Moskvalı nümayəndənin
sənədində nədən söhbət gedirdi?
Kino
tariximizdən
Milli
kinomuzun tarixi ilə əlaqədar “Mədəniyyət” qəzetində
dərc edilmiş “Bakı kinostudiyasında baş verənlər”
adlı məqalədə (qəzetin 26 yanvar 2011-ci il tarixli
sayı - red.) 1939-cu ildə Bakı kinostudiyasında vəziyyətlə
SSRİ XKS yanında Kinematoqrafiya
İşləri üzrə Komitənin böyük redaktoru
Mitriçin bu sənəddə daha nələrdən söz
açırdı?
Azərb. K (b) P MK katibi Yaqubova
ünvanlanmış sənəddə deyilir: “Sizin
xahişinizlə əlaqədar Bakı kinostudiyasının
ssenari şöbəsinin işi və göstərilən
studiyanın işinin yaxşılaşdırılması
üzrə tədbirlər haqqında öz mülahizələrimi
şərh edirəm.
Bakı kinostudiyası son vaxtlara
kimi sovet kinematoqrafiyasında axırıncı yerlərdən
birini tutmuşdur: kinostudiyanın bir yaradıcı
işçisi belə sovet kinematoqrafiyasının sənətkarları
sırasında irəli çəkilməmişdir.
Əvvəllər ssenari şöbəsi studiyanı lazımi keyfiyyətli ssenarilərlə təmin etmirdi. Ssenarilərin əksəriyyəti dramaturji baxımdan zəif idi, həm də prinsipial problem mövzulara toxunmurdu. Bundan başqa, ssenarilərin yazılma müddəti uzandığı üçün yaradıcı işçilər (rejissorlar, operatorlar və b.) işsiz qalırdı. Ssenarilərin hazırlanmasından ötrü iri məbləğdə vəsait xərclənirdi. Lakin bunun üçün zəif müəlliflər işə cəlb olunurdu. Beləliklə, yaradıcı qruplar işsiz qalır, ssenarilər guya yazılır, faktiki olaraq studiya məhsul vermirdi.
Son vaxtlar Bakı kinostudiyasının ssenari portfelinin vəziyyəti bir qədər yaxşılaşmışdır. Bu, studiya rəhbərliyi dəyişdiriləndən sonra olmuşdur. Hazırda istehsalda dörd film vardır: “Dərinlik” - müəllif İmran Qasımovdur. Bu ssenari Kinematoqrafiya İşləri üzrə Komitə tərəfindən il yarım bundan əvvəl qəbul olunmuş və yüksək bədii keyfiyyətinə görə deyil, studiyanı daimi boş dayanmadan qurtarmaq məqsədilə istehsala buraxılmışdır. Hazırda Azərbaycan yazıçıları və studiyanın yaradıcı işçiləri bu ssenariyə ehtiyatla yanaşırlar. Bu təhlükə əsasız deyil. Çünki ssenari həqqiqətən bir qədər sxematikdir.
Ikinci ssenari - “Dənizçinin qızı” azərbaycanlı yazıçı tərəfindən yazılmayıb. Bu, dramaturji cəhətdən yaxşı ssenaridir. Lakin mövzusuna görə hər hansı bir mürəkkəb problemə toxunmur. Bu, sadəcə olaraq “həyatı əks etdirən” əyləncəli filmdir.
“Üçüncü ssenari - “Ayna” Ənvər Məmmədxanlınındır. Milli koloritli orijinal əsərdir . Lakin ssenari dramaturgiya və süjet quruluşu baxımından zəifdir. Bununla belə əvvəlki uğurlarından vəcdə gəlmiş ssenari müəllifi öz işinə tamamilə tənqidi yanaşmır. Belə vəziyyət isə ssenarinin keyfiyyətinə görə narahatçılıq yaradır.
Studiya rəhbərliyi bu ssenarinin istehsalı məsələsinə ciddi yanaşmamışdır. Əgər ssenari yenidən işlənsəydi maraq doğura bilərdi. Rəhbərlik ssenariyə quruluş verməyi tamamilə təcrübəsiz rejissorlara tapşırmışdır. Gənc rejissorların işinin uğurunu təmin edən kollektiv yaratmaq əvəzinə studiya elə yaradıcı kollektiv komplektləşdirmişdir ki, quruluşun baş tutmayacağını əvvəlcədən görmək çətin deyildi.
