Turizm İnstitutunun nümayəndələri Almaniyada görüşlər keçiriblər

 

   Eldar Aslanov: «Gədəbəy rayonunda böyük turizm kompleksi və “Siemens” muzeyi yaradılacaq»

  

   Xəbər verdiyimiz kimi, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun rəhbərliyi ilə institutun ekspert qrupu Almaniyaya səfər edib. Səfərin məqsədi Almaniyanın Jade Universiteti ilə Azərbaycan Turizm İnstitutunun ölkəmizin qərb bölgəsində həyata keçirdiyi «Turizmdə geoinformasiya sistemlərinin tətbiqi və regional turizmin inkişafı» layihəsinin müzakirəsi idi.   

 

   Səfərdə iştirak edən ATİ-nin prorektoru Eldar Aslanovun bildirdiyinə görə, sözügedən layihə Gədəbəy rayonunu və burada vaxtilə Almaniyanın “Siemens” şirkətinin gördüyü işləri, Siemenslərə aid irsi əhatə edir. Gədəbəy RİH başçısı Kamran Rzazadə, rayonun Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədova, ATİ-nin Tədqiqat və İnkişaf şöbəsinin məsləhətçisi Gila Artmann, Güllü Baharlı, «Yaşıl velosipedçilər» klubunun rəhbəri Elşən Nuriyev Almaniyaya səfər edən nümayəndə heyətində təmsil olunub.

   Səfər çərçivəsində Almaniyanın Yade Universtiteti, Almaniyanın Elm Fondu və «Siemens» şirkətinin nümayəndələri ilə bir neçə görüş keçirilib: «Görüşlərdə ATİ ilə Yade Universtitetinin birlikdə hazırladığı Gədəbəy rayonunda «Turizmdə geoinformasiya sistemlərinin tətbiqi və regional turizmin inkişafı» layihəsinin detalları müzakirə olundu. Səfər çərçivəsində Vilhelmshafen və Oldenburq şəhərlərinin rəhbərləri ilə də görüşlər keçirildi. Bu şəhərlərin rəhbərliyinə Azərbaycanın turizm imkanları, ATİ haqqında məlumat verildi. Almaniya Bundestaqının İqtisadi Əməkdaşlıq və İnkişaf Komitəsinin sədr müavini Thilo Xoppe ilə görüş xüsusilə yadda qaldı. Azərbaycanda ərzaq təhlükəsizliyi, ölkəmizdə ekoloji təmiz məhsulların istehsalı, bunun turizm baxımından əhəmiyyəti haqda məlumatlar Thilo Xoppenin diqqətinə çatdırıldı».

   Azərbaycan nümayəndə heyəti Almaniyada kənd yaşıl turizminin inkişaf potensialı ilə də tanış olub: «Tarixi dəyərlərlə ətraf mühitin imkanlarının inteqrasiya olunmuş şəkildə turistlərə necə təqdim olunmasını əyani şəkildə müşahidə etdik. Bizim regionlarımızda kənd yaşıl turizmini inkişaf etdirmək üçün Almaniya təcrübəsindən yararlanmaq olar. Həmçinin geoinformasiya sistemləri texnologiyalarının tətbiqi metodikası ilə tanış olduq».

   E.Aslanov bildirdi ki, layihə sərçivəsində ATİ-nin təşkilatçılığı ilə yaxın bir neçə il ərzində Gədəbəy rayonunda geoinformasiya sistemlərini tətbiq etməklə, böyük bir turizm kompleksi, turizm marşrutları və “Siemens” muzeyi yaradılacaq.

   Nümayəndə heyəti Almaniyaya səfər gedişində «İTB-Berlin» sərgisi ilə də tanış olub, burada Azərbaycanın stendinə baş çəkiblər: “Sərgidə Azərbaycanın stendi həmişəki kimi, yenə də rəngarəngliyi ilə diqqəti çəkirdi”.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 16 mart.- S. 9.