Xalq
yaradıcılığı paytaxtları: Şabran,
İsmayıllı, Lənkəran
Xəbər
verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin «Azərbaycanın
xalq yaradıcılığı paytaxtları» layihəsi
çərçivəsində 2011-ci il üçün
Şabran şəhəri “Azərbaycanın Əfsanələr
Paytaxtı”, İsmayıllı şəhəri “Azərbaycanın
Sənətkarlıq Paytaxtı”, Lənkəran şəhəri
“Azərbaycanın Folklor Paytaxtı” elan edilib. İl ərzində
bu şəhərlərin tarixi, bu günü, mədəni
irsi, görməli yerləri, turizm imkanları barədə
silsilə yazılar dərc edəcəyik. Bu yazıda isə
hər üç yaradıcılıq paytaxtı haqqında
qısa qeydləri nəzərə çatdırırıq.
Əfsanələrlə
dolu Şabran torpağı
Zəngin tariximizi vərəqlədikcə,
onun hər səhifəsində qədim yaşayış məskənlərinin
izləri ilə rastlaşırıq. Şabran Azərbaycanın
ictimai-iqtisadi, siyasi və mədəni həyatında
mühüm rol oynayıb. Bu şəhərin
xarabalığı Böyük Qafqaz sıra dağları ilə
Xəzər dənizi arasında, dəniz səviyyəsindən
75 m hündürlükdə qərar tutub. Tədqiqatçılar
yazılı tarixi mənbələrə və şəhərin
müxtəlif hissələrində aparılan arxeoloji
qazıntıların nəticələrinə əsaslanaraq
burada yaşayışın eramızın əvvəllərindən
XVIII əsrədək davam etdiyini müəyyən ediblər.
Şabranda qaynar şəhər həyatı dövrü
IX-XV əsrlərə təsadüf edib.
Müxtəlif mənbələr
Şabranın qüdrətli Şirvanşahlar dövlətinin
ilk paytaxtı olduğunu göstərir. Şabranın bu
statusu IX əsrə qədər, yəni Şamaxı şəhəri
yüksələnədək davam edib. Şəhərin
Şirvanşahların iqamətgahı olmasını
sübut edən faktorlardan biri də burada Şirvanşahlar nəslinə
aid sərdabənin olmasıdır. Monqol əsarəti
dövründə Şabran əsas şəhər rolunu
oynayıb. Həmin dövrdə monqol hökmdarının vəziri,
tarixçi Fəzullah Rəşidəddinin oğluna
yazdığı məktubda Şabrandan bəhs edib.
XIV əsrdə Teymurləng Azərbaycana
hücum edərkən Dərbənd şəhəri
dağıdılır və liman funksiyasını itirir. Həmin
vaxt Şabranda dəniz ticarəti də fəallaşır.
XVI-XVII əsrlərdə Səfəvilər dövləti
(İran) ilə Osmanlı (Türkiyə) arasında gedən
müharibələrdə Azərbaycan şəhərlərinin
tənəzzülü başlandı. Şabran da gah Səfəvi,
gah da Osmanlı dövlətinin hakimiyyəti altına
keçirdi. Şəhərə hücumlar əhalinin
başqa yerlərə köçməyə məcbur edirdi.
XVIII əsrin ortalarında əhalinin azalma prosesi daha da sürətlənib.
Şabranın tarixi ərazisinə
gəlincə, o, indiki Şabran (keçmiş Dəvəçi)
rayonunun Şahnəzərli və Rəhimli kəndləri
arasında, Şabrançay sahilində yerləşib. Mənbələrdə
1796-cı ildə Şabranın 96 kəndinin və burada 1196
evin olduğu bildirilir. Bu zaman Şabran mahal mərkəzi kimi
xatırlanır. XIX əsrin əvvəllərində isə
yalnız çay adı kimi qeyd olunur.
