Unudulmayan şair
İsa İsmayılzadənin
70 yaşına
«Hərdən şeirin-sözün sıxıntısından, «qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün» ağrısından ürəyim sızıldayır, dünyada məndən ötrü hər şeyin qurtardığı belə anlarda harasa baş götürüb qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerdə yolumu gözləyən itkin sözlərin dalınca düşmək, doğma, əziz bir adam kimi o sözə sığınmaq, o sözün boyunu oxşamaq istəyirəm» - İsa İsmayılzadə bu sözləri söyləyəndə hələ ölümünə 13 illik bir yol dururdu. Onda 1984-cü il idi, həmin bu sözləri İsa «Anamla söhbət» kitabındakı ön sözdə söyləmişdi.
«...Bu dünyanın, yəni ömrün bir qurtaracağı var, insan nə vaxtsa ölür, sən də, mən də - hamımız öləcəyik...»
İsa İsmayılzadə - bu istedadlı və bənzərsiz Azərbaycan şairi elə sağlığında öz ölümündən danışırdı. Ancaq o, bəzi şairlərdən fərqli olaraq «ölməz Kaşşey» libasına bürünmürdü. Elə bil, ölümün labüdlüyünü dərk edir və buna hazırlaşırdı. Amma haçansa yenidən bu dünyaya bir də qayıdacağına da inanırdı:
Bu dünyaya bir də qayıtmağım var...
Qəbrimin üstündə bitən gülləri,
Uyumuş,
soyumuş torpağı-daşı
Ölüm sükutundan oyatmağım var.
Nəsə, ürəyimə damıb, bilirəm -
Bəlkə də yüz ildən, min ildən sonra,
Milyon ildən sonra - nə bilmək
olar -
Nə vaxtsa dönəcək
ömrün illəri.
1997-ci ilin iyul ayında sapsağlam
bir Azərbaycan şairi birdən-birə ölüm
yatağına düşdü və gözlərimizin
qarşısında şam kimi əridi,
tanışlarının çoxu onun bu qəfil xəstəliyindən
xəbər tutmamış dünyasını tərk etdi. 14
ildir İsa yoxdur, onun şeirində dediyi möcüzə də
baş vermir. Amma hərdən mənə elə gəlir ki, o
möcüzə baş verəcək, bu saat İsa
qapını açıb redaksiyaya daxil olacaq, yenə öz
iş otağına çəkiləcək, yenə şeirlər
yazacaq.
Ölümündən sonra İsa
İsmayılzadənin «Gözləyin, dünyaya
qayıtmağım var..» kitabı çap olundu, elə bilirəm,
heç bir möcüzə olmadan o kitabla İsa
İsmayılzadə öz dostlarının, qələm
yoldaşlarının, əzizlərinin görüşünə
gəldi. Kitabın tərtibində və nəşrə
hazırlanmasında yazıçı Nəriman Əbdülrəhmanlının
böyük zəhmətini bəri başdan qeyd edirik. Burada
İsanın müxtəlif illərdə çap olunmuş
kitablarından seçmə şeirlər, poemalar təqdim
edilir, həmçinin sağlığında və
ölümündən sonra İsa İsmayılzadə
yaradıcılığından söz açan məqalələr
də əlavə olunur. Beləliklə, ŞAİR İSA
İSMAYILZADƏ obrazı bütünlüklə gözlərimiz
qarşısında canlanır.
İsa İsmayılzadə
60-90-cı illər Azərbaycan poeziyasının
tanınmış nümayəndələrindən biri idi və
indi, onun ölümündən keçən bu 14 il ərzində
biz bunu daha artıq hiss edirik ki, onun poeziyası təkcə
yazıldığı illərin deyil, bu günün və gələcəyin
də poeziyasıdır. O, elə bir vaxtda ədəbiyyata gəlmişdi
ki, artıq sənətdə yeni meyllər, tendensiyalar meydana
çıxırdı. İsa və onun mənsub olduğu ədəbi
nəsil bədii axtarışlar yolunu tutub bu yeniliyin ədəbiyyatda
inikas olunmasında böyük rol oynadılar. Əlbəttə,
yenilik, novatorluq həmişə müqavimətlə,
mühafizəkarlıqla qarşılanır və İsa
İsmayılzada də bunu özünün sənət
taleyində hiss elədi. Yaxşı xatırlayıram ki,
İsanın «Yağış gölməçəsi»
şeiri mücərrəd, anlaşılmaz, guya ədəbi ənənələrə
zidd bir poeziya nümunəsi kimi tənqid hədəfinə
çevrildi. İsa yağışın yağmasını,
bu yağışdan yaranan gölməçələri təsvir
etmişdi, amma necə:
Yağdı, tala-tala gölməçə
yağdı,
göylərin dəlisov ilhamı
yağdı,
sərçələrin soyuq
«hamamı» yağdı,
Yağış gölməçəsi
buludla doldu,
Günəşlə,
payızla,
sükutla doldu.
