Sahəfilminin böyük uğuru

 

   Filmdə rol alan Timur Oduşevə “Hollivudun Gənc Aktyorlar Mükafatı” təqdim olunub

  

   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın “Nərimanfilm”, Gürcüstanın “Qruziyafilm” və “Bagirafilm” kinostudiyalarının istehsalı olan “Səhə” bədii filmi beynəlxalq səviyyədə əlamətdar uğur qazanıb. Bu il Amerika Kino Akademiyasının “Oskar” mükafatına “Ən yaxşı xarici” film nominasiyasında iddialı olan ekran əsəri əsas məqsədinə nail olmasa da, Hollivuddan əliboş qayıtmayıb. Filmdə Qərib rolunu oynayan Timur Oduşev “Hollivudun Gənc Aktyorlar Mükafatı”na (“Hollywood Young Artists Award”) layiq görülüb. O, “Xarici bədii filmdə ən yaxşı aparıcı rol” nominasiyasında fərqlənib.

   Martın 13-də Kaliforniyanın Los-Anceles şəhərində keçirilən mərasimdə Bakı Xoreoqrafiya Məktəbinin tələbəsi Timur Oduşevə “Hollivudun Gənc Aktyorlar Mükafatı” təqdim olunub. “Hollivudun Gənc Aktyorlar Mükafatı” film sənayesində gənc aktyorlara verilən ən yüksək mükafat hesab edilir.

   Qeyd edək ki, “Sahə” bədii filmində baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa edib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safatdır. Operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.

  

   * * *

 

   Yeri gəlmişkən, bu günlərdə «Sahə» filmi ölkəmizi Çexiyanın Brno şəhərində keçirilən «Cinema Mundi» festivalında da təmsil edib. Bu festivalda «Oskar» mükafatı uğrunda mübarizəyə qoşulmuş 2011-ci ilin ən yaxşı xarici filmləri iştirak edib.

 

 

   Mədəniyyət.- 2011.- 16 mart.- S. 5.