Bölgələrdə Novruz şənlikləri

 

   Milli bayramımız olan Novruz bölgələrimizdə də geniş tədbirlərlə qeyd olunacaq. Bayram şənliklərinin bir hissəsi də cəbhə bölgələrində yaşayış məntəqələrini, qaçqın şəhərciklərini də əhatə edəcək. Qeyd edək ki, cəbhə bölgələrinin əhalisinin, qaçqın və məcburi köçkünlərin respublikanın mədəni həyatında yaxından iştirakının, onların asudə vaxtının səmərəli təşkilinin təmin olunması məqsədilə martın 15-dən 19-dək Salyan, Beyləqan, Sabirabad, Saatlı rayonlarında, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə «Novruz şənliyi» adlı bayram tədbirləri keçirilir.

   Nazirliyin Regionlarla iş sektorunun məsləhətçisi Elnur Hüseynovun verildiyi məlumata görə, tədbirlərdə tanınmış incəsənət ustaları Gülüstan Əliyeva, Nəzakət Məmmədova, Elnarə Abdullayeva, Rövşən Əsgərzadə, Nurlan Əzizbəyli və başqaları, eyni zamanda və yerli rayon mədəniyyət və turizm şöbələrinin bədii özfəaliyyət kollektivləri iştirak edir: «Martın 16-da Taxtaköpru qəsəbəsində yerləşən hərbi hissədə də yaradıcı heyətin iştirakı ilə tədbir keçirildi. Tədbir rayon əhalisi tərəfindən çox yaxşı qarşılandı, əhali şənliklərdə fəal iştirak etdi. Martın 18-də Sabirabadda, 19-da isə Saatlıda bayram tədbirləri keçiriləcək».

   E.Hüseynov adıçəkilən rayonların icra hakimiyyətləri başçılarına tədbirlərdə fəal iştirakına görə təşəkkürünü bildirdi.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 18 mart.- S. 9.