Sonralar «eksperiment» kimi qəbul edilən
bu tipli şeirlər yazmaq adi hala çevrildi və məlum
oldu ki, sözün min bir çaları varmış, sözün
rəngləri, naxışları, fəsilləri
varmış, sadəcə olaraq bunları şeirə gətirmək
lazımmış. İllər keçdi və İsa
İsmayılzadə də bir çox yaşıdları kimi
etiraf olundu, hətta cavanlara qarşı çox qısqanc bir
mövqedə dayanan Məmməd Rahim İsanın bir
şeiri haqqında ayrıca məqalə yazdı, onu
istedadlı bir şair kimi təriflədi. Həmin şeir isə
İsa İsmayılzadənin müharibə haqqında
yazdığı ən gözəl şeirlərindən biri
kimi poeziyamızın inciləri sırasına daxil oldu:
Getdilər. Getdilər fit
çala-çala,
Getdilər atları çimizdirməyə.
Bizi aparmadılar.
Qulançar yığmağa,
moruq dərməyə
Bizi aparmadılar.
Yalvarıb-yaxarıb, dil tökəndə
biz
onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız...nə
yaşınız var..»
Getdilər, getdilər Berlinə
sarı,
getdilər, getdilər ölümə
sarı.
Güllələr demədi: geri
qayıdın.
Lülələr demədi: geri
qayıdın,
qəlpələr demədi: geri
qayıdın,
hələ uşaqsınız, nə
yaşınız var.
İsa İsmayılzadə
dünya poeziyasına vaqif olan bir şair idi. Şeir
kitablarının birinə yazdığı ön sözdə
deyirdi: “İkinci kursda oxuyarkən adını təzə
eşitdiyim Pablo Nerudanın ikicildlik şeir kitabını mənə
bir gecəliyə, ancaq bir gecəliyə oxumağa verdilər.
Axşamdan başlayıb gecə yarıya kimi oxuyub
qurtardım, amma P.Nerudanın qüdrətli obraz sehrinin təsirindən
qurtara bilmədim: onda inandım ki, dahilərin əlində
söz doğrudan da möcüzədir, sehrdir, nə isə,
elastik bir materialdır - onu istədiyi səmtə əyə
bilir, ondan istədiyi fikri-obrazı ala bilir. Söz insanın,
daha doğrusu, «sehrbaz şairlərin» necə də qulu
olarmış (Füzulini, Rilkeni, Svetayevanı, Bloku, N.Hikməti,
Voznesenskini oxuyandan sonra bu qənaətim daha da gücləndi).
Ölməz Çili şairinin mənə
bağışladığı o sehrli gecə mənim
ömrümdə yuxusuz, narahat obraz gecəsi kimi qaldı...”
Eyni hissi mən də İsa
İsmayılzadənin şeirlərini oxuyarkən
keçirmişəm. Kifayət qədər obrazlı
düşünən və bu düşüncələrini
poeziyada obrazlara çevirən İsanın şeirləri
indinin özündə də görüb-götürmək
nümunəsidir.
Şıdırğı, selləmə
yağış yağanda,
Bizim evimizin
yaxınlığında
Arxlar çiçəkləyər,
Kür çiçəkləyər.
Suyunun sinəsi, üzü buluda,
Hər damcı - təzəcə
açılan buta,
Açıla-açıla solar
yerində.
Bir az boy göstərib, dikəlmək
istər,
Qorxulu-qorxulu bükülmək istər,
Bükülə-bükülə
ölər yerində.