Şabranda bir sıra qədim abidə
və tikililər günümüzə qədər gəlib
çıxıb. Qədim Şabran körpüsü orta əsrlər
Azərbaycan memarlıq sənətinin ən yaxşı
nümunələrindən hesab oluna bilər. Üç
tağının əsasının qalıqları aydın
görünən bu körpü hazırda Bakı-Quba magistral
yolunun sol tərəfində, Ərəblər və Pirəmsən
kəndləri hüdudlarındadır. Şabran şəhərinin
abadlığından bəhs edərkən burada XI-XII əsrlərə
aid küçəni, üstü örtülü kanalizasiya
sistemini qeyd etmək lazımdır. Bunu qazıntılar
zamanı tapılan çay daşlarından düzəldilmiş
tikinti qalığı sübut edir. Müəyyən yerlərdə,
uzunluğu 1,5, eni 20 sm olan bütün daşların
ortası nov şəklində yonularaq kanalizasiya xəttinə
qoşulub. Aparılan son araşdırmalar zamanı Şabran
şəhərinin yerində uzunluğu 5 m olan su
arxının qalıqları, qala bürcləri, IX-X və
XVI-XVII əsrlərə aid saxsı qablar, mis pullar,
«sandıq» formasında olan məzar daşları
tapılıb.
Hər addımında qədim rəvayətlərlə
qarşılaşdığımız Şabran doğrudan
da, əfsanələr diyarıdır.
İsmayıllı
- sənətkarlıq paytaxtı
Böyük Qafqazın cənub ətəklərində
yerləşən İsmayıllı ərazisində
tariximizin qədim dövrlərinin izləri qalmaqdadır. Rayonun
ərazisində olan yurd yerlərindən tapılan daş alətlər-daş
çapacaqlar, bıçaqlar, nizə ucluqları, ox
ucluqları, məişət əşyaları bu ərazidə
hələ daş dövründə insanların
yaşadıqlarını sübut edir. Bu rayonda əhali
ata-babaları kimi indi də sənətkarlıqla məşğul
olurlar.
Lahıc bütün orta əsrlər
boyu Azərbaycanın mühüm sənətkarlıq mərkəzi
olub. Lahıc ustalarının sənətkarlıq məhsulları
Azərbaycanın sərhədlərindən çox uzaqlarda
da tanınıb. Burada inkişaf etmiş sənətkarlıq
sahələrinin önündə misgərlik dururdu. Bəlkə
də dünyanın heç bir guşəsində misgərlik
Lahıcdakı qədər inkişaf etməyib. Varlı
tacirlər Bakıdan, Tiflisdən, Gədəbəy,
Borçalı və Zəngəzurun mis mədənlərindən
xam mis alaraq dəvə karvanı ilə Lahıca yola
salırdılar. Lahıc sənətkarlığının
hazırladıqları məhsulları almaq üçün
tacirlər arasında güclü rəqabət gedirdi. Xarici
diyarlardan - Hələbdən, İstanbuldan, Avropa şəhərlərindən
də Lahıca mis gətirilirdi.
Sənətkarlar aldıqları
misi əridir, onu saflaşdırır, xüsusi qəliblərə
tökürdülər. Misin yumşaq olması
üçün ona müxtəlif qarışıqlar əlavə
edirdilər. Misgərlik emalatxanaları sənətkarlıq
baxımından mükəmməl olurdu. Orada sənətkarlıq
məhsullarının hazırlanması üçün
lazımi avadanlıqların, alətlərin keyfiyyəti ən
yüksək səviyyədə idi. Alətlərin demək
olar ki, hamısı Lahıcda hazırlanırdı. Mis
qabları qalayçılar qalayla ağardırdılar. Qalayçılıq
da ayrıca peşə idi.
