Aşıq şeirinin padşahı - Abbas Tufarqanlı
Haqq aşığı
Aşıq şeirinin şəksiz
və şəriksiz padşahı Abbas Tufarqanlı 400 ildən
çoxdur ki, sənətinin sultanı, söz
karvanının yorulmaz, usanmaz yolçusudur. Aşıq
Tufarqanlı o bəxtəvər padşahlardandır ki, onun xəzinəsinin
qapısı hər kəsin üzünə
açıqdır. Bu qapıdan kimsə əliboş geri
dönməz, bu xəzinə nə azalmaz, nə tükənməz.
Mən sənə can dedim, sən də mənə can,
Alış eşq oduna,
mənim kimi yan.
Adım Aşıq Abbas, yerim Tufarqan,
Gahdan ağla, gahdan
yada sal məni.
Tarixin yaddaşında, zamanın
çarxında, sazın
ruhunda, “Qul Abbas”, “Tufarqanlı Abbas”, “Şikəstə Abbas”, “Yazıq Abbas”, “Bikəs” təxəllüsləri ilə
yaşayan aşıq
Abbas Tufarqanlının
dünyası dünyanın
özü qədər
əzəli və əbədidir...
Usta ol, ustanı
tanı,
Üstümüzdə durub qanı.
Qul Abbasın din-imanı,
Get, pərim, gələ bilmərəm.
Tufarqanlı Abbasın nə zaman anadan olub,
dünyasını dəyişdiyi
məlum olmasa da, ehtimal edilir
ki, o XVI əsrin sonlarında - XVII əsrin
əvvələrində Güney
Azərbaycanda yaşayıb-yaratmış,
deyilənlərə görə,
Şah Abbasın müasirlərindən olmuşdur.
Abbas Tufarqanlının həyat
və yaradıcılığı
barədə ən diri və duru
mənbə əsrlərin
sınağından çıxmış
“Abbas və Gülgəz” dastanıdır.
Gənc yaşlarında Abbasa
buta verilir, o Batmançı Məhəmməd
xanın bacısı
Gülgəz Pərinin
sorağı ilə Təbrizə gedir. Yuxuda bir-birlərini görən
sevgililər görüşüb
əhdi-peyman bağlayırlar.
Şah Abbas da Gülgəz
Pərinin gözəlliyini
eşidib öz pəhləvanı Dəli
Becanı Təbrizə
Gülgəzi gətirməyə
göndərir. Dəli Becan
qızı zorla İsfahana aparır.
Aşıq Abbas bu xəbəri eşidib sevgilisinin sorağı ilə yola düşür.
Nə ağlarsan, nə sızlarsan,
Bir dərdi beş
olan könlüm!
Axırda zünnar bağlarsan,
Qəmə yoldaş olan könlüm!
“Abbas
və Gülgəz” dastanının əldə
tam yeddi variantı, yeddi variantın da hər birinin
özünəməxsus orijinal
cəhətləri, fərqli
xüsusiyyətləri var.
Duman, gəl get bu dağlardan,
Dağlar təzə bar eyləsin.
Nə gözlərim səni görsün,
Nə könlüm qubar
eyləsin.
Əksər dastan qəhrəmanları
kimi Abbasın da başına bir çox müsibətlər gəlir.
Yolda karvana çatan Abbası Dəli Becan su quyusuna
atır. Xoca Yaqub
onu xilas etmək üçün kəndə gedir, qayıdanda gözünə
inanmır. Dastan boyu
Abbas ağır sınaqlara çəkilsə
də, gözəgörünməz
bir qüvvə onu xilas edir.
Mən Abbasam, yara qurban
yar üçün,
Doğra bağrım, kəs ciyərim, yar üçün,
Yar odur ki, bu
dünyada yar üçün,
Yaxa yırta, zülf
dağıda, yara üz.
Dastandan məlum olur
ki, dövrünün
açıqgözlü insanlarından
olan Abbas Tufarqanlı üç dildə - ərəbcə,
farsca, türkcə söz demək qüdrətinə malik olmuşdur.
Yaşa, sevdicəyim, yaşa,
Yazılanlar gələr başa,
Bir yandan özün bas daşa,
Bir yandan el car eyləsin.
Zəhərli quyuya salınsa
da, bütün bəlalardan sağ-salamat çıxan Abbası yeni bəlalar gözləyir. Onu dar ağacından asmağa aparırlar. Abbas ayrılıq
vədəsinin çatdığını
güman edir.
Abbas deyər: gül fəslidi,
Bundan artıq dərd
hansıdı?
Ayrılığın
vədəsidir,
Gəl könlümü al, ölürəm.
“Abbas
və Gülgəz” dastanının sonu xoşbəxtliklə bitir.
Abbasın başına bir
çox müsibətlər
gəlsə də, sonda Şah Abbas aşıq Abbasın haqq aşığı olduğuna
əmin olub sevgililərə xeyir-dua verir. Abbas da şaha “mərhəmətin artıq
olsun, Pərini mənə buta verən həmişə köməyimizdədir” - deyir.
Aşıq Abbas Tufarqanlının
sənətkarlıq qüdrəti,
şairlik məharəti,
üslub xüsusiyyəti,
obraz yaratmaq qabiliyyəti, təbinin rəvanlığı, dilinin
səlistliyi və gözəlliyi qarşısında
insanlar bu gün də heyranlıqlarını gizlədə
bilmir.
Ay ağalar, gedənə bax, gedənə,
Məni gözü yaşlı qoyub yar gedər,
Yüklənibdi
qəflə-qatır, barxana,
Sanasan ki, küllü-aləm
var gedər.
Abbas qüdrətli bir şair-aşıq olmuş,
gözəlləmələr, nəsihətamiz ustadnamələr,
mənalı, həm də gözəl təcnislər, şux, oynaq gəraylılar, divanilər yaratdığı
kimi, gözəl dastanlar da qoşmuş,
öz dövrünün
ən çirkin hadisələrindən birini
“gözəl qızların
güclə saraya aparılmasını” məharətli
dastançı kimi dolğun yaratmışdır.
Aşıq dastançılar isə zamanın axarında bu dastanı müxtəlif variantlarda danışmışlar.
Abbasın dastançı şair-aşıq
olduğunu sübut edən ən yaxşı dəlillərdən
biri də onun bu dastandan
başqa “Abbas” adlı daha bir əsərinin olmasıdır.
Qədəm qoyub yar bağına
gələndə
Elə gəl, elə get yol inciməsin.
Şəkər
ləblərindən mənə
busə ver,
Dodaq tərpənməsin, dil inciməsin.
Aşıq Abbasın uğurlu
ustadnamələri gözəlləmələrindən
də çoxdur.
“Bəyənməz”, “Əyilməz”, “Olmaz” rədifli qoşmaları əsrlərdir aşıqların
dilinin əzbəri, dastanların zinətidir.
Aşıq Abbas Tufarqanlı
həm də dərd, kədər, nisgil şairidir.
Ölkəmizdə
nə aşnayam, nə yadam,
Dost yanında nə qəmginəm, nə şadam,
Ay camaat, nə bəlalı səyyadam,
Tor qururam tərlan üçün,
sar gəlir.
Söz-sənət karvanında yüz illər yol gələn Abbas Tufarqanlı dünyasına boylandıq, ustadın fikir bağçasından söz dərdik, ruhlandıq, təzələndik. Ruhumuza sağlıq!
Təranə Vahid
Mədəniyyət.-
2011.- 11 mart.- S. 6.