Tükənməz
sənət eşqi
Martın 12-də Əməkdar incəsənət xadimi
Firəngiz Qurbanovanın doğum günüdür.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu
olan rəssam xanım 1971-ci ildən 1987-ci ilədək “Azərbaycanfilm”
kinostudiyasında çalışıb.
İlk dəfə “Ömrün səhifələri”
kinoalmanaxındakı “Nəğmə dərsi” filminə,
“Yol ayrıcında” novellalarına verdiyi tərtibat rəsmləri
tamaşaçıların diqqətini cəlb edib. Bu rəsmlərdə
o, xarakterik məkan quruluşları və çəkiliş
vəziyyətləri üçün maraqlı eskizlər
leytmotivi verə bilib. 1985-ci ildə rejissor Oqtay Mirqasımov “Ədəbiyyat
və incəsənət” qəzetinə müsahibəsində
onun sənət üslubundan bəhs edərkən demişdi
ki, F.Qurbanova ssenaridən irəli gələn konkretliyi, fikir
aydınlığını çox tez duyur: “Sintetik sənət
olan kino rəssamdan rejissor, operator işini, eləcə də
musiqini dərindən öyrənməyi, eskiz və
quruluşlarında bu komponentləri birləşdirməyi
bacarmağı tələb edir. F.Qurbanova bu işin öhdəsindən
bacarıqla gəlir”.
“Alma almaya bənzər” (1976,
rejissor A.Babayev) filmindəki məkan anlayışları,
kadrların cərəyan etdiyi yerlərin rəng, kolorit
bağlılığı rejissordan, eyni zamanda rəssamdan da
böyük məsuliyyət tələb edirdi. “Bazar” səhnəsinin
və başqa məkanların düzgün seçilməsi
bir növ aktyorun, müəllif fikrinin aydınlaşmasına
yaxından kömək edir. Filmdəki geyimlər,
insanların yaşadıqları mühit, onları əhatə
edən təbiət təsvirləri bir-birinə uyğundur.
Rəssam filmdə baş verən hadisələri,
insanların mənəvi gözəlliyini, qəbahətlərini
məkan təsvirlərilə birləşdirib, rejissor fikri
çərçivəsində öz sözünü deyə
bilib. Eyni müsbət fikirləri F.Qurbanovanın
quruluşçu rəssamı olduğu “Xatirələr
sahili”, “Şir evdən getdi”, “Anlamaq istəyirəm”,
“Gümüşü furqon” və s. filmlər barədə də
demək olar.
Firəngiz xanım həm də
gözəl cizgi filmləri müəllifidir. Burada rəssam
işi daha ön planda dayanır, ardıcıl təsvir
xarakteri alır. “Arzu yarat” (1978) cizgi filmindəki işi o
dövr üçün eksperiment sayılırdı. Burada rəsm
və kukla oyunu elə rəssam fikrinin
qabarıqlığı, əsas rol oynaması ilə bir-birinə
qovuşub.
F.Qurbanovanın 1983-cü ildə ərsəyə
gətirdiyi “Akvarium” cizgi filmi həm ideya-bədii dəyərinə,
həm də rənglərin seçilməsinə görə
tamaşaçıda maraq yaradır. Film 1984-cü ildə
Kiyevdə keçirilən festivalda nümayiş olunmuşdu.
Cizgi filmləri üzrə Vilnüsdə keçirilən
plenumda məşhur rejissor F.Xitryuk “Akvarium” filmini xüsusi
vurğulayaraq göstərmişdi ki, film öz ideya-bədii
dəyərinə, rəssam işinə görə qiymətlidir.
Rəssamın cizgi filmləri Alma-Atada (1986) münsiflər
heyətinin xüsusi mükafatına layiq görülüb,
Tbilisi (1987), “Krakov-88”, İspaniyanın Bilbao festivallarında
diplomlar alıb.
Firəngiz xanım deyir ki, bədii
filmlərin, böyükhəcmli əsərlərin çətinlikləri
olduğu kimi, cizgi filmlərinin də öz çətinlikləri
var. Cizgi filmlərində hər şeyi rəng deyir. Rənglər
ağlamağı, sevinməyi, gülməyi də öyrədir.