Rejissor Çiaureli “Ayna”nın bədii rəhbərliyini öz üzərinə götürsə də, yaradıcı kollektiv yüksək ixtisaslı yaradıcı kadrlarla möhkəmləndirilməli idi.
Dördüncü ssenari - “Vur, toxmaq” İmran Qasımovundur. Hazırda hazırlıq mərhələsi başa çatmaq üzrədir. Bu xalq nağılına quruluş vermək üçün rejissor Yekimovski cəlb olunmuşdur. Yekimovski bir istehsalçı kimi mənə məlum deyil. Rejissor bu yaxınlarda xaricdən gəlmişdir. Sənədlər üzrə norveçlidir. Lakin söhbət zamanı alman olduğunu bildirdi. Azərbaycan folklorundan tamamilə xəbəri olmayan bu adam özündə cəsarət tapıb İ.Qasımovun ssenarisinin əsasını təşkil edən xalq nağılını təsəvvür etdiyi kimi çəkəcəyini söyləmişdir.
1939-cu ilin istehsalı
üçün studiya formal olaraq ssenarilərlə təmin
olunmuşdur. Lakin bütün bu ssenarilər Azərbaycan
kinematoqrafiyasının inkişafını təmin etmir.
1940-cı il üçün
ssenari şöbəsi tərəfindən bir neçə
ssenari hazırlanır: “Şaumyan” - müəllif Viktor
Şklovskidir. Bu ssenari studiyanın iştirakı olmadan
Moskvada yazılmışdır. Film Bakı və Yerevan
kinostudiyaları tərəfindən çəkiləcəkdir.
Müqavilənin keçən il
bağlanmasına baxmayaraq yazıçı Rəsul Rza bu
günə kimi özünün “Qocalar” ssenarisini studiyaya təhvil
verməmişdir. Bu ssenari müasir kolxoz həyatından
danışdığı üçün müəyyən
maraq doğurur və studiyanın tematik planına daxil edilməlidir.
Yazıçı Əbülhəsən
Ələkbərzadə ilə “Firəngiz” ssenarisi
üçün müqavilə bağlanmışdır.
Müasir kolxoz həyatına həsr olunsa da, ssenari çox zəif
yazılmışdır. Hər halda bu ssenari üzərində
möhkəm işləmək lazım gələcəkdir.
Yazıçı
İ.Qasımovla Bakı şəhərinin sosialist
quruculuğu mövzusunda “Qalanın alınması” şərti
adı altında ssenarinin yazılması ilə bağlı
müqavilə bağlanmışdır. Ssenarinin mövzusu
çox maraqlıdır. Lakin onun yazılması çətinlik
törədəcəkdir. Yoldaş Rəfili oktyabrın 15-i
üçün “Səbuhi” (Mirzə Fətəli Axundov)
ssenarisini yazıb qurtarmalıdır. Ənvər Məmmədxanlı
ilə “Koroğlu” ssenarisi üçün müqavilə
bağlanmışdır. Yol. Çikovani və Fradkinin təqdim
etdikləri “Murovdağın işıqları” ssenarisi yalan
süjet üzərində qurulduğu üçün bu
gün onun çəkilişindən belə söhbət gedə
bilməz.
Studiya vaxtilə Kinematoqrafiya
İşləri üzrə Komitə tərəfindən qəbul
edilməmiş “Makedoniyalı İsgəndərin xəzinəsi”
adlı pis ssenarnin düzəlişini təkid edirdi. Bu ssenari
pionerlərin yay tətili problemini tamamilə təhrif edir.
Buna baxmayaraq studiya lazımsız ssenariyə görə azərbaycanlı
olmayan üç müəlliflə müqavilə
bağlamışdır.
