Ağadadaş
Qurbanov
Unudulmaz sənətkarlar
Azərbaycanın
görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağadadaş
Qurban oğlu Qurbanov olub. O, 1911-ci il martın 8-də Bakıda
anadan olub. Misilsiz aktyorluq istedadı ilə dərin məzmunlu,
unudulmaz surətlər yaradaraq tamaşaçıların qəlbinə
yol tapıb. O zəngin və mənalı
yaradıcılıq yolu keçib. 53 illik ömrünün,
demək olar ki, 40 ilini sənətə, teatra həsr edib.
Hələ yeniyetmə ikən dram
dərnəkləri təşkil edib, orada bir çox rollar
oynayıb. 1925-ci ildə H.A.Abbasovun "Sabirin məhkəməsi"
adlı tamaşasında Sabirin oğlu rolunu çox gözəl
ifa edib. 1927-ci ildə Bakıda uşaqlardan ibarət dram dəstəsi
təşkil olunur və Lətif Kərimlinin
"Fırtına" adlı pyesi tamaşaya qoyulur. 16
yaşlı Ağadadaş tamaşanın quruluşçu rejissorluğunu
üzərinə götürür. Onun tamaşadakı rolu
isə hamını valeh edir.
1928-ci ildə A.Qurbanovun
yaradıcılıq taleyi Bakıda yaradılan “Fəhlə
Uşaqları Teatrı”na (sonralar Gənc
Tamaşaçılar Teatrı adlandırılır)
bağlanır və bu teatrın təməl
daşını qoyan ilk sənətkarlardan biri olur. Sənətkar
Gənc Tamaşaçılar teatrının səhnəsində
50-dək rol oynayıb. O, C.Cabbarlının "Aydın"
əsərində Aydın, F.Şillerin "Qaçaqlar"
əsərində Karl Mor, N.V.Qoqolun "Müfəttiş"
əsərində Xlestakov, M.F.Axundovun "Molla İbrahim Xəlil
kimyagər" əsərində Molla İbrahim Xəlil
kimyagər, N.B.Vəzirovun "Hacı Qəmbər" əsərində
Hacı Qəmbər və s. yaddaqalan obrazlar yaradıb,
oynadığı tamaşalar teatrın qızıl fonduna
daxil edilib.
Gənc Tamaşaçılar
Teatrında şöhrət qazanan A.Qurbanov 1952-ci ildə
Dövlət Akademik Dram Teatrına dəvət alır. Bu
teatrda da o, tamaşaçılar tərəfindən daim sevilən,
alqışlanan sənətkarlardan biri olub. Teatrın səhnəsində
L.Vaqanın "Sevilya ulduzu" əsərində Sanço,
V.Şekspirin "Otello" əsərində Otello, H.Cavidin
"Şeyx Sənan" əsərində Şeyx Sənan,
"Səyavuş" əsərində Səyavuş,
"İblis"də İblis, C.Cabbarlının
"Almas" əsərində Mirzə Səməndər,
"Od gəlini" əsərində Əbu Übeyd,
"Dönüş" əsərində Ötgün, R.Əlizadənin
"Qış nağılı" əsərində
Kamillo, M.F.Axundovun "Hacı Qara" əsərində
Hacı Qara, S.Rəhmanın "Toy" əsərində Dəmirçi
Musa, S.Vurğunun "Vaqif" əsərində Vaqif və
s. rəngarəng, mürəkkəb və müxtəlif
parlaq rollar ifa edib.
Xalq artisti Ələsgər Ələkbərovdan
sonra hər bir sənətkar Vaqif kimi dərin məzmunlu,
poetik və mürəkkəb bir rolun ifasını boynuna
götürməyə can atmazdı. Lakin A.Qurbanov bu çətin
və məsuliyyətli rolun ifasından ustalıqla gəlməyi
bacardı. O, Vaqifin böyük şair, müdrik dövlət
xadimi surətini dərin bir inam və səmimiyyətlə
yaratmışdı.
Şeyx Sənan surəti də
onun yaradıcılığının uca zirvəsi oldu. Hər
çiçəyin öz ətri olduğu kimi, hər
aktyorun da ifasında öz məlahəti olur. H.Cavidin “Şeyx
Sənan" əsərindəki Şeyx Sənan rolunun ilk
ifaçısı Rza Əfqanlı olub, ondan sonra bu rolu A.
Qurbanov ifa etmişdi. O, Şeyx Sənanı od ürəkli
bir aşiq və eşqi uğrunda hər şeyi fəda edən
bir insan kimi yaradıb.
Aktyor 1943-cü ildə
respublikanın Əməkdar artisti, 1954-cü ildə Xalq
artisti fəxri adlarına layiq görülüb.
A.Qurbanov eyni zamanda mahir
kino aktyoru idi. "Koroğlu" filmində
Həsən xan, "Bir qalanın sirri"ində Usta, "Bizim küçə"
filmində Bəhram,
"Qızmar günəş
altında" filmində
Professor, "Telefonçu qız"
filmində Zakirin atası və s. rollarda çəkilib.
Aktyorun Azərbaycan kinosunun incilərindən olan
"Arşın mal alan" (1965) filmində
yaratdığı Soltan
bəy obrazını
xüsusi qeyd etmək gərəkdir. Bu film tamamlanarkən Salyan rayonunda qastrolda olan aktyor faciəli şəkildə (o, mehmanxananın
eyvanında dayanarkən
qəfildən eyvan uçmuşdu) dünyasını
dəyişir.
A.Qurbanovun şəxsi fondu S.Mümtaz adına
Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivində qayğı
ilə qorunur.
Zərifə Babayeva,
Dövlət Tarix Arxivinin əməkdaşı
Mədəniyyət.- 2011.-
11 mart.- S. 12.