Xalq rəssamı Oqtay Sadıqzadənin 90 illik
yubileyinə həsr olunmuş sərgi
Martın 15-də Dövlət
İncəsənət Muzeyində Xalq rəssamı Oqtay
Sadıqzadənin yaradıcılığından ibarət sərgi
açıldı. Mədəniyyət və Turizm Nazirliyi və
Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə
təşkil etdiyi sərgidə Oqtay Sadıqzadənin 100-dək
boyakarlıq və qrafika əsəri nümayiş
etdirilir.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Oqtay Sadıqzadəni Azərbaycan
rəngkarlıq məktəbinin patriarxlarından biri kimi qiymətləndirdi:
“Onun yaradıcılıq yolu bizim gənc nəslə,
yaradıcı insanlara örnəkdir. Rəssamın əsərlərində
janr müxtəlifliyi, özünəməxsus yanaşma tərzi
ondan xəbər verir ki, Oqtay Sadıqzadə daima
axtarışda olub, zəngin sənət nümunələri
yaradıb. Bu sərgi 10 gün davam edəcək və
tamaşaçılar Azərbaycan rəngkarlıq məktəbinin
gözəl nümunələri ilə tanış olacaqlar”.
Nazir sərgini mədəniyyət
sahəsində əlamətdar hadisə kimi dəyərləndirərək,
yubilyara yeni yaradıcılıq uğurları arzuladı.
Oqtay Sadıqzadə ona göstərilən
diqqətə görə sərginin təşkilatçılarına
minnətdarlığını ifadə etdi.
Oqtay Sadıqzadə 1921-ci il
fevralın 24-də tanınmış ədiblər -
yazıçı Seyid Hüseyn və şair
Ümmügülsüm xanımın ailəsində
dünyaya gəlib. 1939-cu ildə Bakı Rəssamlıq
Texnikumunu, 1956-cı ildə V.İ.Surikov adına Moskva
Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsini
bitirib. Rəssamın əsərləri Azərbaycanda və
onun hüdudlarından kənarda sərgilərdə uğurla
nümayiş etdirilib, milli mədəniyyətimizin təbliğinə
xidmət göstərib.
Görkəmli fırça ustasının
bədii yaradıcılıq fəaliyyəti Azərbaycan
dövləti tərəfindən yüksək qiymətləndirilib,
o, Xalq rəssamı fəxri adlarına layiq
görülüb. Prezident İlham Əliyevin 2011-ci il 24 fevral
tarixli sərəncamı ilə rəssam “Şərəf”
ordeni ilə təltif edilib.
Oqtay Sadıqzadənin əsərləri
ölkəmizin müxtəlif muzey və qalereyalarında,
Moskvadakı Tretyakov Qalereyasında, Orenburq, Lvov, Ulyanovsk şəhər
muzeylərində saxlanılır, Almaniya, ABŞ, Kanada,
İsrail və s. ölkələrdə şəxsi
kolleksiyaları bəzəyir.
Ceyhun
Mədəniyyət.-
2011.- 16 mart.- S. 2.