Bənzərsiz müalicə-istirahət
mərkəzi - «Çinar
Hotel & SPA Naftalan»
Rəvayətə görə, bir
vaxt bu yerlərdən ağır dəvə karvanı
keçirmiş. Karvanda xəstə bir dəvə
varmış. Karvanı ləngitdiyinə görə sahibi onu
neftli göllər olan bir ərazidə açıb
buraxır. Bir müddət sonra karvan geri qayıdanda həmin ərazidən
keçir və burada bir dəvə görürlər. Karvanbaşı
dəvəsini tanıyır və gözlərinə
inanmır: xəstə, yarımcan dəvə tamamilə
sağalmış, ətə-qana dolmuşdu. Tacirlər dəvəni
izləyəndə görürlər ki, o, gündə bir
neçə dəfə neftli gölə girir, sonra isə
özünü günə verir. Karvandakılar göldəki
məhluldan əllərindəki yaralara sürtürlər,
tezliklə yaraları sağalır. Bundan sonra onlar həmin
yağlı mayeni qablara dolduraraq öz ölkələrinə
aparırlar. Bu əraziyə isə “Naftalan», yəni «neft olan
sahə» adını qoyurlar.
Xəbər
verdiyimiz kimi, martın 5-6-da Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi, “Ata Turizm” turizm şirkətinin təşkilatçılığı
ilə Naftalan kurort-şəhərinə infotur təşkil
edilmişdi. Səfərin məqsədi Naftalanın turizm
imkanlarının turist şirkətlərinə və media
nümayəndələrinə tanıdılması idi. Bu sətirlərin
müəllifi də infotur iştirakçıları
arasında idi.
«Kim Naftalana malikdirsə, onun hər şeyi var»
Tarixi mənbələrdə
Naftalan neftinin müalicə məqsədilə istifadə olunmasına
dair ilk yazılı məlumat XII əsrə təsadüf
edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvi öz əsərlərində
qumla qarışdırılmış müalicəvi neftin
karvanlarla bu torpaqlardan uzaqlara aparılmasından söz
açırdı. Naftalan neftinin texniki istismarına isə
XIX əsrin 70-ci illərindən başlanıb. 1892-ci ildə
alman mühəndisi Y.İ.Eger ilk dəfə Naftalanda neft
çıxarmaq üçün buruq qazdırır. Hətta
o, Naftalan neftindən maz almaq üçün burada kiçik
bir zavod da tikdirir. Həmin zavodda «Naftalan» və «Kojelon»
adlı preparatlar hazırlanırdı. Bu preparatlar
Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, Amerikaya,
İngiltərəyə, Hollandiyaya və başqa ölkələrə
satılırdı. Naftalan nefti haqqında məşhur alman
dermotoloqu P.P.Unna 1903-cü ildə reklam
çıxışlarının birində deyir: «Kim Naftalana
malikdirsə, onun hər şeyi var».
Tarixi faktlardan o da məlumdur ki,
1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsir
düşən yapon əsgərlərinin tibbi
çantalarında Naftalan mazı ilə dolu bankalar
tapılıb. Bütün bunlar onu göstərir ki, Naftalan
neftinin dünyada analoqu yoxdur və o, unikal müalicəvi əhəmiyyətə
malikdir.
Naftalan kurortu 1933-cü ildə fəaliyyətə
başlayıb. Kurortun əsas inkişafı isə 1970-1980-ci
illərə təsadüf edir. Təkcə 1987-ci ildə
Naftalan kurortunda SSRİ məkanından 70 minə qədər
insan müalicə olunub.
SSRİ-nin dağılmasından
sonra bu sahə bir müddət diqqətdən kənarda qalsa
da, son vaxtlar Naftalanda yeni hotel və müalicə mərkəzləri
inşa edilir. Bu isə o deməkdir ki, Naftalan əvvəlki
şöhrətini özünə qaytarır.
İnfotur iştirakçılarının
yaxından tanış olduqları «Çinar Hotel & SPA
Naftalan» kompleksi də öz müasirliyi və yüksək
xidmətləri ilə fərqlənir.
Naftalan
məlhəmi: 77 xəstəliyin dərmanı
«Çinar» sanatoriyası ilə əyani
tanışlığımız sanatoriyanın baş həkimi
Çingiz Hacıyevin təqdimatı ilə başladı. Onun
sözlərinə görə, mərkəzdə Naftalan məlhəmi
ilə kompleks müalicə prosedurları təklif edilir. Xəstə
bütün növ müayinələrdən keçdikdən
sonra nəticələrə uyğun olaraq müalicə
kursları başlayır.