XVII-XVIII əsrlərdə mis
qablara tələbat çox olduğundan onların qiyməti
baha olub. Lakin XIX əsrdə fabrik-zavodlarda müxtəlif
qabların istehsalı genişləndiyindən mis qablara tələbat
azalmış, onların qiymətləri aşağı
düşmüşdü. Sonrakı dövrlərdə
Lahıcda misgərlik tənəzzül etsə də, tamamilə
sıradan çıxmadı. Burada həmin sənəti
yaşadan sənətkarlar indi də hörmətə
layiqdirlər. Lahıcda dəmirçilik də inkişaf
etmiş sənət sahələrindən olub. Dəmirçilər
əsasən təsərrüfat işləri ilə
bağlı alətlər hazırlayır, iş heyvanları
üçün nal, mıx hazırlayırdılar. Lahıc
dəmirçilərinin hazırladığı alətlər
öz keyfiyyəti ilə digər yerlərdə hazırlanan
alətlərdən fərqlənirdi. Dəmirçilik sənəti
də hazırda Lahıcda yaşadılır.
İsmayıllının Basqal kəndi
isə həmişə kəlağayısı ilə məşhur
olub. Orta əsrlərdən Basqalda hər evdə kəlağayı
hazırlamaq üçün dəzgahlar qurulurmuş. Basqal
kiçik kənd olsa da, qədim ticarət mərkəzi olub.
Burada hamı, uşaqdan böyüyə qədər
bütün ailə kəlağayının
hazırlanmasında iştirak edirdi. Biri toxuyur, biri boyayır,
biri ipək sarıyırdı. Basqal kəlağayısı
1870-ci ildə Londondakı sərgidə gümüş medal
qazanıb. İndinin özündə də bu kənddə
nişan aparanda xonçaya birinci kəlağayı
qoyurlar.
Folklorumuzu
yaşadan diyar
Azərbaycan folklorunu yaşadan ərazilərdən
biri də Lənkərandır. Bu məkanda aparılan arxeoloji
qazıntılar şəhərin hələ eramızdan əvvəl
III-II əsrlərdə yaşayış ərazisi
olduğunu təsdiqləyir. Şəhərin Xəzər dənizi
sahilində yerləşməsi, əsrlər boyu karvan
yollarının üstündə olması onun iqtisadi və mədəni
inkişafını təmin edən əsas amillərdən
olub.
Lənkəran regionu zəngin folklor
mədəniyyətinə malikdir. Lənkəranlı nənələrin
ifasında xalq havalarını təkcə bu bölgədə
deyil, Azərbaycanın hər yerində sevirlər və məmnuniyyətlə
dinləyirlər. Onların milli geyimlərdə
sındıra-sındıra, həm də ağayana rəqs etməsi
isə həmin ifaların kulminasiyasıdır.
Regionun folklor xəzinəsi
zaman-zaman tədqiqatçıların diqqətini cəlb
edib. Dahi Üzeyir bəy Lənkəran və
ətraf rayonlarda yayılmış xor oxumalarına diqqət
verib. Onun bəstəkar dostu və məsləkdaşı
Müslüm Maqomayev bir neçə il Lənkəranda
məktəb müəllimi işləyib və buradakı məhəlli
folklor nəğmələri ilə yaxından
Lənkəranda
«Bacılar» talış xalq folklor mahnı və rəqs
kollektivi, «Şənlik» mahnı və rəqs ansamblı bu
gün də folklorumuzu yaşadır və təbliğ edir.
Bu kollektivlər keçmiş sovet
respublikalarında bir çox qastrol səfərlərində
olub. "Şənlik" xalq mahnı və
rəqs ansamblının repertuarında əsasən xalq
mahnı və rəqsləri mühüm yer tutur.
Bunlardan "Şalı-Şalı", "Lənkəran
toyu", "Yallı", "Hey-yar" və s. rəqslər
milli adət-ənənələri özündə əks
etdirir.
Hər bir xalqın
tarixinin və mədəniyyətinin ərəfəsi, həmçinin
ilkin başlanğıcı onun mifologiyası ilə təsdiqlənir.
Bu baxımdan Azərbaycan ruhunun ifadəsi kimi zəngin
folklor nümunələrimizin qorunub saxlanmasında Lənkəran
rayonunun rolu əvəzsizdir.
Mehparə
Mədəniyyət.-
2011.- 11 mart.- S. 7.