Azərbaycan-Almaniya turizm əlaqələri genişlənir

 

   Martın 9-da Almaniyada «İTB Berlin-2011» turizm sərgisi işə başlayıb. Martın 13-dək davam edəcək sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Heyətə nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Cəmil Kəlbəliyev, BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov, Dövlət Mahnı və Rəqs ansamblının 6 nəfər üzvü, ölkəmizdə fəaliyyət göstərən 12 hotel və turizm şirkətinin əməkdaşları, KİV nümayəndələri daxildir.

   Sərgi iştirakçılarından olan «Skal Bakı» klubunun prezidenti Ruslan Quliyevin verdiyi məlumata görə, martın 9-da Azərbaycan nümayəndə heyəti ölkəmizin Almaniyadakı səfirliyində təşkil edilmiş tədbirə qatılıb. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov «İTB Berlin» sərgisinin dünyanın ən böyük və əhatəli turizm sərgilərindən biri olduğunu və Azərbaycanın bu sərgidə mütəmadi olaraq hər il iştirak etdiyini bildirib. Almaniyadakı səfirimiz Pərviz Şahbazov da çıxış edərək, sərgidə Azərbaycana uğurlar arzulayıb.

   R.Quliyevin sözlərinə görə, tədbirdə Azərbaycan turizm şirkətlərinin nümayəndələri ilə Almaniyanın aparıcı turoperatorlarının görüşü də keçirilib, qarşılıqlı turizm əlaqələri, əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin çıxışı ilə davam etdirilib.

   Qeyd edək ki, «İTB Berlin-2011» sərgisində ölkəmizin turizm potensialı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 104 kvadratmetr lövhədə alman və ingilis dillərində hazırlanmış reklam-çap məhsulları vasitəsilə nümayiş etdirilir.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.-11 mart.- S. 3.