Balaca
boyları var...
Dram dərnəyi
gələcəyin aktyorlarını yetişdirir
Bu
balaca aktyorların məharətini görəndə, Azərbaycanda
bu sənətin bundan sonra da inkişaf edəcəyinə əmin
olursan. Uşaq və yeniyetmələrə teatrın, aktyorluq
sənətinin ilk sirlərini öyrədən dərnəklərin
əslində necə böyük iş
gördüyünü yəqin edirsən.
Onlardan biri də Nizami rayon Uşaq
Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyidir.
Dərnəyin üzvlərini ilk dəfə Cəfər
Cabbarlının şeirlərinə hazırlanmış səhnəciyi
təqdim etdikləri zaman görəndə, sözün əsl
mənasında təəccüb etdik. Boyları balaca,
yaşları az, amma böyük aktyorluq məharəti... Hiss
olunurdu ki, uşaqlar istedadlıdırlar, gördükləri
işə də böyük həvəslə
yanaşırlar. Amma bu qabiliyyəti inkişaf etdirmək,
onlara stimul vermək lazımdır.
Dram dərnəyində balaca
aktyorları ilə Xanım İsmayılova məşğul
olur. Özü də incəsənət adamıdır.
İncəsənət Universitetinin dram və kino aktyorluğu
fakültəsini bitirib. İnstitut illərindən
başlayaraq Musiqili Komediya Teatrında, Akademik Milli Dram
Teatrında işləyib. Sonralar pedaqoji fəaliyyətə
başlayaraq, əvvəlcə Səbail rayonu 20 nömrəli
Uşaq Yaradıcılıq Mərkəzində, sonra Nizami
rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzində
dram dərnəyinin rəhbəri işləməyə
başlayıb.
Onun rəhbərlik etdiyi dram dərnəyində
klassik yazıçılardan müasir dramaturqlaradək
müxtəlif əsərlər səhnələşdirilir. Mirzə
Fətəli Axundovun 5 komediyası səhnəyə qoyulub: “Dərnək
üzvlərinin hər biri Axundovun
yaradıcılığını, obrazları, xarakterləri
mənimsəyiblər. Dərnək üzvləri tamaşalardan
parçalar hazırlayır, yazıçı-şairlərin
poeziyalarından nümunələrlə şəhər və
rayon miqyaslı tədbirlərdə çıxış
edirlər. Yaradıcılıq Mərkəzində işlərin
sahmana salınması üçün isə ildə 2 dəfə
açıq dərslər olur və bu dərslərdə dərnək
üzvləri hesabat verirlər”.
Dərnəkdə 3 qrup var. Hər
qrupda 10-15 uşaq fəaliyyət göstərir. Dərnək
üzvləri həftədə 3 dəfə
görüşür, məşqlər edib, kompozisiyalar
hazırlayır. X.İsmayılovanın sözlərinə
görə, uşaqlar arasında rəqabət də var:
“Onlar əsasən baş rollara can atır, qəhrəman
obrazı oynamaq istəyirlər. Hər dərs ilinin əvvəlində
ərizə ilə dərnəyə qəbul aparılır.
Lazım olanda məktəbə gedib, elan verir və uşaqlar
arasında seçim aparırlar. İncəsənətə
meyli olanlar bu mərkəzə cəlb olunurlar. Mərkəzdə
dərslər təsdiq olunmuş proqram üzrə
aparılır. Dərnəyə müxtəlif tədbirlərdən
dəvətlər gəlir, bu dəvətlər əsasında
kompozisiyalar hazırlayırlar. Balaca aktyorlar tədbirlərdə
çıxış etməyə çox həvəslidirlər
və məmnuniyyətlə buna hazırlaşırlar.
Dərnək balaca aktyorların sayəsində yetərincə nailiyyətlər qazanıb: “Son nailiyyətlərindən biri Hüseyn Cavidin yubileyi münasibətilə keçirilən şəhər üzrə müsabiqəni qeyd edə bilərəm. Bu müsabiqədə dərnəyin aktyorları ifaları ilə 2 birinci, 1 ikinci və 1 üçüncü yerlə layiq görülüblər. Azərbaycan folklor nümunələrinə aid «Azərbaycan folklorunu yaşadaq»adlı müsabiqəni də misal çəkə bilərik. Dərnək üzvləri həmin müsabiqədə bədii qiraət nominasiyasında «Koroğlu» kompozisiyası ilə birinci yeri tutublar. Dərnəyin ən fəal üzvləri isə Rüfanə Allahverdiyeva, Rəna Məmmədova, Cəfərov Orxan, Bağırzadə Zeynalabdin, Yasəmən Bağırzadə, Namazov Nadir, Məhərrəmov İmran və Arzu Tağıyevadır.
Dərnək rəhbərinin sözlərinə görə, uşaqlar hazırladıqları kompozisiyalarla müntəzəm olaraq çıxışlar etməyə həvəslidirlər: “İstəyirəm ki, dərnək üzvlərimizi daha geniş auditoriya tanısın. Televiziyada muğam və estrada ilə bağlı müsabiqələr keçirilir. Yaxşı olardı ki, dram dərnəkləri, uşaqların teatr qabiliyyəti ilə bağlı da belə müsabiqələr olsun. Bu uşaqlarda stimul da olardı. Çünki belə layihələr uşaqların tanınmalarına və üzə çıxmalarına şərait yaradır. Bu balacalar arasında gələcəyin aktyorları var. Onları üzə çıxarmaq lazımdır. Mərkəzdə uşaqların yaradıcılıqlarının inkişafı, düzgün istiqamətlənməsi üçün şərait yaradılıb. Əlbəttə, daha geniş şərait yaradılsa, iş də ortaya çıxır. İstedadlı uşaq istedaddır. Amma bu istedad açılmalıdır».
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 18 mart.- S. 11.