Bakı kinostudiyasının
aşağı keyfiyyətli ssenariləri onu deməyə əsas
verir ki, müəlliflər kinodramaturgiyanın
qanunlarını bilmirlər. Digər tərəfdən milli
müəlliflərlə ciddi məsləhət işi
aparılmır.
İndiyə kimi ssenarilərin
hazırlanması üzrə tematik plan özbaşına
buraxılmışdı. Bundan sonra studiyalara müəyyən
mövzuların tapşırılması ssenari şöbələrinin
öz işlərini planlı şəkildə qurmağa
şərait yaradacaqdır. Konkret olaraq Kinematoqrafiya
İşləri üzrə Komitə Bakı kinostudiyasına
aşağıdakı mövzuları
tapşırmağı lazım bilir: 1) “Stepan Şaumyan”; 2)
Bakının müdafiə olunmasının
hazırlığı haqqında; 3) Azərbaycan və
Gürcüstan nefti haqqında. Qardaş respublikaların
qarşılıqlı köməyindən bəhs olunur; 4)
Rayon partiya komitəsi katibi haqqında. Rayonda partiya işinin
prinsipləri göstərilir; 5) Dağılmış gənc
ailə şəraitində uşağın tərbiyəsi
haqqında. Məişət mövzusudur; 6) Komediya. Burada xalq
folklorundan istifadə olunmalıdır.
Sizin “Babək”i “Koroğlu” ilə əvəz
etmək təklifiniz barədə Moskvaya xəbər
vermişəm. Çox güman ki, təklifiniz qəbul
olunacaq. Amma bir şərtlə ki, “Koroğlu”nun quruluşu
bir il sonraya salınacaq.
Azərbaycan
yazıçılarının fəallar qrupu ilə birgə
müəlliflərin namizədliyi müzakirə olunarkən
“Nizami” ssenarisinin Rəfili və Məmmədxanlıya
tapşırılması qərara alınmışdır.
Ailə və uşağın tərbiyəsi
mövzusu Mirzə İbrahimova, Bakının müdafiəyə
hazır olması mövzusu Mehdi Hüseynə, qardaş
respublikaların qarşılıqlı əlaqəsi
mövzusu Qurban (əslində Qılman - A.K.) Musayevə və
onun gürcü həmkarları Şengelaya və Samsoniyaya
tapşırılmışdır. Raykom katibi mövzusu Əbülhəsən
Ələkbərzadəyə həvalə olunmuşdur.
Komediya mövzusu açıq qalmışdır.
Çünki Rəsul Rza “Qocalar” adlı komediya janrında
olan ssenarisini başa çatdırmamışdır.
Azərbaycan
yazıçılarının kinostudiya ilə münasibətləri
üzərində dayanmağı vacib hesab edirəm. Bu
münasibətləri qənaətbəxş hesab etmək hələ
ki, olmaz. Bir tərəfdən Azərbaycan
yazıçıları kinematoqrafiyaya işləməyə
çox çətinliklə gəlirlər. Digər tərəfdən
milli kinematoqrafiyaının yüksəlişinə kifayət
qədər kömək etmirlər.
Milli müəlliflərin dairəsi
olduqca məhduddur, yeni müəlliflərin cəlb
olunması imkanları vardır. Bununla belə cavan
yazarların kinematoqrafa cəlb olunması işi ilə
heç kəs məşğul olmur. Ssenari yazmaq üzrə
müqavilə bağlamış Azərbaycan müəllifləri
bu müqavilələrin yerinə yetirilməsi vaxtına riayət
olunmasına məsuliyyətsiz yanaşırlar. Bununla da
istehsalın planlaşdırılması imkanını
heçə endirirlər.
Onu da qeyd etmək lazımdır
ki, bir sıra Azərbaycan müəllifləri öz işlərinə
tənqidi yanaşmırlar. Bakı kinostudiyasının
ssenari şöbəsinin hazırladığı ssenarilər
keyfiyyətsiz olduğu üçün qarşıya qoyulan tələblərə
cavab vermir.
Ssenari şöbəsinin rəisi
Sabir Mühəmmədov vəzifəyə müvəqqəti
təyin olunsa da, bu vəzifəni heç də pis icra etmir.