Müalicə kursu ən ideal halda
21 gün olmalıdır, bu müddətdə xəstə 12
vanna qəbul edir. Ümumiyyətlə, terapevtik effekt
alınması üçün ən azı 8 vanna qəbul
edilməlidir. Xəstənin durumuna görə bir gün
müalicə, bir gün fasilə etmək lazım olur. Oynaq
sistemi, dəri, ginekoloji, uroloji xəstəliklərin,
sonsuzluğun, xüsusilə də kişi sonsuzluğunun
Naftalan nefti ilə müalicəsi mümkündür. Eyni
zamanda bu müalicə vasitəsinin əks-göstəriciləri
də var. Ürək-damar sistemi, onkoloji, psixi xəstəliklərdə
Naftalan vannası qəbul etmək olmaz. Buna görə də
poliklinikada peşəkar həkimlərin nəzarəti ilə
xəstələr çox ciddi müayinə olunurlar.
Baş həkim deyir ki, istifadə
olunmuş neft filtrlərdən keçirilir, tərkibi əlavə
qatqılardan təmizləndikdən sonra generator tankı
adlanan qurğuda bir müddət qalır, orada öz müalicəvi
funksiyasını bərpa edir, sonra isə təkrar istifadəyə
verilir. Neft məhlulu xəstəyə 38 dərəcə
temperatura qədər qızdırıldıqdan sonra verilir:
«Vannalar hər xəstədən sonra xüsusi vasitələrlə
yuyulur, sonra başqa xəstənin istifadəsinə verilir. Naftalan
neftinin əsas müalicəvi xüsusiyyəti onun tərkibində
olan naften hidrokarbonatları ilə bağlıdır. Bu
hidrokarbonatlar bir çox sahələrə təsir edir. Əsasən
də orqanizmin immun sistemini bərpa edir. 12 cür oynaq və
revmatizm xəstəliklərində istifadə olunan məlhəm
müalicə müddətində əvvəlcə xəstəliyi
kəskinləşdirir, yəni orqanizmi oyadır. Buna görə
də 1, 2, 3 prosedurdan sonra xəstələrdə
ağrılar artır. Amma 4, 5, 6-cı vannalardan sonra artıq
orqanizm oyanan xəstəliyə qarşı mübarizə
aparmağa başlayır. Bu zaman Naftalan nefti orqanizmə
kömək edir. Ümumilikdə Naftalan məlhəmi 77
cür xəstəliyin müalicəsində istifadə
olunur».
«Çinar»
sanatoriyasında 200 nəfərlik heyət
çalışır
Sanatoriya ilə əyani
tanışlıqdan sonra «Çinar» hotelin konfrans zalında
infotur iştirakçıları üçün seminar
keçirildi. Sanatoriyanın poliklinikasının şöbə
müdiri Anar Cumayev burada aparılan müayinə və
müalicə prosedurları haqqında danışdı. Bildirdi
ki, Naftalan Terapiya Mərkəzi iki mərtəbədən ibarətdir.
1-ci mərtəbədə kişilər, 2-ci mərtəbədə
isə qadınlar üçün vannalar yerləşdirilib. Mərkəzdə
ümumilikdə 28 ədəd vanna var, bunlardan 24-ü Naftalan
məlhəmi, 4-ü isə yod-brom vannalarıdır.
«Çinar Hotel & SPA
Naftalan»ın ön büro müdiri (inzibatçısı)
Sedat Degişgel iştirakçıları hotellə
bağlı məlumatlandırdı. Onun sözlərinə
görə, hotel və tibbi mərkəz olmaqla iki hissədən
ibarətdir. Hotel hissəsi 4 bölümdən - otaqlar, yemək-içmək,
alqı-satqı və əyləncə bölümlərindən
ibarətdir. Qışda 126, yayda isə 180-200 nəfərlik
xidməti personal çalışır. Personalın 95 faizi
yerli sakinlərdir. Rus, ingilis, türk, alman, fransız və ərəb
dillərində danışmağı bacaran işçilər
var. Hotelin 170 otağı var, eyni vaxtda 350 insanı yerləşdirmək
imkanları mövcuddur. Hotelin yeməkxanasında Azərbaycan,
Türkiyə və Avropa mətbəxinə aid yeməklər
təklif olunur. Baş aşpaz Türkiyədən dəvət
olunub.