İsanın şeir
kitablarından zövqümcə (əlbəttə, isasevərlərin
zövqünü də nəzərə alıram) olan
şeirləri bir-bir sıralayıram: «1941», “Yağış
gölməçəsi”, «Oyuncaqsız
uşaqlığım», «İşıqlar»,
«İşıqlı yarpaqlar», «Yarpaq odası», «Güllələr
demədi», «Mənim qanadlarım olub bir zaman», «Avqust», «Vaxtla
uzlaşmağı bacarmayanda», «Qatar gedir Araz boyu», «İkiyə
bölünmüş gün», «Mən bir termos şüşəsiyəm»,
«Duel», «Gözləyin, dünyaya qayıtmağım var...»,
«Yaxşı adamların azalır, dünya», «Keçdim
Qarayazı düzənliyindən», «Ögey oğullara inanma, Vətən»,
«İçərişəhər». Və onun poemaları:
«Böyüdülmüş şəkillər», «Heykəl Nəsiminin
monoloqları», «1937», «Haran ağrıyır, Vətən». Bu
şeir və poemaların hər biri haqqında ayrıca
söz açmaq, onların poetik məziyyətləri barədə
danışmaq olar.
Bu məqamda mən mərhum
şairimiz Əliağa Kürçaylının bir fikrini
xatırlamaq istəyirəm: « Şair var ki, imzasını
görən kimi ürəyindən bu hisslər keçir:
«Oxumamaq da olar. Təzə nə deyəcək ki? Əvvəlki
şeirlərinin tayı olacaq, vəzni, qafiyəsi yerində,
yüz dəfə eşitdiyimiz növbəti fikirlər». Elə
şairlər də var ki, onların imzasıyla rastlaşanda
hökmən nə isə yeni fikirlə, eşitmədiyin,
görmədiyin bir aləmlə, poetik bir kəşflə
rastlaşacağını yəqin edirsən. Həmin bu
şairin sənə tanış olan əvvəlki şeirlərindən
çıxış edərək belə bir qənaətə
gəlirsən ki, o, hədəfsiz nişan atmaz, poetik gülləsini
boşa atmaz.
Mənim fikrimcə, İsa
İsmayılzadə ikincilərdən - poeziya silahını
hədəfsiz tuşlamayan şairlərdəndir».
İsa İsmayılzadənin
sevdiyi şairlər çox idi. Ancaq bir şairi o, hamıdan
daha çox sevirdi. Bu şair
«altmışıncıların» yaradıcılıq yolunun
müəyyənləşməsində böyük rol
oynayan Rəsul Rza idi. Çox-çox sonralar,
ölümünə bir il qalmış İsa
İsmayılzadə yazacaq: «İlk kitabım 1968-ci ildə «Gənclik»
nəşriyyatında - «Ulduzların ad günü» adı
altında çıxdı. Əkrəm Əylisli orada
baş redaktor işləməsəydi, Rəsul Rza kimi mənəvi
dayağımız olmasaydı, nə mənim, nə Ələkbərin,
nə Vaqif Səmədoğlunun, nə də Ramiz Rövşənin
kitabları işıq üzü görə bilərdi».
Rəsul
Rza yeni söz deyən, poeziyada bir ədəbi nəsil kimi
formalaşmağa can atan cavan şairlərin yol göstərəni
və himayəçisi oldu. O, tənqidlərə, hətta
ittihamlara dözərək Əli Kərimin, Fikrət
Qocanın, İsa İsmayılzadənin, Fikrət
Sadığın, Ələkbər Salahzadənin şeirlərini
müdafiə etdi və yanılmadı da. Sonralar bu şairlərin
hər biri poeziyada öz fərdi dəst-xəttiylə
seçildilər. 1963-cü ildə qələmə
aldığı «Ümid və arzular» məqaləsində Rəsul
Rza cavan İsa İsmayılzadənin şeirlərindən
söz açaraq yazmışdı: «İsa İsmayılzadənin
şeirlərində poetik fikir aydın, təsirli, konkretdir.
O, həyatın adi hadisələrinə şair gözü
ilə baxır, onlarda çox şey görməyi
bacarır. İsa gördüklərindən, duyduqlarından
qibtə hissi oyadan poetik bir xəsisliklə danışır.
