Buğda
dənəsi də sənət əsərinə çevrilir
Firəngiz
Haşımova 18 saylı məktəbin ibtidai sinif müəlliməsidir.
42 illik pedaqoji stajı var. Firəngiz xanım həm də
gözəl əl qabiliyyətinə malikdir. Məhz buna
görə pedaqoji fəaliyyətində yetişdirdiyi
şagirdləri, sənət aləmində isə ərsəyə
gətirdiyi gözəl əsərləri ilə
tanınır.
Onun yaratdıqları öz
qeyri-adiliyi ilə diqqəti cəlb edir. Toxumlardan - buğda,
qarğıdalı, çəltik, düyü və s.
hazırlanan həmin əsərlər “təkəlduz”
texnikası ilə işlənib. Onların arasında qədim
İçərişəhərin küçələrinə,
Bakının gözəl arxitektura ansamblı olan
binalarına, portretlərə rast gəlmək olar. Çox təvazökar
insan olan Firəngiz xanım özü haqda söhbətə
uşaqlıq illərindən başladı:
- Mən ögey ananın himayəsində
böyümüşəm. Atam Əbdülhəsən
Böyük Vətən müharibəsindən
qayıtdıqdan sonra Tibb İnstitutunda hərbi kafedrada
baş müəllim olub. Çox vaxt evdə
analığımla qalırdım, günüm xoş
keçmirdi. Hələ onda rəsmə, əl işlərinə
meylli olduğumu başa düşmüşdüm. Ailədəki
çətin vəziyyətim mənim sırf bu sahə ilə
məşğul olmağıma, xüsusi təhsil
almağıma imkan vermədi. Amma, necə deyərlər,
cidanı çuvalda gizlətmək olmaz, istedadım
özünün belə təzahürünü tapdı. Müxtəlif
şəkillərin surətini çıxarıb onları
toxumlarla işləyərək canlandırıram. Bu,
çox səbir, təmkin tələb edən bir işdir. Etiraf
edək ki, toxumların uyğun rəng çalarlarını
tapıb onları maqqaşla bircə-bircə şəkillərə
yapışdırmaq elə də asan iş deyil. Bəzən
onlardan üyüdülmüş şəkildə də
istifadə edirəm.
Çox ölkələrdə,
müxtəlif şəhərlərdə olmuşam. Amma
heç vaxt doğma şəhərimi - Bakını vəsf,
tərənnüm etməkdən doymuram. Doğulub
boya-başa çatdığım İçərişəhər,
orada yaşadığım ev, qonşu küçələr,
Qoşa qala qapısı, Filarmoniyanın binası, Heydər Əliyev
Sarayı, Opera və Balet Teatrı, Milli Kitabxana, Azərbaycanın
gerbi, Nardaran, Bibiheybət pirləri, Təzə pir, Hökumət
evi, Hacınski qardaşlarının binası, Kukla Teatrı,
milyonçu Muxtarovun binası (“Səadət sarayı”),
İstiqlaliyyət küçəsində Bakı şəhər
İH-nin binası - bütün bunlar Firəngiz
xanımın incə əl işi ilə maraqlı sənət
əsərlərində əksini tapıb. Onların arasında ümummilli lider
Heydər Əliyevin bir neçə portreti də var. Ötən
il bu portretlərdən ən böyüyünü (51x40 sm.
ölçüdə) Heydər Əliyev Fonduna
bağışladım. Onun adını daşıyan bir
neçə muzeyə də nisbətən kiçik ölçülü
portretlər hədiyyə etmişəm. Dədə Qorqud surəti
və digər portretlər də
yaradıcılığımda əksini tapıb. İndi əsərlərimin
sayı 50-yə çatır.
Onu da deyim ki, həssas bir insan kimi
heç vaxt rastlaşdığım hadisələrə,
insan talelərinə biganə olmamışam. Sonralar
özüm və başqaları haqqında qələmə
aldığım hekayələrimi, povestimi iki kitabımda
oxuculara çatdırmışam.
2004-cü ildə elə “Mənim
gözəl şəhərim” mövzusunda fərdi sərgim
keçirildi. Bir il sonra isə İçərişəhər
festivalında əsərlərimlə iştirak etmişəm.
Çalışdığım 18 saylı məktəbdə,
Bülbül adına musiqi məktəbində müxtəlif
illərdə sərgilərim keçirilib. İstəmişəm
ki, gənclərdə də bu işə maraq, həvəs
yaradım. Dərs dediyim ibtidai siniflərdə əyani vəsait
kimi çox vaxt öz əl işlərimdən (kuzə, birəlli
və s.) istifadə edirəm.
Son illər yağlı boya ilə
çəkdiyim şəkillər də var. Onu demək istəyirəm
ki, İçərişəhəri vəsf etməkdən
doymuram. Bəzi küçələri bir neçə dəfə
- müxtəlif nöqtələrdən təsvir etmişəm.
İndi daha bir mövzu məni düşündürür -
torpaqlarımız uğrunda canlarından keçən qəhrəmanlarımız.
Onlardan biri - Milli Qəhrəman Salatın Əsgərova da mənim
şagirdim olub. Bu qız elə uşaqlıqdan öz möhkəm
iradəsi ilə seçilirdi. Arzum budur ki, tezliklə
işğal altına düşmüş torpaqlarımız
azad edilsin. Bütün yaradıcı insanlar kimi mən də
arzu edirəm ki, bütöv Azərbaycanımızı tərənnüm
edim. Bu işdə mənə yəqin ki, Rəssamlıq
Akademiyasında oxuyan nəvəm - Cəmilə də kömək
edəcək.
İradə
Əsədova
Mədəniyyət.-
2011.- 18 mart.- S. 11.