“Şeirə sığmayan
ömür”ün anları
“Bu kitabın nəşri İlyas Əfəndiyevin
şəxsiyyəti və
yaradıcılığı ilə bağlı,
olsun ki, bir az qeyri-adi,
ancaq
əlamətdar
ədəbi hadisədir”
(Xalq yazıçısı Elçin)
Martın 16-da Muzey Mərkəzində
XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, Xalq
yazıçısı İlyas
Əfəndiyevə həsr
edilən şeirlərdən
ibarət nəfis bir kitabın - “İlyas Əfəndiyev.
Şeirə sığmayan ömür”ün
təqdimat mərasimi
oldu. İlyas Əfəndiyevin nəvəsi
Günay Əfəndiyevanın
təşəbbüsü və redaktorluğu ilə, Mədəniyyət
və Turizm Nazirliyinin layihəsi əsasında “Təhsil” nəşriyyatında işıq
üzü görən
kitabın təqdimat mərasimi də kitabın özü kimi orijinallığı,
qeyri-adiliyi və səmimiliyi ilə yadda qaldı.
Tədbirdə tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri,
Milli Məclisin deputatları, ziyalılar,
mətbuat nümayəndələri
iştirak etdilər.
“Həqiqi sənət üçün mövzu məhdudluğu yoxdur”
(İlyas Əfəndiyev)
Mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Azərbaycan ədəbiyyatında
və milli teatrımızın inkişafında
əvəzsiz xidmətləri
olan İlyas Əfəndiyevə həsr
olunmuş yeni bir kitabın işıq üzü görməsini mədəni
həyatımızda əlamətdar
hadisə kimi dəyərləndirdi. Bu gün yaradıcı insanların ailələrində
yaxşı bir ənənənin davam etdirildiyini xatırladan nazir belə ailələrdə istedadlı
gənclərin öz
keçmişlərinə ehtiramla yanaşmasını,
Azərbaycan mədəniyyətinə
böyük töhfələr
vermiş insanlar haqqında cəmiyyətə
yeni, fərqli baxış bucağından
yanaşaraq məlumatlar
verməsini müsbət
hal kimi dəyərləndirdi. Nazir “İlyas
Əfəndiyev. Şeirə sığmayan
ömür” kitabının
məhz bu silsilədən olduğunu
vurğuladı. Qeyd etdi
ki, kitabda böyük dramaturqun həyatının anlarını
əks etdirən fotoşəkillər, dəyərli
insanların İlyas Əfəndiyev şəxsiyyəti
və yaradıcılığı
barədə söylədikləri
qiymətli fikirlər,
yazıçıya həsr
olunmuş şeirlər
ədibin dolğun portretini yaradır. Nazir əmin olduğunu bildirdi ki, nəfis
şəkildə çap
olunmuş kitab oxucular tərəfindən
böyük maraqla qarşılanacaq.
Sonra İlyas Əfəndiyevin
həyat və yaradıcılığına həsr
olunmuş “Sən həmişə bizimləsən”
adlı qısa film nümayiş olundu.
“Əsrlərin sınağından
çıxmış lirika
həqiqi sənətin
qanadıdır, ruhudur”
(İlyas Əfəndiyev)
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik Bəkir Nəbiyev Novruz bayrmı ərəfəsində
İlyas Əfəndiyev
yaradıcılığını sevənləri bir araya gətirən bu gözəl kitabın zəhmətini çəkənlərə dərin
minnətdarlığını bildirdi: “Mənim yadımda bu qəbildən olan iki kitab qalıb.
Səməd Vurğun və
Üzeyir Hacıbəyov
haqqında şeirlərdən
ibarət kitablar.
Birinin adı çox qəribə idi: “Üzeyirbaycan”. O kitab Səməd Vurğunun “Ölüm sevinməsin qoy” sözləri ilə başlayan məşhur şeiri ilə açılırdı”. Akademik
görkəmli yazıçı
İlyas Əfəndiyevə
həsr olunmuş kitabda 35 şairin müxtəlif vaxtlarda qələmə aldığı
40-dək şeirin yer
aldığını dedi:
“İlyas Əfəndiyev
xalqımızın, ədəbiyyatımızın
estetik fikir tarixində görkəmli
xidmətləri olmuş
qüdrətli bir dramaturqdur. Azərbaycan ədəbiyyatında heç bir dramaturq teatrla İlyas Əfəndiyev qədər uzunmüddətli,
fəal yaradıcılıq
əlaqəsində olmayıb.
İlyas
Əfəndiyev eyni zamanda çox poetik bir şəxsiyyət
idi”.
Akademik kitabın araya-ərsəyə
gəlməsində əməyi
olanlara da ürək sözlərini
çatdırdı: “Mədəniyyət
və Turizm Nazirliyinə təşəkkür
edirəm ki, bu kitabı nəşr etdirməklə
böyük qədirşünaslıq
nümayiş etdirib. Bu kitabın belə
ürəyəyatan, təravətli,
cazibədar alınmasında
İlyas müəllimin
sevimli nəvəsi Günay xanımın böyük yaradıcılıq
əməyi var. İlyas
Əfəndiyevə həsr
olunmuş şeirləri
seçmək, çapa
hazırlamaq və kitaba səmimi, yığcam müqəddimə
yazmaq özü ciddi yaradıcılıq işidir”.
