzeyi və bu muzeylərdə mədəniyyət
şöbələri vardır. Azərbaycan teatrı tarixində
maraq doğuran nə varsa, onları burada nümayiş etdirmək
mümkündür. Buradakı kitablara gəldikdə isə,
nə üçün onlar Kütləvi Kitabxananın və
ya Teatr İnstitutunun kitabxanasının incəsənət
şöbəsinə verilməsin?".
Yazının müəllifləri
öz mülahizələrini bu cür əsaslandırırlar:
"Bu muzeyin işçiləri - direktoru və üç əməkdaşı
faktiki olaraq kitabxanaçı vəzifəsini yerinə
yetirirdilər. Muzeyin həmçinin fotoqrafı, rəssamı,
mühasibi, təsərrüfat müdiri, mühafizəçisi,
xadiməsi var idi".
Müəlliflər daha sonra
yazırlar: "Bu yaxınlarda (1963-cü il nəzərdə
tutulur - A.B.) respublika Mədəniyyət Nazirliyi bu işi
qaydasına salmaq qərarına gəldi. Həmin muzey Ədəbiyyat
Muzeyinin Teatr sənəti şöbəsi hüququnda
saxlanıldı. Nə dəyişdi ki? İndi direktor
şöbə müdiri adlanır. İki elmi əməkdaşdan
başqa, nəyə lazım olduğu bilinməyən ikinci
bir ştat - laborant ştatı əlavə edildi. Rəssam
ştatı da saxlanıldı".
Göründüyü kimi, Azərbaycan
teatrı tarixini özündə əks etdirən muzeyin ləğv
olunaraq başqa bir muzeyin şöbəsinə çevrilməsi,
bir neçə ştatın saxlanılması yazı müəlliflərini
qane etmir. Belə çıxır ki, Azərbaycan teatr tarixinə
aid materiallar ümumiyyətlə saxlanılmamalı və təbliğ
olunmamalıdır. Buna görə də elmi işçi,
fotoqraf və rəssam ştatlarına da ehtiyac yoxdur. Məqalə
müəlliflərinin tələbi budur: "Boş muzey
salonlarının dövlət vəsaitini necə
udduqlarına, onların əməkdaşlarının isə
yalnız qədim əşyaları qoruyub saxlayanların rolu
ilə kifayətləndiklərinə kənar müşahidəçi
kimi sakitcə dayanıb baxmaq olmaz".
* * *
Bütün bunlara baxmayaraq muzeyin
müxtəlif nəsillərdən olan əməkdaşları
Ağakərim Şərifovun başlamış olduğu bu
xeyirxah işi hətta ən çətin vəziyyətlərdə
belə ləyaqətlə davam etdirdilər. Artıq
dünyalarını dəyişmiş Sabit Rəhman, Afərin
Məmmədbəyova, Sona Cabbarlı, Ayişə Qasımova,
Turan Cavid, habelə muzeyin indiki direktoru Nuridə Nurullayeva əsl
fədakarlıq nümunəsi göstərmişlər. Məhz
bunun nəticəsidir ki, C.Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyi bu gün respublikamızın zəngin
və qabaqcıl mədəniyyət ocaqlarından birinə
çevrilmiş, burada 130 minədək əşya
toplanmışdır.
İndi bu zəngin sərvətlə
dünyanın müxtəlif guşələrində
tanış ola biləcəklər.
Bu, hamı kimi, məni də sevindirir...
Adilxan
Bayramov,
Mədəniyyətşünaslıq
üzrə
Elmi-Metodiki Mərkəzin direktor
müavini, filologiya elmləri doktoru
Mədəniyyət.-
2011.- 11 mart.- S. 13.