Yaddaşımızdakı səs...

 

   Rəşid Behbudov kimi böyük, amma şıltaq sənətkar hər müğənnini bəyənib özü ilə qastrola aparmazdı. Bülbül kimi tələbkar insanla da yola çıxmaq adi məsələ deyildi. Onlar qadın sənətkarlar arasında Sara xanımı qəbul edir, onunla birlikdə çıxışdan həzz alırdılar.

   Sara xanımla görkəmli vokal ustası Bülbülün Böyük Vətən müharibəsi illərində Mozdokda və digər ön cəbhələrdə əsgərlər qarşısında verdiyi konsert ordunun döyüş ruhunun yüksəlməyinə səbəb olurdu. Bülbül, Nazim Hikmət Bakıya gələrkən onun şərəfinə evində verdiyi ziyafətə qadın müğənnilərdən təkcə Sara xanımı dəvət etmişdi.

   Sara xanımla birlikdə Efiopiyada qastrolda olan Rəşid Behbudovu ölkənin prezidenti Hayl Selasye evinə qonaq çağırmış və hər iki sənətkara dövlət mükafatını şəxsən təqdim etmişdi.

   1963-cü ildə Moskvada Azərbaycan mədəniyyəti həftəsində Sara xanımın Rəşid Behbudovla birlikdə Böyük teatrın səhnəsindəki çıxışı uğurla keçmişdi. Uzun illər Rəşid Behbudovla neçə-neçə səfərlərdə, görüşlərdə olan Sara xanım son mənzilə də ölməz həmkarının adını daşıyan Mahnı teatrından yola salınmışdı.

   Nazim Hikmət 1958 və 1960-cı illərdə Bakıda olarkən həm Yazıçılar İttifaqında, həm də Mehdi Hüseyngildə Sara xanım "Aişə" türk mahnısını ifa etmişdi. Onun ifasından və gözəlliyindən bihal olan böyük şair "Aişə" mahnısının bir neçə dəfə təkrarən oxunmasını istəmiş, sonda "Sara xanımın səsi, avazı mənə anamın laylasını xatırlatdı" demişdi...

 

   Ona bəzən "daş" atardılar

 

   Sara xanım iyirmidən çox mahnısını oxuduğu bəstəkar Şəfiqə Axundova ilə çox yaxın idi. Sənətkar hələ gənc yaşlarından onunla ünsiyyət qurmuş, müharibə illərində qayğıya ehtiyac duyan Şəfiqəyə əl tutmuş, kömək durmuşdu. Bunu indiyədək bəstəkar hörmətlə xatırlayır.

   Bir gün televiziyada Gülyanaq Məmmədova Şəfiqə Axundovanın "Nədən oldu" mahnısını ifa etdikdən sonra aparıcı bəstəkara "Sara xanım bu mahnıya öz möhürünü vurub" söylədikdə, bir qədər ehtiyatsız deyilmiş cavab alır":Düzdü, Sara xanım həmin mahnını oxuyub. Amma Gülyanağın ifası bir başqadı".

   Bu söz Sara xanımın xətrinə dəymiş, Şəfiqə xanımdan möhkəm incimişdi: "Mən o mahnını yaşatmışam, ömür vermişəm. Şəfiqə xanım gərək belə deməyəydi".

   Qəmbər Hüseynlinin "Nə vaxta qaldı" mahnısını Sara xanım 18 fevral 1954-cü ildə lentə yazdırmışdı. Ondan sonra gərək ki, heç bir müğənni bu mahnını lentə aldırmayıb. "Nə vaxta qaldı" kim oxusa da, Sara xanım təki xırdalıqları, incə boğazlarını eləməyə hünəri çatmayıb.

