Azərbaycanın
turizm potensialı Berlində uğurla nümayiş olunub
Alman
şirkətləri Azərbaycanla əməkdaşlığa
böyük maraq göstərirlər
Xəbər
verdiyimiz kimi, martın 9-dan 13-dək Almaniyada «İTB
Berlin-2011» turizm sərgisi keçirilib. Sərgidə ölkəmizi
Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri
Firudin Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti
təmsil edib.
Heyətə nazirliyin Turizm
şöbəsinin Daxili turizmin inkişafı sektorunun
aparıcı məsləhətçisi Cəmil Kəlbəliyev,
Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi
Cəlil Məlikov, BMT-nin İnkişaf Proqramının
Turizmin İnkişafı layihəsinin milli koordinatoru Faiq
Qürbətov, Dövlət Mahnı və Rəqs
ansamblının 6 nəfər üzvü, ölkəmizdə
fəaliyyət göstərən 12 hotel və turizm şirkətinin
əməkdaşları, KİV nümayəndələri
daxil idi.
Sərgi
iştirakçılarından olan «Skal Bakı» klubunun
prezidenti Ruslan Quliyevin verdiyi məlumata görə, martın
9-da Azərbaycanın Almaniyadakı səfirliyində Mərkəzi
və Şərqi Avropa Cəmiyyətinin və Şərqi
Avropada Turizmin İnkişafı Cəmiyyətinin təşkilatçılığı,
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə “Azərbaycanın turizm sektorunun hazırkı vəziyyəti
və inkişaf perspektivləri” mövzusunda forum təşkil
olunub. Tədbirin keçirilməsində məqsəd Azərbaycanda
turizm sektorunun vəziyyəti, bu sahənin inkişaf etdirilməsi
üçün ölkə rəhbərliyi tərəfindən
həyata keçirilən tədbirlər, turizmin inkişaf
perspektivləri və sahə üzrə əməkdaşlıq
imkanlarının müzakirəsi olub.
Forumda Almaniya Bundestaqının
üzvləri, Almaniyanın bir sıra nazirliklərinin əməkdaşları,
Berlində akkreditə olunmuş səfirliklərin nümayəndələri,
turizmdən yazan jurnalistlər və şirkətləri təmsil
edən 100-dək qonaq iştirak edib.
Azərbaycanın Almaniyadakı səfiri
Pərviz Şahbazov ölkəmizin son illər əldə
etdiyi iqtisadi nailiyyətlərdən, Azərbaycan-Almaniya
münasibətlərinin inkişaf dinamikasından
danışaraq, iki ölkə arasında turizm sahəsində
münasibətlərin inkişafında sərgilərin
mühüm rolunu diqqətə çatdırıb.
Mədəniyyət və Turizm
Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov turizmin
dünya iqtisadiyyatında oynadığı roldan söz
açaraq ölkəmizin malik olduğu zəngin mədəni
irs və təbiət gözəlliklərinin turizmin
inkişafına mühüm zəmin yaratdığını
vurğulayıb. Turizmin inkişaf etdirilməsi
üçün görülən işlərdən
danışıb. Qeyd edib ki, turizm sahəsində mütəxəssislərin
hazırlanması üçün Azərbaycanda 2006-cı ildən
bəri Turizm İnstitutu fəaliyyət göstərir və
həmin institut Avropanın bir sıra təhsil qurumları ilə
sıx əməkdaşlıq edir. Aparat rəhbəri
UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən
Azərbaycan mədəniyyət nümunələri barədə
də tədbir iştirakçılarına geniş məlumat
verib.
Mərkəzi və Şərqi
Avropa Cəmiyyətinin icraçı direktoru H.Ştöker
çıxışında qeyd edib ki, son illərdə alman
şirkətləri arasında Azərbaycanla əməkdaşlığa
maraq getdikcə artır. O, gələcəkdə bu əməkdaşlığın
davam etdirilməsində maraqlı olduğunu ifadə edib.
Şərqi Avropada Turizmin
İnkişafı Cəmiyyəti sədrinin müavini F.Tetzel
2011-ci ildə yalnız Bakıda 5 beşulduzlu mehmanxananın
tikilib istifadəyə veriləcəyinə diqqət çəkərək,
turizm sahəsində Azərbaycanla əməkdaşlıqda
alman şirkətləri üçün də böyük
potensial olduğunu vurğulayıb.
Mədəniyyət və Turizm
Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı
sektorunun məsləhətçisi Cəlil Məlikov ölkəmizin
turizm potensialı barədə təqdimatla
çıxış edib.
Sonra hər iki ölkənin turizm
şirkətləri arasında əməkdaşlıq məsələləri
müzakirə olunub.
Qeyd edək ki, «İTB Berlin-2011» sərgisində
ölkəmizin turizm potensialı Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən icarəyə
götürülmüş 104 kvadrat metr lövhədə
alman və ingilis dillərində hazırlanmış
reklam-çap məhsulları vasitəsilə nümayiş
etdirilib. Azərbaycanın hər il mütəmadi olaraq
iştirak etdiyi sərgidə bu dəfə də ölkəmizin
stendi ziyarətçilər tərəfindən maraqla
qarşılanıb. Sərginin davam etdiyi günlərdə
Almaniyanın aparıcı KİV-ləri də Azərbaycanın
turizm potensialı ilə bağlı məlumatlar veriblər.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 16 mart.- S. 9.