“Zirvə” mükafatı qaliblərə təqdim olundu
Martın 10-da Dövlət Gənc
Tamaşaçılar Teatrının “Gümüş maska”
zalında Mədəniyyət və Turizm Nazirliyinin təsis
etdiyi “Zirvə” mükafatının yeni qalibləri elan olundu.
Mərasimdə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
nazirin birinci müavini Vaqif Əliyev, müavinlər Ədalət
Vəliyev və Sevda Məmmədəliyeva,
tanınmış mədəniyyət xadimləri və incəsənət
xadimləri iştirak edirdilər.
Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev bildirdi ki, “Zirvə” mükafatı milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət sahəsində xüsusi nailiyyətlər qazanaraq yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərə verilir. Qeyd olundu ki, mükafat 7 nominasiya üzrə təqdim olunur.
Sonra 2010-cu il üzrə “Zirvə”nin mükafatçıları elan olundu. Beləliklə, qalibləri təqdim edirik: Təsviri sənət sahəsi üzrə - Xalq rəssamı, “Şöhrət” ordenli Toğrul Nərimanbəyov (Azərbaycan təsviri sənətinin inkişafı və təbliğindəki müstəsna xidmətlərinə görə); teatr sahəsi üzrə - Azərbaycan Dövlət Rus Dram Teatrı (U.Şekspirin “Yay gecəsində yuxu” tamaşasına görə); musiqi sahəsi üzrə - Xalq artisti, Dövlət mükafatı laureatı Fərhad Bədəlbəyli (Qəbələ Beynəlxalq musiqi festivalının, pianoçuların Qara Qarayev adına I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin bədii rəhbəri kimi konsert fəaliyyətinə görə); kino sahəsi üzrə - Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə və Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev (Azərbaycan kino sənətinin təbliğinə görə); “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyası üzrə - tanınmış rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (peşəkar gənc kadrların yetişdirilməsinə görə); “Milli sərvət” bölməsi - Xalq artisti, prezident təqaüdçüsü Yaşar Nuri (teatr və kino sahəsindəki müstəsna xidmətlərinə görə); “Debüt” bölməsi - gənc vokalçı, beynəlxalq müsabiqələr laureatı Cavid Səmədov (2010-cu ildə qazandığı yaradıcılıq uğurlarına görə).
Bütün qalibləri təbrik edirik.
Qeyd edək ki, “Zirvə” mükafatı 2007-ci ildə təsis olunub.
Yeganə
Mədəniyyət.-
2011.- 11 mart.- S. 2.