   Bir gün Zöhrə Abdullayeva Brilyant Dadaşovanın verilişində iştirak edərkən demişdi ki, "Nə vaxta qaldı" mahnısının ilk ifaçısı Nərminə Məmmədova olub. Sara xanım bu söhbəti eşitmiş, uşaqlıqdan onun yanında böyüyən Zöhrənin əslində bu mahnını ilk dəfə kimin oxuduğunu bilə-bilə belə deməsi ona xoş gəlməmişdi. Amma böyük sənətkar özündən cavan həmkarını yanlış informasiyaya görə utandırmamışdı.

   Və yaxud "Kamerton" verilişində Gülyaz və Gülyanaq Məmmədovalar dedilər ki, "Şur" muğamını indiyədək heç bir qadın müğənni oxumaması barədə söylədiklərindən Sara xanım pərt olmuşdu. 13 may 1965-ci ildə "Şur" dəsgahını başdan-ayağa lentə yazdıran sənətkarı bilmədiyini danışanların efir məsuliyyətini unutması əməlli-başlı hiddətləndirmişdi.

 

   Çəkisini bilən sənətkar

 

   Əbülfət Sara xanıma, bir-birlərinə çox hörmətlə yanaşırdılar. Onların səsində həmahənglik vardı. Əbülfətlə Saranın iştirak etdikləri konsertlərdə, tamaşalarda qələbəlik, ruh yüksəkliyi olardı.

   "Leyli və Məcnun" operasında onlar bir-birinə yaraşırdılar və sanki öz həyatlarını oynayırdılar. Xüsusilə birinci pərdə onların ifasında çox təsirli səslənirdi.

   Əbülfət Sara xanımın sənətini yüksək qiymətləndirərdi. Eyni zamanda Sara Qədimovayla Yavər Kələntərli də Əbülfətin ifasına yüksək qiymət verirdilər. "O, oxuyanda gərək çənəsinin altına qızıl boşqab tutasan ki, ağzından tökülən bal səs yerə axmasın" - deyirdilər.

   Əbülfət Əliyev "Sara xanım həm gözəl qadın, həm gözəl sənətkar, həm də gözəl evdar xanımdı, əlinin dadı-duzu bişirdiyi yeməklərin ətrinə qarışır, yoldaşlığı bizim kimi min kişiyə dəyər, ona baş əymək lazımdı"-deyərdi.

   Qulu Əsgərov onların dostluğana "Deyişmə" mahnısını həsr etmişdi. Bu mahnı uzun illər Sara və Əbülfətin gözəl ifasında zövqləri oxşadı, repertuardan düşmədi.

   Sonralar bu mahnını İslam Rzayevlə Zeynəb xanım lentə yazdırdılar.

   Sara xanım Əbülfət vəfat edərkən onun dəfnində fəal iştirakçısı kimi unudulmaz sənət fəxri xiyabanda basdırılması üçün səlahiyyətli şəxslərə üz tutdu və sonda istəyinə nail oldu.

   Sara xanım öz qiymətini bilən sənətkar idi. Ömründə heç kəsə ağız açmazdı. Bir dəfə də olsun televiziya və radio rəhbərlərinə müraciət etməzdi ki, mənim konsertimi verin və yaxud hansısa verilişə çağırın. O, öz çəkisini, qədr-qiymətini bilən idi.

   Bir gün Məleykə Əsədova Sara xanımı verilişinə dəvət edir. Sara xanım ona "qızım, mən gəlib sənin qarşında otura bilmərəm. Mən sənin verilişinin adamı deyiləm" deyir.

   Sara xanım "Kamerton", Gülşən Qurbanovanın "Qaynar qazan" verilişlərində iştirak etməkdən də imtina etmişdi. Rəhmətlik Gülşən xanımın xətrini istəsə də, yumşaq şəkildə "yox" deməyi lazım bilmişdi: "İncimə, mənə bu yaşda, ad-sanda camaatın qarşısında yüngüllük eləmək yaraşmaz".

 

   Sara xanım belə Sara idi: qürurlu, mənliyini, ləyaqətini gözləyən bir insan...

