Naftalan dünya
şöhrətli sanatoriya-şəhər statusunu
bərpa edəcək
Çingiz
Hacıyev: «Əsas məqsədimiz Azərbaycan və Rusiya
turist bazarını ələ almaqdır»
Azərbaycanda
geniş perspektivlərə malik turizm növlərindən
olan müalicə turizminin inkişafı hazırda həm
dövlət, həm də özəl sektorun diqqət mərkəzindədir.
Bu xüsusda vaxtilə keçmiş SSRİ-də və
dünyanın bir çox ölkələrində
yaxşı tanınan Naftalan sanatoriya-şəhərinin
şöhrətinin bərpa olunması, buradakı müalicə
və istirahət ocaqlarının yenidən qurulması
müstəsna önəm kəsb edir.
Naftalanda 1984-cü ildən fəaliyyət
göstərən «Çinar» sanatoriyası 2007-ci ildən
rekonstruksiyaya dayandırıldıqdan sonra 2011-ci ilin
fevralında prezident İlham Əliyevin iştirakı ilə
«Çinar Hotel & SPA Naftalan» adı ilə yenidən
açıldı. İstirahət və müalicə mərkəzinin
baş direktoru Çingiz Hacıyevlə müəssisənin
fəaliyyəti və iş prinsipləri barədə
söhbət etdik. Söhbətə birbaşa əsas mətləbdən,
müəssisədəki qiymətlərdən
başladıq:
- Yeni fəaliyyətə
başlayan hotellərin müştəri cəlb etmək
üçün atdığı ilk addımlardan biri də
qiymət siyasəti ilə bağlıdır. Müşahidələrimiz
əsasında deyə bilərik ki, qiymətləriniz
heç də hamının cibinə uyğun deyil. Necə
hesab edirsiniz, belə yüksək qiymətlərlə
müştəri cəlb etmək mümkün olacaqmı?
- Qiymətlər
baxımından bizim öz strategiyamız var. Mən hesab etmirəm
ki, qiymətlərimiz yüksəkdir. Birinci il fəaliyyət
göstərdiyimizdən endirimli qiymətlər təklif
edirik. Təklif etdiyimiz xidmət beşulduzlu hotel xidməti səviyyəsindədir.
Bununla yanaşı, geniş çeşiddə poliklinik və
fizioterapevtik xidmətlər də təklif edirik. Bunların
hamısını bir paketdə yerləşdirsək, gündə
üç dəfə yeməyi də əlavə etsək -
qiymətlərimiz heç də yüksək deyil.
Digər tərəfdən, bizim təklif
etdiyimiz qiymət heç bir əlavə tibbi xidmət
göstərməyən 4-5 ulduzlu hotellərin qiymətindən
xeyli aşağıdır. Çünki biz burada həm də
müalicə kursu keçirik. Məsələn, deyəndə
ki, 2 həftəlik paket 1000-1500 manat arasındadır, əvvəlcə
baha görünür. Amma bu məbləği 14 günə
böləndə sutkaya 80-100 manat düşür. Üstəlik,
qalmaq üçün yüksək şərait, müayinə,
gündə üç dəfə yemək və s. Təklif
etdiyimiz paketin 20 faizi təkcə müayinələr
üçün nəzərdə tutulur. Bizim qiymət siyasətimiz
elə qurulub ki, xidmətlərimizdən hər kəs
faydalana bilər.
- Türkiyədəki SPA hotellərdə
təklif olunan qiymətlər Azərbaycana nisbətən
xeyli ucuzdur. Sizcə, bunun səbəbi nədir?
- Hotel qiymətləri azad bazar
iqtisadiyyatı ilə müəyyənləşir. Bizim siyasətimiz
hoteli 20-30 faizlə deyil, 100 faizlə, özü də
aşağı qiymətlə işlətməkdir. Bunun
üçün də ilk növbədə qiymətlərimizi
düzgün müəyyənləşdirməliyik.
Müalicə turizmi bir qədər fərqlidir. Türkiyədəki
sağlıq hotelləri yalnız yataq və termal müalicə
təklif edirlər. Onlarda bizdəki kimi, yüksək səviyyəli
müayinə və tibbi heyət yoxdur. Bunların
hamısı bizim üstünlüyümüzdür.
- Turizm şirkətlərinə təklif
etdiyiniz paketdə hansı güzəştləri nəzərdə
tutursunuz?
- Turizm şirkətləri ilə
yaxından əməkdaşlıq etmək niyyətindəyik.
Çünki bilirik ki, onların köməyi olmadan təklif
etdiyimiz xidmətləri tanıtmaq mümkün deyil.
Üç növ qiymət paketi təklif edirik. Bunlardan ən
ucuzu turizm şirkətləri üçün nəzərdə
tutulur. İkincisi internet vasitəsilə təklif etdiyimiz
onlayn-rezervasiya qiymətlər, üçüncü isə
birbaşa müştəriyə təklif olunan qiymətlərdir.
Bu qiymətlər arasında 10 faiz fərq var. Yəni turizm
şirkətinin vasitəsilə sanatoriyamıza müraciət
edən turistə təklif etdiyimiz qiymətlə bizə
birbaşa müraciət edən turistə təklif etdiyimiz
qiymət arasında 20 faiz fərq olacaq.
- Hotelinizdə çalışan
personalın əksəriyyəti Türkiyə vətəndaşlarıdır.
Bunun səbəbi nədir?