Sən inanırsan ki, gənc şair bildiklərinin ancaq bir
hissəsini, mühüm saydığı hissəni oxucuya
yetirir».
İsa İsmayılzadə
müharibə dövrünün uşağı idi. Bu
dövrün uşaqları atasızlıq müsibətini
görmüşdülər, qara xəbərlər
eşitmişdilər, boyları yetimlikdən
uzanmamışdı, oyuncaqsız qalmışdılar.
«Böyüdülmüş şəkillər» poeması,
fikrimcə, müharibədən çox-çox sonra
yazılsa da, müharibənin nə demək olduğunu
poeziyada yüksək sənətkarlıqla əks etdirən
bir nümunə idi.
Qarabağ savaşı
başlanandan sonra İsanın üzü gülmürdü.
O, hər gün Qarabağ dərdi ilə yaşayırdı.
Ölümündən üç il öncə
yazdığı «Haran ağrıyır, Vətən»
poemasını da elə bu ürək ağrısıyla
yazmışdı. Azərbaycanın bu müharibədə
itkilər verməyi, ölkədəki hərc-mərclik, xaos
ona ağır gəlirdi.
Özü boyda göz
yaşıdı Qarabağ,
Dərdimizin başdaşıdı
Qarabağ.
Poema bu misralarla başlayır və
burada məmləkətimizin düşdüyü
bütün bəlalar bircə-bircə poeziya
işığına çəkilir. Bu işıqda isə
düşdüyümüz bütün müsibətlər,
səhvlərimiz açıq-aşkar görünür.
Bir vaxt vətən yolları
harda, harda qurtarardı -
Astarada qurtarardı.
Vətən orda
qoruq olmuşdu, qoruq.
İndi Vətən yolları
Qurtarar erməni yuvalarında,
İndi dustaqdı Vətən.
Bu işıqda düşmənlər
də bütün tarixi-müasir görkəmləri, niyyət
və məkrləri ilə görünürlər: «Atan
kazaklardır... Atan ruslardır... Pusquda dayanan Rusiya atır, səngərdən,
meşədən, ağac dalından, hər dalandan, hər
tindən atır Rusiya».
Torpaqlarımızın əldən
getməyində, fərariliyin qorxulu bəlaya çevrilməsində,
kəndlərimizin boşaldılmasında, milli-mənəvi
dəyərlərimizin ucuzlaşmasında isə biz
günahkarıq. Bu mənada «Haran ağrıyır, Vətən»
poeması poetik bir ittihama çevrilir:
Hara qaçırsan, Oğul?
Hara qaçırsan, Vətən?
-
Sən qurtaran yerdə Ölüm
başlayır...
Hara qaçırsan, Vətən
oğlu?!
...Bakıya uçursan, Vətən,
Bakıya köçürsən,
Vətən
Bakıya qaçırsan, Vətən...
Mən belə köç istəmirəm,
istəmirəm!
Ancaq bu poema-ittihamın sonu
nikbinliklə bitir: «Döyüş marşı
çalınır, haydı, irəli, haydı, irəli, Əsgər
Azərbaycanım».
SON SÖZ: «Gördüm bu
dünyanın hər üzünü mən». Həyatın,
dünyanın isti-soyuğunu görmüş bir şairin
qırx üç yaşında yazdığı şeirindəndir
bu misra. Onun ömür yoluna bu bircə misradan da bələdçi
kimi cığır açmaq olar. Bu ömür yolunun ən
mənalı keçən günləri, ayları, illəri
olub və heç şübhəsiz, onu bütünlüklə
səciyyələndirməli olsaq, ŞAİR ÖMRÜ ifadəsi
üzərində dayanarıq. İsa doğrudan da, əsl
şair ömrü yaşadı - həyatda
qazandığı bütün uğurlara, sevinclərə, hətta
itkilərə görə də, o, şair ömrünə
bağlıdır. İsa bu sənət yolunda
işıqlı adamlar da görüb, «səhralar qoynunda
çiçək» də görüb, işıqsız
adamlar da...Lakin o həmişə zamanın dəyişən
küləklərindən öz şair adını ürəyi
kimi təmiz saxladı...
Vaqif
Yusifli
Mədəniyyət.-
2011.- 16 mart.- S. 12.