 

   Bir gün Sara xanımı ata yurdu Ağdama məhsul bayramına dəvət edirlər. O, özü ilə rayona başqa bir müğənni də aparır. Qayda belə idi ki, konserti xalq artisti bağlayırdı, yəni axırıncı o oxuyardı.

   "Qatar" və "Qarabağ şikəstəsi" müvəffəqiyyət qazandıran nömrələrdir. Sara xanım müğənni yoldaşına deyir ki, bunların birini sən, birini isə mən oxuyaq. Həmin müğənni abır-həya etmədən, "hər ikisini özüm oxuyacağam"- deyir. Sara xanım halını pozmadan, "neynək oxu" söyləməklə razılaşır.

 

   Həmin müğənni "Qatar"ı və ardınca "Qarabağ şikəstəsi"ni oxuyur. Axırda konfansye Sara xanımın çıxışını elan edir. Bundan sonra Sara Qədimova səhnəyə mikrofonsuz çıxıb ifa edəcəyi musiqi nömrələrinin adını çəkir. Əvvəl "Qatar"ı, sonra isə "Qarabağ şikəstəsi"ni oxuyur. Onun mikrofonsuz ifası salonu titrədən sürəkli alqışlarla qarşılanır.

   Bununla da Sara xanım növbəti dəfə sözünü yeridib, prinsipiallığını göstərə bilir.

 

   Sara zövqü

 

   Sara Qədimova İndoneziyada olarkən prezident Sukarnonun həyat yoldaşı Hartini Sukarno ona qeyri-adi, par-par parıldayan al qırmızı və yaşıl rəngli iki dəst parça bağışlayır.

   Sara xanım yaşıl parçanı Şövkət Ələkbərovaya hədiyyə verir. Hər ikisi bağışlanan parçadan səhnə paltarları tikdirirlər. Pərəstişkarları Sara xanımı həmin paltarda görəndə necə də sevinirdilər.

   Bir dəfə Sara xanıma qısqanclığı tutan o zamankı mədəniyyət nazirinin qadın müavinlərindən biri deyir ki, parıltılı paltarı geyinmək məsləhət deyil. Bu xanəndənin xatirinə dəyir.

   Günlərin birində xanım nazir müavini olan məclisdə Sara xanım Şövkətlə danışıb qərara alırlar ki, hər ikisi həmin paltarları geyib səhnəyə çıxsınlar. Belə də olur. Onları həmin paltarlarda görən nazir müaini əsəbləşib, salonu tərk edir.

   Beləcə, "25 ildi səhnədəyəm, necə geyinməyi bilmirəm ki, mənə dərs keçsinlər" ədasıyla Sara Qədimova vəzifəli xanımdan çəkinmədiyini sübuta yetirir.

 

   "Kəsmə şikəstə"

 

   Cahangir Cahangirov dəfələrlə Sara Qədimovaya "Füzuli kantatası" yeni formada muğam üstündə oxumağı təklif etmişdi. Amma Sara xanım razılaşmamışdı. Demişdi ki, Şövkət xanım bu kantataya möhür vurub, onu başqa birisinin oxuması günahdı. Sara xanım, belə Sara xanım idi.

   Uzun illər boyu Sara xanım "Kəsmə şikəstə"ni lentə yazdırmaq istəsə də, arzusunu həyata keçirməyə sanki ürək eləməmişdi. Səbəbi sadəydi. Onun fikrincə, Fatma Mehrəliyevanın ifa etdiyi "Kəsmə şikəstə"dən sonra, bu, elə-belə məsələ deyildi. Hətta o, Şövkət xanımı, Gülxar Həsənovanı və Zöhrə Abdullayevanı qınayırdı ki, gərək Fatmadan sonra onlar "Kəsmə şikəstə"yə müraciət etməyəydilər: "Xalq Fatmanın şikəstəsini qəbul edib, bəyənib, vəssalam" qənaətində olan xanəndə nəhayət yetmişi haqlamaqdaykən tilsimi sındırmaq qərarına gəlir"":Şikəstə"ni lentə yazdırıram. Qəti fikrimdi. Amma Fatma xanım oxuyan "Kəsmə şikəstə"ni yox, Yavər Kələntərlinin dilindən eşitdiyim yanıqlı "Sarıtorpaq şikəstə"sini".

