Bakı möhtəşəm mədəniyyət
tədbirinə ev sahibliyi
edir
II
Beynəlxalq muğam festivalına dünyanın müxtəlif
ölkələrindən ifaçılar qatılıb
Martın
14-də Azərbaycan Bəstəkarlar İttifaqında
“Muğam aləmi” II Beynəlxalq muğam festivalının
başlanmasına həsr olunmuş mətbuat konfransı oldu.
Qeyd edək ki, festival Heydər Əliyev Fondu, Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar
İttifaqının təşkilatçılığı
ilə keçirilir.
Mətbuat konfransında Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə,
UNESCO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar
Mərkəzinin professoru Jan Dürinq, Azərbaycan Milli
Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Mədəniyyət
və Turizm Nazirliyinin İncəsənət şöbəsinin
müdiri Fərəh Əliyeva, Azərbaycan Milli Elmlər
Akademiyasının Memarlıq və İncəsənət
İnstitutunun baş elmi işçisi Surəyya Ağayeva
festivalla bağlı geniş məlumat verdilər.
Bəstəkarlar
İttifaqının sədri F.Əlizadə martın 14-dən
21-dək davam edəcək festival çərçivəsində
beynəlxalq simpoziumun (15-17 mart), beynəlxalq muğam
müsabiqəsinin (18-20 mart) keçiriləcəyini bildirdi. Festival
gedişində hər gün konsertlər olacaq, bu konsertlərdə
dünyanın müxtəlif ölkələrinin - Amerika,
Kanada, Fransa, Almaniya, Çin, Hindistan, ərəb ölkələri,
Özbəkistan, Qazaxıstan, Latın Amerikası ölkələrinin
təmsilçiləri çıxış edəcək.
Festival iştirakçıları
və qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının səhnəsində Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun”, Fikrət Əmirovun “Sevil”,
Müslüm Maqomayevin “Şah İsmayıl” operalarına və
“Arşın mal alan” operettasına tamaşa edəcəklər.
Bununla bərabər, Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
“Tar, kamança və kamanlar”, “Zərb muğamlarından
mahnılara”, “Sarı gəlin” konsert proqramları, Bakı Caz
Mərkəzində caz musiqisi axşamları, Azərbaycan
Dövlət Muğam Teatrında “Azərbaycan
muğamının dostları” adlı görüş-konsert
təşkil olunacaq və “Əsli və Kərəm”
operası nümayiş etdiriləcək.
Bəstəkarlar
İttifaqının sədri bu il beynəlxalq müsabiqəyə
qatılım şərtlərində bəzi dəyişikliklərin
edildiyini, xanəndələrin yaş həddinin 40 yaşdan
35-ə endirildiyini dedi: “Bu müraciətlərin çox
olması ilə bağlıdır”. O, festival çərçivəsində
hər gün 4-5 tədbirin keçiriləcəyini, Beynəlxalq
Muğam Mərkəzində bütün dəsgahların səslənəcəyini
bildirdi: “Müxtəlif ölkələrdən gələn
muğam ifaçıları bizim ifaçılarla birlikdə
çıxış edəcəklər. «Əsli və Kərəm»
operasının konsert versiyası da Muğam Mərkəzində
təqdim olunacaq. Ustad dərsləri də
planlaşdırılıb. Bu dərsləri Alim Qasımov və
Misirdən gələcək zərb alətləri ustadı Həbib
Yamini aparacaq. Həmçinin qeyri-adi caz layihələri də
hazırlanıb».
UNESCO-nun nümayəndəsi Jan
Dürinq iki il öncə də iştirak etdiyi festivaldan
çox məmnun qaldığını bildirdi: «2009-cu ildə
keçirilən festivaldan sonra bütün dünyada bu haqda
danışdım. Festivalın dolğun proqramından,
insanlar arasında olan gözəl münasibətdən
çox bəhs etdim. Burada mütəxəssislərlə təmasda
oluruq və bu hər kəsə çox xoşdur».
Müsabiqənin münsiflər
heyətinin üzvlərindən olan Siyavuş Kərimi isə
müsabiqə barədə məlumat verdi: «Martın 17-də
beynəlxalq muğam müsabiqəsinin püşkatma mərasimi
olacaq, sonrakı üç gündə isə müsabiqə
keçiriləcək. Müsabiqəyə qatılmaq
üçün Çin, Hindistan, Özbəkistan,
İordaniya, İran, Küveyt, Mərakeş, Türkiyədən
müraciətlər olunub. Azərbaycandan bu müsabiqə 5 nəfər
ifaçı ilə təmsil olunacaq. Onlar II Respublika muğam
müsabiqəsinin qalibləri Aytən Məhərrəmova,
Ehtiram Hüseynov, Nişanə Baxışova, habelə Fərqanə
Qasımova və Babək Niftəliyevdir”.
Mədəniyyət və Turizm
Nazirliyinin İncəsənət şöbəsinin müdiri
Fərəh Əliyeva festival çərçivəsində
qonaqlar üçün Bakının görməli yerlərinə
xüsusi ekskursiyalar təşkil olunacağını bildirdi.
Beynəlxalq muğam müsabiqəsinin
münsiflər heyətinə Jan Dürinq (Fransa), Siyavuş Kərimi
(Milli Konservatoriyanın rektoru), Ramiz Zöhrabov (Bəstəkarlar
İttifaqının katibi), Xalq artisti Arif Babayev, Ozan Yarman
(Türkiyə), Uilyam Samits (ABŞ), Ehsan Hezrlou (İran)
daxildir.
Qeyd edək ki, “Muğam aləmi”
II Beynəlxalq muğam festivalına martın 21-də Heydər
Əliyev Sarayında qala-konsert proqramı ilə yekun vurulacaq.
Gülər
Mədəniyyət.-
2011.- 16 mart.- S. 4.