Cizgi filmində rəssam daha sərbəstdir. Burada o, öz
fantaziyası ilə hadisəni canlandırır,
özünü tapır.
1989-cu ildə F.Qurbanova
Ümumittifaq miqyaslı “Birlik” müstəqil
kinostudiyasını yaradıb. 1992-ci ilədək burada Moskva
Mərkəzi Televiziyasının sifarişi ilə bir
neçə cizgi filmi çəkilir. 2007-ci ildən etibarən
isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin
sifarişi ilə 3 cizgi filmi ərsəyə gətirilir.
Hazırda Gülşən Tofiqqızının ssenarisi əsasında
“Müzür” cizgi filminin tamamlama işləri gedir. Onun apreldə
təqdim olunması nəzərdə tutulub.
1991-ci ildə həmin kinostudiyada
“Azərbaycan tarixi” bədii-publisistik filmi (1 saat 50 dəqiqəlik)
də çəkilib. Sonralar rus, ingilis dillərinə tərcümə
olunmuş bu ekran əsərində ölkəmizin tarixi ən
qədim dövrdən müstəqilliyədək - 20 Yanvar
hadisələri də daxil olmaqla böyük bir dövrü əhatə
edir. Firəngiz xanımın prodüseri olduğu, kiçik
yaradıcı qrupla ərsəyə gətirdiyi “Azərbaycan
tarixi” bədii-publisistik filmi 1992-ci ildə
respublikamızın Moskvadakı səfirliyində ictimaiyyət
qarşısında nümayiş etdirilərək ölkəmiz
haqqında əsl həqiqətləri insanlara
çatdırdı. Film dəfələrlə Azərbaycan
Televiziyasında göstərilməklə yanaşı,
XİN tərəfindən Qarabağ problemi ətrafında danışıqlar
aparılarkən əyani vasitə kimi nümayiş olunub.
1996-cı ildə F.Qurbanovanın rəhbərlik
etdiyi “Birlik” müstəqil kinostudiyasında daha iki uğurlu sənədli
film lentə alınır. Bunlardan biri ümummilli lider Heydər
Əliyevin doğum günü münasibətilə çəkilmiş
“Zaman və şəxsiyyət” filmi idi. İkinci film isə həmyerlimiz,
böyük maestro Mstislav Rostropoviçin Bakıya səfərinə
həsr edilmişdi. Burada həmyerlimizin Bərdəyə getməsi,
məcburi köçkünlərlə görüşü,
ustad dərslər aparması, doğulduğu ev və s.
göstərilirdi.
F.Qurbanova respublikamızda
keçirilən bütün sərgilərdə öz qrafika
əsərləri ilə də çıxış edir. O, bəzən
bədii kitablara tərtibat da verir. X.Əlibəylinin “Bir
gölün sahilində” (1979), “Bayatılar” (1980)
kitablarının illüstrasiya rəsmlərı, “Azərbaycan
nağılları” (açıqca) toplusunun da
hazırlanması ona aiddir. Azərbaycan Rəssamlar və
Kinematoqrafçılar İttifaqlarının, Beynəlxalq
Animasiya filmləri Assosiasiyasının üzvü olan Firəngiz
xanım 1986-cı ildə “Əməkdə fərqlənməyə
görə” medalı ilə təltif edilib.
Neçə illərdir Rəssamlıq
Akademiyasında baş müəllim kimi çalışan
Firəngiz xanım görkəmli sənətkar, Xalq artisti
Ağadadaş Qurbanovun qızıdır. Bacısı
Gülşən Qurbanova tanınmış aktrisa idi. Mərhum
həyat yoldaşı Fikrət Əhədov da sənət
adamı, rəssam idi. Onların oğlu Cavid, gəlinləri
Zema da rəssamdır. İnanırıq ki, bu gənclər sənətdə
ailə ənənələrini davam etdirərək ona öz
töhfələrini verəcəklər. Firəngiz xanım
deyir ki, rəssam üçün yaşın fərqi yoxdur,
təki sənət eşqi, yaratmaq eşqi
çağlasın, tükənməsin.
Biz də Firəngiz xanımı
doğum günü münasibətilə təbrik edib ona
cansağlığı, yaradıcılıq uğurları
arzulayırıq.
İradə Əsədova
Mədəniyyət.-
2011.- 11 mart.- S. 10.