Hoteldə minimarket, suvenir
mağazası, qadın gözəllik salonu, hovuz, türk
hamamı, sauna, uşaqlar üçün əyləncə
otağı, idman zalı, diskoteka, stolüstü oyunlar
otağı, internet klub, «ATAbank»ın bankomatı və ofisi
yerləşir. 20 hektarlıq ərazisi olan hotelin
bağında arzu edənlər kirayə götürdükləri
velosiped və motosikletlə gəzə bilərlər. Hoteldə
qiymətlər üç mövsüm üçün nəzərdə
tutulub. Dekabr-yanvar aylarında ən aşağı qiymətlərlə,
mart-aprel və oktyabr-noyabr aylarında orta, may-sentyabr
aylarında isə yüksək qiymətlərlə xidmət
təklif olunur.
Naftalan
dünyanın bir möcüzəsidir
İnfoturda iştirak edən «Skal
Bakı»nın prezidenti və «Millennium» turizm şirkətinin
rəhbəri Ruslan Quliyev bildirdi ki, Naftalan dünyanın bir
möcüzəsidir. Elə bu səbəbdən də
post-sovet məkanına turlar zamanı həmişə Naftalan
barədə onlara sual verirlər: «Bundan sonra biz Azərbaycanı
təmsil etdiyimiz bütün xarici tədbirlərdə
Naftalanı bir turizm məhsulu kimi qürurla təqdim edə
biləcəyik. Çünki «Çinar Hotel & SPA
Naftalan»da insanın dincəlməsi və eyni zamanda müalicə
alması üçün hər şərait
yaradılıb. Qarşıdan turizm mövsümü gəlir.
İndi turizm şirkətlərinin əsas vəzifəsi bu
sanatoriyanın xidmətlərinin satışını həyata
keçirməkdir».
Lənkəranda yerləşən
«Palmali-Rezort» hotelin baş meneceri Zəfər Atakanın
sözlərinə görə, dünyada müalicə
turizmindən külli miqdarda gəlir götürən ölkələr
var: «Amerikada yerləşən Dünya Sağlıq Turizm
Şirkətləri Birliyinin məlumatına görə,
dünyada il ərzində müalicə turizmindən 200
milyard dollar gəlir götürülür. Türkiyənin
isə bu sahədən əldə etdiyi vəsait 4 milyard
dollardan çoxdur. Azərbaycanın turizmin bu növündən
kifayət qədər yüksək qazanc əldə etmək
imkanları var. Müalicə turizminin bir
üstünlüyü də ondadır ki, insanlar öz xəstəliklərini
məcburən müalicə etdirməlidir. Düşünürəm
ki, «Çinar» sanatoriyası kompleks xidmət təklif etdiyinə
görə az vaxtda tanınacaq və çoxsaylı
müştərilərə sahib olacaq. Bunun üçün
də xarici ölkələrdə keçirilən sərgilərdə
yaxından iştirak etmək və turizm şirkətləri
ilə sıx əməkdaşlıq etmək
lazımdır».
Naftalan Şəhər Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Tahirə Aslanova
bildirdi ki, hazırda rayonda 4 özəl turizm obyekti, dövlətin
nəzarətində olan Kurortlar Birliyi, Əlillərin Bərpa
Mərkəzi, 250 yerlik «Qaşaltı» sanatoriyası, 350 yerlik
«Çinar» sanatoriyası və s. fəaliyyət göstərir:
«2010-cu il ərzində Naftalana 3 mindən çox turist gəlib.
Bunların arasında xarici ölkələrdən gələnlər
də var. Daha çox isə Rusiya, Türkiyə, Çinin vətəndaşları
gəlir. Yəqin ki, bundan sonra gələnlər daha çox
olacaq. Çünki indiyə qədər sanatoriyalarda məcburi
köçkünlər məskunlaşmışdılar. İndi
isə onlar xüsusi şəhərciklərə
köçürülüblər və sanatoriyalar yenidən
qurulur».
Onu da qeyd edək ki, infoturun sonunda
iştirakçılara «Çinar Hotel & SPA Naftalan»ın rəhbərliyi
tərəfindən sertifikatlar təqdim edildi.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 11 mart.- S. 9.