Baş bayramımız

 

   Təbiətlə cəmiyyətin ortaq xoş ovqatı - Novruz

     

   Necə ki baş katib, baş direktor, baş redaktor var, baş bayram da o cümlədən. Yeri gəlmişkən, cümlənin də baş üzvləri var və onlardan ikincisi - xəbər - buyurur ki, birinci - bayramlarımızın əzəl mübtədası Novruz yurdumuza qədəm qoyur.

 

   Hər hansı bayram hər hansı çətinlikdən, müşküldən xilas kimi qutlanır. Necə ki, 1918-in 28 mayını çarizmdən, 1945-in 9 mayını faşizmdən, 1991-in 18 oktyabrını sovetizmdən xilas günləri kimi bayramlayırıq.

   Bayramların da öz sifəti, təyin-təyinatı var. Novruza isə “sənətkar bayram” da demək olar.

  

   Həyatı

  

   Doğum tarixi olmasa da (ölümsüzlüyü isə məlum!), «doğum evi» bəlllidir: Şərq.

   Onun olum tarixçəsi haqda «tarix açsaq», bizim eradan əvvələ getməliyik, o «əvvəl»in də ki, sonu yoxdur. Sonsuzluqla isə nə işimiz var.

   Düzdür, nəyisə bilməmək qüsurdur, nəyinsə tarixçəsinin bilinməməsi isə onun ən qədimlik gözəlliyinə, hər şeydən əfzəllik özəlliyinə işarədir. Hələ heç bir alim, tədqiqatçı hər il doğulan Dədə Novruzun ilk təvəllüd tarixini tapa bilməyib - tapmacalamaqları istisna edilməklə. O tapmacalara isə hörmətlə yanaşmaq borcumuzdur; realın, həqiqətin yoxdursa, ehtimallara etiraz edə bilməzsən. O versiyalardan biri və ən tutarqalısı budur ki, yol azıb, düşülməz sıldırım qayalıqlara qalxmış qədim türk tayfaları (digər əcəmilər də daxil) oradan aşağı - həyata düşən bir qurdun arxasınca enərək xilas olmuş və yaz fəslinin ilk gününə təsadüf edən həmin hadisəni bayram etmişlər. Elə bizim totemimiz - boz qurd da həmin hadisənin yetirməsidir.

   Bu bayramın «həyat»ının ən ümdə, ən xarakterik göstəricisi bütün həyata həyatvericiliyidir. Bu bayram, doğrudan da, bütün təbiət və cəmiyyətin oyanış, ruhlanış, pərvəriş, dirçəliş bünövrəsidir. Bu günlərdən başlayaraq torpağın, suyun, ağacların canı, insanın, hər bir canlının qanı qaynayır. Kim deyə bilər ki, bu fəslin ilk günündən başlayaraq, ağaclar kimi, insanlar da tumurcuqlamır? İnsan mənən, ruhən və cismən cücərməsə, səməni cücərtmək eşqinə düşərmi? İnsan bu təpədən-dırnağa bayram fəslinin hərarətilə qızınıb-qızışıb qımzanmasa, onun uşaq meyvələrinin dəyib-doğulması daha çox payız və qışa - doqquz aylıq məsafə mənzillərinə düşməzdi ki...

   Bu bayramın tumurcuq-tumançaq çağa çağı, yup-yumşaq uşaq vaxtı, təzə bəy-gəlin timsallı ilk gənclik dövrü haqda düşündükcə gözümüz nə yaşıllamır, könlümüz nə göyləmir, ruhumuz nə qoşulamır, dilimiz nə söyləmir?! Çağa çağı şah taxtıdı, uşaqlıq dönəmi cəh-cəh, ilk gənclik mövsümü bəh-bəh vaxtıdı! Lalələri qıpqırmızı ləldi bunun, gül-çiçəyi gözə axan seldi bunun, şomuları, çirişləri, yemlikləri yem, bülbülləri dildi bunun!

   Etnoqrafiya, arxeologiya, mifologiya və sair bu kimi elmi-tədqiqat ifadələri bu bayramın xəlqilik qırım-qurumuna yaraşmasa da, folklor məziyyətlərinə, dədə-baba koloritinə, nəqlilik azadlığına xələl gətirsə də, yaranışdan bəri heç bir təşviq-təbliğata ehtiyac duymadan bütün ev-eşiklərimizin yuxarı başına keçirilmiş bu bayramın yaxın keçmişdə başına gətirilən bir olayı da xatırlayaq. Bəli, bu bayramın həyatı disidentlikdən də xali olmayıb. Məsələn, 1967-ci ildə bu bayramı həyətlərdən çıxarıb həyata - ictimai həyətə qoşan Şıxəli Qurbanov məhz bu millilik cəhdinin qurbanı oldu. Bütün sovet dövrü ərzində bəlkə də birinci dəfə idi ki, ictimai formatda keçirilən Novruzun bu qədər möhtəşəm alınacağını gözləmədən həmin mərasimin keçirilməsinə icazə vermiş Azərbaycan KP MK-nın formaca üçüncü, məzmunca birinci katibi Kozlov bayramsonrası müşavirədə qəzəbini gizlədə bilməyərək («Novruz» ifadəsini məxsusi bir aksentdə işlətməklə) demişdi: «Dünyada «Navrız bayramini» bir qospodin İran şahı keçirir, bir də yoldaş Kurbanov!»