Bununla belə lazımi təşəbbüs göstərmir.
Özü də yaxın vaxtlarda Özbəkistan SSR-ə
işləməyə getmək istəyir.
Ssenari şöbəsi rəisinin
köməkçisi Vəkilova tamamilə yerində deyil. Onun
işə heç bir xeyri yoxdur. Mənim müşahidələrimə
görə, iş vaxtı hər cür işlə məşğul
olur (kitab mütaliəsi, şəxsi söhbətlər və
s.), təkcə ssenari şöbəsinin işindən
başqa. Əvvəllər Vəkilova uzun müddət xaricdə
yaşamış, özünün dediyinə görə,
“yalnız yüksək cəmiyyətin xanımlarını”
massaj etməklə məşğul olmuşdur.
Ssenari şöbəsinin məsləhətçisi
Minski bir sıra yararsız ssenarilərin müəllifidir və
o, müəlliflərə heç bir yaradıcı köməklik
göstərə bilmir. Ssenari şöbəsinin işinin
yenidən qurulması barədə fikirləri səhvdir.
Minski işin xeyrinə olaraq tutduğu vəzifədən azad
edilməlidir. Onun yerinə, avqustun 10-da milli müəlliflərlə
böyük iş təcrübəsi olan kinodramaturq Kamennoqorski-Ştenberq
gələcəkdir.
Beləliklə, tematikanın yenidən qurulması, müəlliflərin yüksək ixtisaslı məsləhətçilərlə təmin olunması, ssenari şöbəsində işləyənlərin siyasi və ixtisas baxımdan daha lazımlı adamlarla əvəz olunması ümid verir ki, studiyanın ideoloji iş sahəsi qaydasına düşəcəkdir.
Ssenari şöbəsinə studiya rəhbərliyi tərəfindən etinasızlıq göstərilməsi yolverilməzdir. Bu onunla bağlıdır ki, studiya direktoru Əsriyev (yəni direktor təyin olunana qədər) ssenari şöbəsinin rəisinin əvəzinə müqavilələri, müxtəlif məktubları və müəlliflərə göndərilən çağırış vərəqələrini imzalayır. Eyni zamanda ssenari şöbəsinin rəhbərliyini studiyanın gündəlik istehsalat həyatından kənarlaşdırır. Misal üçün, direktor Əsriyev “Kəndlilər” filmini ssenari şöbəsinin rəisinə göstərməkdən imtina etmişdir.
Ssenari şöbəsinin rəisi vəzifəsinə namizəd seçmək lazımdır ki, o, bu şöbənin işini lazımi səviyyəyə qaldıra bilsin.
Axırda bilavasitə mənə aid olmayan bir məsələni qeyd etmək istəyirəm. Bu, studiyanın müntəzəm olaraq boş dayanma məsələləri ilə bağlıdır. Mənə elə gəlir ki, studiya məhsullarının keyfiyyətcə və sayca aşağı olmasının əsas səbəbləri qeyri-düzgün kadr seçimidir. Studiyada yaradıcı işçilər arasında ixtisaslı sənətkarlar yoxdur; milli kadrların inkişafı üçün heç bir tədbir görülmür, mövcud ştat yad elementlərlə zibillənib. Misal üçün, operatorlar arasında Varşavadan gələnlər var. Kinomexaniklər arasında alman və italyan qadın çalışır. Halbuki bu vəzifələrə yoxlanılmış və lazımlı şəxsləri cəlb etmək olardı”.
P.S. Sənəddən göründüyü kimi, 30-cu illərdə Bakı kinostudiyasının fəaliyyətini ləngidən əsas səbəblərdən biri ssenari problemi, milli yazıçılarımızın bu işə həvəs göstərməmələri, onların kinodramaturgiyanın qanunlarını yaxşı bilməmələri ilə bağlı olmuşdur. Azərb. K(b)P MK bürosunun qərarı ilə Bakı kinostudiyasının rəhbərliyinin dəyişdirilməsinə baxmayaraq, bu sahədə irəliləyiş az nəzərə çarpmışdır.
Aydın Kazımzadə,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.-
2011.- 16 mart.- S. 10.