   Qarabağ torpağının, doğma Gülablının kafir düşmənlə üz-üzə qaldığı ağrılı günlərin birində rəhmətlik İslam Rzayevin ansamblının müşayiətilə "Sarıtorpaq şikəstəsi" lentə yazıldı. İlahi, bu şikəstəni oxuyanda Sara xanım nə qədər ağladı. Ürəyinin dərdini, ah-naləsini şikəstəyə qatdı. "Ay başı bəlalı, Qarabağ" fəryadı dinləyənlərin gözündə yaş qoymadı. İndi ara-sıra televiziya və radioda səslənən həmin "kəsmə" - "Sarıtorpaq şikəstəsi" beləcə yarandı.

 

   "Rəftəm ki, rəftəm"

 

   1960-cı illərin əvvəlindən İranla incəsənət əlaqələrində bir istiləşmə vardı. Bir-birinin ardınca Mərziyyə, İlahə və Pərvanə xanım Azərbaycana qastrol səfərinə gəlmişdilər.

   Sara xanım Rəşid Behbudov, Tofiq Quliyev və Sürəyya Qacarla birlikdə Mərziyyə xanımı Bakıda dəmir yolu vağzalında qarşılamış. 20 gün evində saxlamışdı. Onun ifa etdiyi "Rəftəm ki, rəftəm" mahnısını öyrənib, uzun illər repertuarında səsləndirilmişdi.

   Azərbaycanla tanışlığı Culfadan başlayan İlahə xanımı Naxçıvanda qarşılayıb Bakıya gətirənlər sırasında Əhsən Dadaşov və Cahangir Cahangirovla yanaşı, Sara Qədimova da olmuşdu.

   Rəşid Behbudov evində Mərziyyə xanımın şərəfinə düzənlədiyi ziyafətdə qadın müğənnilərdən yalnız Sara xanım iştirak etmişdi. Sara Qədimovanın özü də Mərziyyə xanımın şərəfinə köhnə "İnturist"də böyük ziyafət vermişdi.

   Sara xanım 83 il yaşadı. 2005-ci il may ayının 12-də dünyasını dəyişən müğənni gəncliyində və orta yaşlarında olduğu kimi, ahıl çağında da qadınların ən gözəli idi. Bəli, bu o Saraydı ki, 1950-60-cı illərdə onu bircə dəfə görmək üçün adamlar Azərbaycanın ucqar rayonlarından Bakıya axışar, konsertinə düşməyə çalışardılar. Sara xanımın həyatdan getməsi təkcə bir ailənin deyil, bütün xalqımızın itkisiydi.

   Sara xanım 1954-cü ildə Azərbaycanın əməkdar, 1963-cü ildə xalq artisti fəxri adlarına layiq görülmüşdü. O, 1959-cu ildə "Şərəf nişanı", 1997-ci ildə "Şöhrət" ordenləri ilə təltif olunub, Prezident təqaüdçüsü idi. 1963-cü ildə Bakı şəhər sovetinin deputatı seçilmişdi.

   Azərbaycanın çox "bərk" gedən müğənniləri və xanəndələri olub, lakin fiziki yoxluqları ilə səsləri də qeyb olub.

   Sara xanımının səsi yaddaşımızda az-az qalan səslərdəndir: Xanın, Seyidin, Fatmanın, Şövkətin, Rübabənin, Bülbülün, Rəşidin, Əbülfətin, Tükəzbanın, İslamın, Zülfünün, Mütəllimin, Yaqubun, Səxavətin və s. böyük sənətkarlarımızın səsi kimi...

 

 

   Seymur Elsevər

 

   Ekspress.- 2011.-19-28 mart.- S. 18.