   Söylədiklərimizdən də maraqlı, minbir soraqlı həyatı olmuş bu sənətkar bayramın...

  

   Yaradıcılığı

  

   «Bir oddan, bir sudan». Ədəbiyyatşünaslıqda əbəs yerə deyilmir ki; «... atalar sözlərindən fərqli olaraq, məsəllərin izahata ehtiyacı var». Bəli, xalq bu məsəldə demək istəyir ki, bir oddan qorx, bir sudan. Amma «qorxmayın», burada söhbət çərşənbə tonqallarından gedir. Dünyanın heç bir xalqının heç bir bayramında bu gurluqda, bu ərşi-bülənddə alov olmur. Olsa-olsa, şam yandırırlar ki, bunun da ilahi təcəllası bizim Füzuliyə məxsus...

   Bu - yəni od, alov bizim sənətkar bayramımızın ilk əsəri. İkinci əsəri də elə indicəki məsəldəkidir - sudur. Tarixən bayram gününün sübh çağı axar su üstünə gedib, təkcə dini yox, hissi dualar da səpib sulara bu xalq. Ənənə-əxlaqi bir məcburiyyətlə yuxudan kal oyadılıb su üstünə aparılan körpə uşaqların dodaqaltı deyinmələrinin özü də sonralar üçün - bu törənin müqəddəsliyinin qavranılası yaş dövrləri üçün xoş deyimlərə, xatirələrə çevrilirdi. Yaxud subay qızların kasa-nimçələrdəki suya başıpambıqlı iynə atıb, bəxt yarışına, yar arayışına çıxmaları! Elə bu da sonrakı yaş «beşdaşları» üçün pıçı-pıçılara, xoş xısın-xısınlara, kəlamdan güclü dümsükləmələrə çevrilirdi, çevrilir, çevriləcək...

   Alovlu, sulu hekayələrini oxuyub, idmani havasından udub, yamanca acdıq. Əsrarəngiz süfrə yaradıcılığına keçmək məqamıdır.

   Müştaqdan iştaha gəlmək üçün əvvəlcə bir səməni halvası gəlsin. Mina ibrinqlərə şərabdan da ötə şərbət süzülsün. Bir səbr edin, qoy bu içkilər içimizdə yaxşı-yaxşı oç eləsin, sonra gətirərsiz yeyəcəklərimizi əridəsiləri; ərik qurusu, alça lavaşı, limon turşusu, çərəz... Qərəz, hələ nəfsinizə həbs kəsin. Qaynayan qanınız sulutunuza güc gəlirsə, bir az salat dadın. Bir az da, bütün bu nemətlərin bünövrəsini qoyan bu fəslin löyün-löyün yaradıcılığını öyün. Deyin, əgər yaz dünya qazanının altını qalamasa, yay nə bişirər, payız nə düşürər, qış nə yeyər? Ağzınıza mətbəxdən gələn qoxulardan yaranmış su alıb susmayın. Ərz edin ki, bizim bu bayramın tayı-bərabəri yoxdur. Buna etiraz edən bir internasional opponent tapılarsa, dərhal embarqo qoyun: «Bə nədi, ayə, - deyə ləhcələyin - əsl yeni il belə olar də! Başqaları təqvim ilini yeni ilə oxşatmaq üçün yolkaların üst-başına pambıq-parçadan qar yağdırırlarsa, bizim yeni ilimizdə yalanpış çiçəyə, cücərtiyə ehtiyac olmoor!..»

   Hə, di gətirin bu sənətkarın digər əsərlərini. Şəkərburasını, qoğalını, paxlavasını, firnisini, şirnisini, noxud, şabalıd qovurmalarını, küncüt, buğda qovurğalarını, süddaşını, zəfəranplovunu, cücəplovunu, fisincanplovunu və digər neçə-neçə roman-epopeyalarını!

   ... Bu sənətkar bayramımızın saysız-hesabsız digər əsərləri haqda mədhiyyə ədəbiyyatı yazmaqdan usanıb-yorulmazdım - əgər sizi yormaq ehtimalına düşməsəydim və təbrikə tələsməsəydim, hörmətli oxucular!

   Bayramınız mübarək!

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2011.- 18 mart.- S. 14.