- Azərbaycanda hotel xidmətində
yetişmiş peşəkar kadrlar hələlik azdır. Əsas
səbəb budur. Biz Türkiyədən işçiləri
məcburiyyət qarşısında qalaraq dəvət
etmişik. Onlarla 1-2 illik müqavilə
bağlamışıq. Bu müddətdə isə yerli
kadrlardan ibarət personal yetişdirmək niyyətindəyik.
Bizim hotel Naftalanın yeni inkişafı dövründə fəaliyyətə
başlayan ilk müəssisədir. Bunun ardı gələcək.
Yəni biz həm özümüz, həm də sonra işləyəcək
müəssisələr üçün kadrlar yetişdirməliyik.
«Qaşaltı» sanatoriyası yaxın müddətdə
işə başlayacaq. Bu il ərzində daha bir
sanatoriyanın istifadəyə verilməsi nəzərdə
tutulur. Əsas məsələ Naftalanın dünya
şöhrətli sanatoriya-şəhər statusunu bərpa
etməkdir. Biz burada mətbəx məktəbi
açmağı da düşünürük. Yaxın
günlərdə arzu edənlər üçün
seminarlarımız başlayacaq.
- Personalın peşəkarlıq
səviyyəsini yüksəltmək üçün əməkdaşlarınızı
kurslara göndərmək niyyətiniz varmı?
- Bizim hotelçilik
baxımından kadrlarımız peşəkardır. Ön
büro müdirimiz Türkiyədə universitetlərdə
turizm sahəsindən mühazirələr verir.
Aşpazımız bir çox Avropa ölkələrində
çalışmış, böyük təcrübəyə
malik şəxsdir. Bununla yanaşı, hotelimizdə Türkiyədən
dəvət etdiyimiz mütəxəssislərin
iştirakı ilə kurslar keçirilir. Yeri gəlmişkən,
hazırda Turizm İnstitutunda qiyabi təhsil alan bir tələbə
bizdə təcrübə keçir.
Naftalanın gələcəyi
çox perspektivlidir. Burada sistemi qurmaq üçün ilk mərhələdə
kənardan peşəkarların dəvət edilməsi zəruridir.
Hər şey öz yerini tapandan sonra bütün strukturlara
yerli kadrlar təyin ediləcək. Mən əvvəllər Mərkəzi
Klinik Xəstəxanada işləyirdim. O zaman həmin xəstəxanada
da bütün personal Türkiyədən dəvət
edilmişdi. Müəyyən zaman keçdi, indi orada
çalışanların əksəriyyəti azərbaycanlılardır.
Bu təcrübə bütün ölkələrdə var.
- 2011-ci il Azərbaycanda «Turizm ili»dir. Bu il Azərbaycana turist axınını daha da intensivləşdirməyin
yollarını nədə
görürsünüz?
- Bu suala məşğul olduğum
sahəyə görə
cavab vermək istərdim. Naftalana turizm axınını
sürətləndirmək üçün ilk növbədə
«Çinar Hotel & SPA Naftalan»
kimi müəssisələrin
sayını artırmaq
lazımdır. Bu istiqamətdə işlər
davam edir. İkincisi, turizm şirkətləri ilə bərabər rəqabətli şərtlərlə
işləmək, onları
bu işə cəlb etmək gərəkdir. Üçüncüsü,
reklam işlərini yüksək səviyyədə
qurmaq lazımdır.
Sərgilərdə iştiraka üstünlük
veririk. Martın 15-də Moskvada, apreldə
Londonda və 28-30 aprel tarixlərində Bakıda keçiriləcək
beynəlxalq turizm sərgilərində iştirak
edəcəyik.
Bizim məqsədimiz birincisi
Azərbaycan, sonra isə Rusiya turist bazarını ələ almaqdır.
Xüsusilə çoxlu müştəri
cəlb edə biləcəyimiz yer Rusiyadır. Çünki Naftalanı bu ölkədə hələ
sovet dövründən
tanıyırlar. Daha sonra
isə Türkiyə və İran bazarında tanınmaq niyyətindəyik.
- Naftalan sanatoriyaları həmişə
Həmkarlar İttifaqları
Konfederasiyası ilə
əməkdaşlıq edib.
Bu əməkdaşlıq indi də davam
edirmi?
- Bir neçə sanatoriya ilə hazırda Həmkarlar İttifaqları
Konfederasiyasının əməkdaşlığı
var. Amma biz yeni fəaliyyətə başladığımıza
görə hələ
əlaqələr yaratmamışıq.
Çox
güman ki, bu əməkdaşlıq
olacaq.
- Turizmin inkişafını şərtləndirən
amillərdən biri də yol infrastrukturunun
qurulmasıdır. Buraya gələrkən
rayonun yollarının
heç də ürəkaçan vəziyyətdə
olmadığının şahidi
olduq. Bununla bağlı əlaqədar
qurumlar qarşısında
məsələ qaldırmaq
niyyətiniz varmı?
- Yolun
Naftalan şəhərindən
Qızılhacılı qəsəbəsinə
qədər olan hissəsi təmir olunub. Hazırda oradan İpək
Yoluna qədər olan hissə də təmirə dayanıb. Bizə verilən məlumata görə, may ayına qədər yolun bu hissəsi
də təmir olunub qurtarmalıdır. Bundan başqa, «Çinar» istirahət mərkəzinə
insanların gəlişini
asanlaşdırmaq üçün
gələcəkdə Gəncə
aeroportuna xüsusi reyslərin təşkil edilməsi, Naftalan şəhər mərkəzində
əvvəllər fəaliyyət
göstərən kiçik
hava limanının bərpa edilməsi və buraya çarter reyslərinin təşkili də nəzərdə tutulur.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 11 mart.- S. 8.