Qardaş xalqlar Novruzu necə qeyd edir?
Novruz bayramı uzun illər ərzində
müxtəlif adlarla (Yeni Gün, Ərgənəgün, Bahar
bayramı) adlandırılsa da, onun əsas mahiyyəti - təravət,
yenilik, ruzi-bərəkət rəmzi dəyişməyib. Farsca
Nouruz, türkcə Nevruz, özbəkcə Navruz, türkməncə
Novruz, qazaxca Naurız, qırğızca Nooruz və s.
adlandırılan bayram tarixən yaz fəslinin gəlişi,
təbiətin canlanması ilə bağlanmış, bu
münasibətlə şənliklər keçirilmiş,
insanlar onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Xatırladaq ki, Novruz İranda, Orta
Asiya ölkələrində, Rusiya Federasiyasının
türk-müsəlman respublikalarında, Əfqanıstanda,
habelə Türkiyədə, Şimali Kiprdə, eləcə
də Balkanlardakı müsəlman xalqları arasında
(Albaniya, Bosniya, Kosovo) qeyd olunur. Təbii ki, dünyanın
dörd bir yanında yaşayan soydaşlarımız, türk
xalqlarının diasporları da Novruzu bayram edirlər.
Məlum olduğu kimi, Novruz 2009-cu
il sentyabrın 30-da UNESCO tərəfindən bəşəriyyətin
qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu il
fevralın 23-də isə BMT Baş Assambleyasının
64-cü sessiyasında martın 21-i «Beynəlxalq Novruz
Günü» elan edilib. Beləliklə, Novruz beynəlxalq
bayrama çevrilib.
Novruz bizim qardaş xalqlarla ortaq
bayramımız olsa da, onun ayrı-ayrı ölkələrdə
qeyd olunmasının özünəməxsus cəhətləri
də var.
İran
Novruz İranda bir neçə
gün qeyd olunur və həmin günlər iş günləri
hesab olunmur. Bayram günləri «nevruzie» şeirləri, dualar
oxunur. İnsanlar bir-birini şirniyyata, şərbətə
qonaq edirlər. Evlərdə süfrədə səməni
olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər.
Süfrədə «s» hərfi ilə başlayan 7 nemət
olmalıdır.
Qırğızıstan
Qırğız süfrəsində
məxsusi olaraq Novruzda bişirilən “beşbarmaq” yeməyi
olur. Quzu ətindən və makarona bənzər un məmulatından
bişirilir. Adına ona görə beşbarmaq deyilir ki,
beş barmaqla bişirilir. Qırğızıstanda Novruzda
tonqal qalamırlar. Amma həyətin odla pak edilməsi adəti
var ki, bu da Azərbaycanda üzərlik yandırılmasına
bənzəyir. Qırğızlar deyir ki, bu, qədim türk
şamanlarından qalma adətdir. Onlar «Alas-alas, hər bəladan
xilas» - deməklə öz həyətlərini atəşlə
pis ruhlardan təmizləyirlər.
Tacikistan
Tacikistanda Novruz martın 20-də
başlayır və 3-4 gün davam edir. Uşaqlar yaz
çiçəklərindən dərib yığır,
qapıları döyür, ev sahibinə çiçəklərdən
verir, ev sahibi də onlara şirniyyat, yumurta və s. verir. Tacikistanda
Novruzu bütün ailə qeyd edir, süfrə
açılır, yeməklər düzülür. Süfrəyə
təmizliyin rəmzi hesab edilən süd, şərbət və
şam da qoyulur.
Özbəkistan
Novruz bayramı Özbəkistanda
da təmtəraqla qeyd olunur. İnsanlar kütləvi gəzintiyə
(«Seyir») çıxırlar, yerlərdə yelləncəklər
qurulur, xoruz döyüşləri keçirilir. Özbəklər
Novruz süfrəsi üçün «nişala»
hazırlayırlar. Nişala şəkərdən
bişirilir - ağ şokolada bənzəyir. Novruzla
bağlı maraqlı adətlər var. Məsələn,
bayram vaxtı öküzlərin buynuzunu yağlayırlar. Məmləkətin
yaşlı adamı əlini yağa batırar və
öküzlərin buynuzunu yağlar ki, yeni il bərəkətli
olsun.
Əfqanıstan
Əfqan süfrəsi adətən
masanın üstündə olmur. Süfrə yerə sərilir
və ona «dəstərxan» deyirlər. Novruz süfrəsində
«həft meyvə» (“yeddi meyvə”) adlı kompotabənzər
içki olur. Ərik qurusu, kişmiş, qoz, iydə və s.
meyvələrdən hazırlanır. Əfqanlar bu içkini
xüsusi olaraq Novruzda hazırlayırlar. Əfqanıstanda da
Novruzda yumurta döyüşdürürlər. Yumurtaları
qaynadandan sonra da üzərinə cürbəcür
naxış vururlar. Novruzda müxtəlif xalq oyunları,
yarışmalar, xoruz döyüşdürülməsi və
s. keçirilir.
Qazaxıstan
Qazaxlar da, Azərbaycanda olduğu
kimi, Novruz bayramı münasibətilə təmizlik işləri
görür, yeni paltarlar geyinirlər. Bayram zamanı evin
divarında gil qabları sındırırlar. İnsanlar
tonqalın üstündən hoppanır, şər qüvvələrdən
xilas olur və yeni ilə sağlam və şən gedirlər.
Adət-ənənəyə görə, bu ölkədə
Novruz bayramı günü 7 böyük tonqalın üzərinə
7 böyük qazan qoyurlar və 7 növ yemək
hazırlanır. İnsanlar bəd əməllərdən
qorunmaq üçün pəncərədən və ya
qapıdan su atırlar.
Türkiyə
Türkiyədə Novruz hələ
Osmanlı dövründən geniş qeyd edilib. O vaxtlar bayram
münasibətilə sultana ünvanlanmış xüsusi
şeirlər yazılar və ona təqdim olunardı. Müasir
Türkiyədə son illərədək Novruz ümumi
ölkə miqyasında xüsusi qeyd olunmurdu, Novruzu əsasən
ölkənin şərqində kürdlər qeyd edərdilər.
Bu tədbirlərə isə çox vaxt siyasi rəng verilir,
mitinqlər keçirilir, toqquşmalar, təxribatlar törədilirdi.
Son illər Türkiyə rəhbərliyinin buna qarşı qərarlar
qəbul etməsindən sonra Novruz bütün ölkədə
qeyd olunur. Lakin Türkiyədə Novruz bayramı istirahət
günü hesab olunmur.
Türkmənistan
Novruz bayramı Türkmənistanda
əsas bayramlardan biridir. Türkmənlər arasında belə
bir atalar sözü də var: «İlin gəlməsi Novruzla bəlli
olur». Novruz bayramı münasibətilə türkmənlər
evlərini bəzəyir, qonaq qarşılamağa
hazırlaşırlar. Müxtəlif yeməklər,
xüsusilə plov bişirər, şirniyyatlar
hazırlayarlar. Hesab edirlər ki, bayram üçün nə
qədər çoxlu yemək hazırlansa, il bir o qədər
bərəkətli olar.
Mehparə
Mədəniyyət.-
2011.- 18 mart.- S. 12.