Böyük türkmən
şairi Nurməhəmməd Əndəlibin
kitabı təqdim olundu
Martın 9-da M.F.Axundov adına Milli Kitabxanada
böyük türkmən şairi və mütəfəkkiri,
ümumtürk ədəbiyyatının görkəmli
nümayəndəsi Nurməhəmməd Əndəlibin
“Şeirlər, poemalar, dastanlar” kitabının təqdimat mərasimi
keçirildi.
Mədəniyyət və Turizm
Nazirliyi, Türkmənistanın Azərbaycandakı səfirliyi
və Azərbaycan Milli Kitabxanasının birgə təşkil
etdiyi tədbiri kitabxananın direktoru Kərim Tahirov
açaraq Nurməhəmməd Əndəlibin
yaradıcılığından bəhs etdi.
Sonra mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev
çıxış edərək Nurməhəmməd Əndəlibin
türkmən və ümumtürk ədəbiyyatında
xüsusi yeri olduğunu vurğuladı.
Türkmənistanın Azərbaycandakı
səfiri Toylı Komekov öz çıxışında azərbaycanlı
türkoloq Ramiz Əskər tərəfindən artıq sayca
üçüncü türkmən şairinin əsərlərinin
Azərbaycan dilinə tərcümə olunduğunu nəzərə
çatdırdı.
Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar, BDU-nun professoru Qara Namazov və
başqaları öz çıxışlarında Nurməhəmməd
Əndəlib yaradıcılığından
danışdılar.
Kitabın tərtibçisi, BDU-nun
filologiya fakültəsinin türkoloji araşdırmalar elmi-tədqiqat
laboratoriyasının baş elmi işçisi, filologiya elmləri
doktoru Ramiz Əskər Nurməhəmməd Əndəlibin
türkmən ədəbiyyatının banisi olduğunu qeyd
etdi.
Tədbirdə Türkiyə,
Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Belarus, Kuba və
başqa ölkələrin Azərbaycandakı səfirləri
iştirak edirdilər.
Tədbir
iştirakçıları Əndəlibin həyat və
yaradıcılığına həsr olunmuş kitab və
dövrü mətbuat materiallarını əhatə edən
sərgi ilə tanış oldular.
Kitabda bu il anadan olmasının 350
illiyi tamam olan böyük türkmən şairi,
ümumtürk ədəbiyyatının görkəmli
nümayəndəsi Nurməhəmməd Əndəlibin
seçilmiş əsərləri toplanıb. Kitab 31 mart - 4
aprel 2009-cu il tarixlərində İstanbulda TÜRKSOY tərəfindən
təşkil olunan “Türk ləhcələri arasında
uyğunlaşdırma çalışmalarının
bugünkü durumu və qarşıya çıxan problemlər”
mövzusunda beynəlxalq simpoziumun tövsiyələrinə və
yekun bəyannaməsinə uyğun olaraq nəşr edilib.
Yeganə
Mədəniyyət.-
2011.- 11 mart.- S. 4.