Xalq yazıçısı
İsmayıl Şıxlının xatirə
barelyefi açıldı
Martın 7-də Xalq yazıçısı
İsmayıl Şıxlının uzun illər
yaşadığı binanın qarşısında
(Üzeyir Hacıbəyov küçəsi, 27) xatirə
barelyefinin açılış mərasimi keçirildi. Mərasimdə
elm, mədəniyyət, incəsənət xadimləri,
yazıçı və şairlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə
açan mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyev unudulmaz sənətkarın həyat və
yaradıcılığı barədə məlumat verdi:
“Özünə ədəbiyyat və mədəniyyət
tarixində ömürlük səhifə yazan İsmayıl
Şıxlı Azərbaycan ədəbiyyatının ən
parlaq simalarındandır. Yazıçının məşhur
“Dəli Kür” romanı və roman əsasında çəkilən
eyniadlı film onu milyonların sevimlisinə çevirib. Onun əsərləri
bundan sonra yüz illər boyu yaşayacaq”.
Azərbaycan Yazıçılar
Birliyinin Sədri, Xalq yazıçısı Anar
çıxışında qeyd etdi ki, İsmayıl
Şıxlı ədəbiyyatımızda şah əsərlər
yaradan qələm sahiblərindən biridir: “İsmayıl
Şıxlı tək yazıçı kimi yox, həm də
kübar bir insan kimi yaddaşlarımıza həkk olunub”.
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov
yazıçının “Cəbhə gündəlikləri”ndən
tutmuş “Mənim ölən dünyam” əsərinə qədər
böyük yaradıcılıq yolu keçdiyini
vurğuladı.
Akademik Teymur Bünyadov, ədibin
“Ölüləri qəbiristanlıqda dəfn edin” əsərinə
səhnə quruluşu verən rejissor Rövşən
Almuradlı dəyərli əsərlər yaratmış
yazıçının şəxsiyyətinin
böyüklüyündən bəhs etdilər.
“Azərbaycan” jurnalının
baş redaktoru İntiqam Qasımzadə isə vaxtilə
görkəmli sənətkarla bir kollektivdə işləməsindən
danışdı və onun pedaqoji fəaliyyətini diqqətə
çatdırdı.
Yazıçının oğlu,
tanınmış jurnalist Elçin Şıxlı
atasının xatirəsini əbədiləşdirmək məqsədilə
imzaladığı sərəncama görə prezident
İlham Əliyevə minnətdarlığını bildirdi.
Sonda heykəltəraş Natiq Əliyevin
hazırladığı xatirə barelyefinin
açılışı oldu.
Reyhan
Mədəniyyət.-
2011.- 11 mart.- S. 4.