Azərbaycan muğamı Orta Şərq musiqisi

 

   Beynəlxalq elmi simpozium başa çatdı

  

   “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən “Azərbaycan muğamı və Orta Şərq musiqisi” mövzusunda elmi simpozium martın 16-da bölmə iclaslarında işini davam etdirib.

  

   Bəstəkarlar İttifaqında keçirilən iclaslara amerikalı alim Uilyam Samitsin, rusiyalı sənətşünas Tamilla Canızadə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar incəsənət xadimi Zemfira Səfərova və türkiyəli bəstəkar Ozan Yarman sədrlik ediblər.

   UNESCO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq “Qafqaz və İran mühitində Azərbaycan muğamlarının yeri” mövzusunda məruzə ilə çıxış edib. Alim regionda muğamın yayılma coğrafiyasını, bu sənət növünün keçdiyi tarixi inkişaf yolunu və onun müasir mədəni sivilizasiyada rolunu diqqətə çatdırıb.

   Sonra Beken Münir “Makam musiqi ənənəsində formanın və səsin qarşılıqlı əlaqəsi”, Salih Turan “Azərbaycan zərb muğamları və türk musiqisində analoji janrlar” (Türkiyə), Rəna Məmmədova “Azərbaycan və türk musiqisində məqam düsturlarının müqayisəli təhlili haqqında”, Ariz Abdullayev “Şərq ənənəvi professional musiqisində Bayatı muğamı”, Cəmilə Həsənova “Azərbaycan musiqisində məqamların qarşılıqlı əlaqələrinin tədqiqi məsələləri” (Azərbaycan), Araş Mohafez “Musiqi eyniliyinin iki təzahürü: Azərbaycan muğamında və İran dəsgahında təsnif nümunəsi”, Ehsan Xezrlou “Azərbaycan muğam intervalları: neytralların yox olma prosesi” (İran), Sergey Lebedev “Muğamın rus musiqişünaslığına inteqrasiyası: problemlər və perspektivlər” (Rusiya), Yürger Elsner “Müasir muğamın struktur və formalaşması haqqında qeydlər” (Almaniya) və digər alimlər məruzələrlə çıxış edib.

   Matrın 17-də simpoziumda daha bir neçə məruzə dinlənilib. Kanadalı alim Robert Simms, azərbaycanlı mütəxəssis Aida Hüseynova, tunisli Mondher Ayari, Finlandiyadan muğam alimi Olivier Lartillot, Rusiya nümayəndəsi Tamilla Canızadə, azərbaycanlı gənc alim İminə Əliyevanın məruzələri maraqla qarşılanıb.

   Simpozium “dəyirmi masa”da qətnamənin qəbulu ilə işini başa çatdırıb.

 

 

   Mədəniyyət.- 2011.- 18 mart.- S. 3.