Dünya
Mədəniyyətlərarası Dialoq Forumu ilə
bağlı seminar keçirilib
Xəbər
verdiyimiz kimi, Bakı şəhəri aprelin 7-9-da mötəbər
beynəlxalq tədbirə - Dünya Mədəniyyətlərarası
Dialoq Forumuna ev sahibliyi edəcək. Martın 10-da Mədəniyyət
və Turizm Nazirliyində Forumla bağlı media nümayəndələri
üçün seminar keçirildi.
Tədbiri giriş sözü ilə
açan nazirliyin Elm və təhsil şöbəsinin
Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun Azərbaycanın beynəlxalq nüfuzunun
möhkəmlənməsinə xidmət edəcəyini
bildirdi. “Forumda müxtəlif ölkələrdən
çoxsaylı qonaqlar iştirak edəcək. Artıq 24
ölkədən mədəniyyət nazirinin Bakıya gələcəyi
dəqiqləşib”.
A.Usubəliyev beynəlxalq təşkilatların
Forumda iştirakda maraqlı olduğunu dedi: “Azərbaycanda belə
bir tədbirin keçirilməsi ilk növbədə ölkəmizə
olan etimaddan xəbər verir. Tədbirin möhtəşəmliyi
ondan ibarətdir ki, ən mötəbər beynəlxalq təşkilatlar
- Avropa Şurası, UNESCO, İCESCO bu Forum çərçivəsində
bir araya gələcəklər”.
Nazirliyin Analitik təhlil və
proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov
forumla bağlı web-saytın hazırlandığını
bildirdi. Saytda ölkəmiz haqqında, mədəniyyət
müəssisələri, turizm şirkətləri,
mehmanxanalar, restoranlar və s. barədə məlumatlar yer alacaq.
Saytda media nümayəndələrinin zəruri olan xəbərlərdən
əlavə məqalələr bölümünün
açılması nəzərdə tutulur.
Forumun koordinatoru, nazirliyin Beynəlxalq
əlaqələr və mədəniyyət proqramları
şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq
və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə
iştirakçıların coğrafiyasının Asiya,
Avropa, Amerika və Afrikanı əhatə etdiyini bildirdi. Onun
sözlərinə görə, mədəniyyət nazirləri
ilə yanaşı, tədbirdə UNESCO-nun baş direktoru,
İSESCO-nun baş direktoru, Avropa Şurasının baş
katibi, Avropa Şurası Parlament Assambleyasının prezidenti
və digər beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının
rəhbərləri iştirak edəcəklər. Forum çərçivəsində
müxtəlif mövzularda sessiyalar keçiriləcək. Mədəniyyət
və Turizm Nazirliyi Avropa Şurası ilə birgə mədəniyyət,
incəsənət və irslə bağlı sessiya
keçirəcək. Dinlərarası münasibətlərə
dair sessiyanı Avropa Şurasının Şimal-Cənub Mərkəzi,
«Texnologiya, müasir media və vətəndaş
jurnalistikasının mədəniyyətlərarası
dialoqun təbliğində rolu», «Mədəniyyətlərarası
dialoqun müasir inkişaf prosesində rolu» ilə
bağlı sessiyaları BMT-nin Sivilizasiyalararası
Alyansı, «Qadınların mədəniyyətlərarası
dialoqda rolu» sessiyasını isə Mədəniyyət və
Turizm Nazirliyi, UNESCO, Heydər Əliyev Fondu, Ailə, Qadın
və Uşaq problemləri üzrə Dövlət Komitəsi
birgə təşkil edəcək. Əldə olunmuş
razılığa əsasən, “Euronews” telekanalı Forumun
çəkilişini aparacaq və bir həftə ərzində
on dildə nümayiş etdirəcək.
Ceyhun
Mədəniyyət.-
2011.- 11 mart.- S. 3.