“Həqiqi sənətkar səmimi olmaya bilməz”
(İlyas Əfəndiyev)
Əməkdar
artist Murad Hüseynovun
pianoda gözəl ifasından sonra Milli Məclisin Mədəniyyət komitəsinin
sədri, professor Nizami Cəfərov çıxış edərək
“İlyas Əfəndiyev.
Şeirə sığmayan
ömür” kitabını
orijinal nəşr kimi dəyərləndirdi:
“Kitabın içindəki
bütün yazılar
olduqca səmimidir. Çünki İlyas Əfəndiyev
yaradıcılığı başdan-başa səmimiyyətdir.
Onun “Kənddən məktublar”
əsərindən başlamış
“Geriyə baxma, qoca” əsərinə kimi bütün yaradıcılığında ilk növbədə İnsan
- onun daxili dünyası, taleyi, təlatümləri dayanır.
İlyas
Əfəndiyev o xoşbəxt
sənətkarlardandır ki,
şəxsiyyəti ilə
yaradıcılığı bir-birini tamamlamış, xalqının sevimli övladlarından biri olmuşdur”.
Sonra xalq artistləri
Məleykə Əsədova
və Nurəddin Mehdixanlının ifasında
İlyas Əfəndiyevə
həsr olunmuş şeirlər səsləndi.
“Teatr həmişə mənəvi yüksəliş
aynası olmuşdur”
(İlyas Əfəndiyev)
Bakı Bələdiyyə Teatrının
bədii rəhbəri,
Xalq artisti Amaliya Pənahova ömrünün böyük
bir hissəsini teatra həsr etmiş İlyas Əfəndiyevin səhnə
üçün yazdığı
14 əsərdə iştirak
etdiyini, bu əsərlərlə Azərbaycan
teatrında üç
aktyor nəslinin yetişdiyini qeyd etdi. İlyas Əfəndiyevin əsərlərinin bu gün də səhnədə sevə-sevə
tamaşaya qoyulduğunu
bildirən Xalq artisti illər, nəsillər dəyişsə
də, İlyas Əfəndiyev yaradıcılığının
hər zaman yaşayacağını bildirdi
və kitabın təqdimatını böyük
bayram adlandırdı.
Xalq artisti Aygün
Bayramovanın ifasında
xalq mahnısı “Qaragilə”, əməkdar
artistlər Elçin
Həşimov və Elnur Əhmədovun müşayiəti ilə
tamaşaçılara təqdim
olundu.
Teatr Xadimləri İttifaqının
sədri, Xalq artisti Azər Paşa Nemət İlyas Əfəndiyevin Azərbaycan teatrındakı
misilsiz xidmətlərindən
danışdı.
Azərbaycan Aşıqlar Birliyin sədri, Xalq şairi Zəlimxan Yaqub işıqlı obrazı ilə xatirələrdə qalan İlyas Əfəndiyevin sənət aləminin gözəlliyindən danışdı:
“Böyük şəxsiyyətlərin
xalq qarşısında
böyük xidmətləri
həm də ondan ibarətdir ki, insanları yaxınlaşdırır, doğmalaşdırır,
bütövləşdirir” - deyən Xalq şairi 60 il sərasər yaradıcılıqla
məşğul olan,
səhnəmizə görkəmli
əsərlər bəxş
edən İlyas Əfəndiyevin məhz belə bir şəxsiyyət
olduğunu bildirdi: “Onun sayəsində teatr adlı müqəddəs məbədgah
neçə min dəfə
dolub boşaldı, insanları görüşdürdü,
birləşdirdi. İlyas Əfəndiyev
dünya durduqca yaşayacaq”.
Zəlimxan Yaqubun çıxışından
sonra caz musiqiçisi Şahin Növrəsli səhnəyə
çıxdı və
onun ifası alqışlarla qarşılandı.
“Dahi sənətkarın həqiqi varisi xalqdır” (İlyas Əfəndiyev)
Kitabın tərtibçisi və redaktoru Günay Əfəndiyeva mərasim
iştirakçılarını, İlyas Əfəndiyev yaradıcılığını sevənləri salamladı,
kitabın işıq
üzü görməsində
əməyi keçən
hər kəsə, Mədəniyyət və
Turizm Nazirliyinə, şəxsən nazir Əbülfəs Qarayevə,
“Təhsil” nəşriyyatına,
təqdimatda iştirak
edənlərə təşəkkür
etdi: “Mən əminəm ki, İlyas Əfəndiyevin ruhu bu gün
bizim aramızdadır.
Çünki burada ona həsr olunmuş şeirlər söylənildi,
onun çox sevdiyi “Qaragilə” mahnısı səsləndi.
Böyük sənətkarlar ölməzdirlər, çünki
əsl sənət, əsl sənətkar əbədidir”.
Mərasimin sonunda balaca
və istedadlı ifaçı Mirpaşa Şükürov “Qarabağ
şikəstəsi” ilə
hər kəsi qəlbimizin bir parçası olan Qarabağa apardı.
“Azərbaycan xalqı nəcib olduğu qədər də
istedadlıdır, cəsurdur, mərddir”
(İlyas Əfəndiyev)
Tədbirin sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir daha İlyas Əfəndiyev dünyasının anlarını özündə əks etdirən qiymətli kitabın işıq üzü görməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi.
Xatırladaq ki, “Təhsil” nəşriyyatında çap olunmuş kitabın naşiri Bəhruz Axundov, nəşriyyat redaktoru Vaqif Bəhmənli, bədii tərtibatçısı və rəsmlərin müəllifi isə İsmayıl Əsədoğludur.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 18 mart.- S. 4.