Aytokya

 

  Mircavad Mircavad haqqında

 

  Məqalə Azərbaycanın görkəmli rəssamı Mircavad Cavadovun həyat yoldaşı tərəfindən lent yazısına köçürülmüş xatirələri əsasında hazırlanıb. Böyük rəssamın həyatı və yaradıcılığı barədəki fikirləri ilk dəfə mediada - "Ekspress"də çap olunur.

   Uşaqlıqdan məni heyrətə salan ilk təəssürat - döşəmədə oturub oyuncaq qalay əsgəri döşəmə taxtalarının çatları ilə irəliyə doğru aparıram, o isə sanki çətinliklə addımlayır, belə, qəfildən yuxarıda səs-küy qopur, başımı qaldırıb açıq pəncərədən baxıram və ilk dəfə təyyarə görürəm, mənə elə gəlir ki, o, mənə doğru uçur, amma təyyarə damların üstündən ötüb keçdi...

   Sonralar mən səma dostumu saatlarla gözləyərdim, o, göy üzündə görünəndə sevincimdən atılıb-düşərdim... bunu hamıdan gizlədərdim, hətta dayəmə də bir söz demirdim, çünki adamlar ona aeroplan deyirdilər, təkcə mən bilirdim ki, o mənim dostumdu. Ömrüm boyu təyyarələrə etibar etmişəm, guya onları insanlar idarə etmirlər, guya onlar özləri uçurlar. Aeroportdan xoşum gəlmir, orda sərhəd kəskin surətdə hiss olunur, gümüşü sığınacağa çəkiləndə gözlərimi yumardım, Motsartın "Qırxıncı simfoniya"sının melodiyasına öz məzəli nəğmələrimi, ya da zarafatla "Zərdüşt himnləri" dediyim improvizələri oxuyardım...

   Hüdudsuzluq duyğusu yaranardı. Orda Yer kürəsi üzərində ABSOLYUT hakim idi, mənim narahat ruhum asanlıqla qaranlığa TƏSLİM olan dörd insan zəifliyinə qarşı üsyan edir, bəlkə elə buna görə də lövhələrimdəki olaylar Apokalipsisi xatırladır... Bir arxadaş məndən soruşdu: "Sən çoxlu pul-para istərdinmi? - Əlbəttə. - Bu pulla neyləyərdin? - Təyyarə alardım, dünyanın hər tərəfinə uçardım, əsərlərimi də təyyarədə çəkərdim..." Çoxdan, çoxdan, lap çoxdan evimizin divarına yekə bir at şəkli çəkmişdim, yeddi yaşım olardı, sonralar uzun illər boyu qonşular o at şəklini təzələyərdilər. Divarlara, hasarlara şəkil çəkərdim, anam buna görə məni döyərdi, mən geri çəkilməzdim. Mənim yaradıcılıq studiyam rus-yəhudi qəbristanlığı olub, zira mən heç zaman rəsm dərnəklərinə getməmişəm. Dostlarımdan, qohumlarımdan fərqli olaraq düşünürəm ki, qəbirüstü abidələr ideal modellərdir. Deyirlər ki, hələ lap balaca vaxtımda süfrə başında yeməyə əl vurmamış çəngəllə müşəmbə üzərində "bax belə, bax belə" fısıldaya-fısıldaya dörd xətdən ibarət qarmaqarışıq cizgilər çəkərdim, müşəmbə cırılardı, məni danlayardılar, qaşqabağımı sallayar, yeməyə toxunmazdım. Bir qədər böyüyəndən sonra Fatmayidə, dəniz sahilində barmaqlarımla ağac, heyvan, adam şəkilləri çəkərdim, dalğalar gəlib şəkilləri silərdi, balaca oğlan hər şeyi yenidən başlayardı... bulvarda çin çimərliyində nəhəng vannada, suda vitrajların rəngi gün işığında bərq vurardı, suyun üzərində parıldayan rənglərə toxunmaq adama ləzzət verərdi, on yaşım vardı, amma o hisslər unudulmur. Sonralar bəzən Rasimi də özümlə bulvara aparardım... O, məndən dörd yaş balacaydı, amma mən qardaşım Tofiqdən daha çox onunla oynayardım, çünki o, mənim macəralarıma həvəslə qoşulurdu, oyuncaqlarımızı götürdüyünə görə qardaşımla mənim onu görməyə gözümüz yoxdu, atamızın vergi məmuru ilə dramatik səhnələri gördüyümdən xala oğlumuza "naloqçu" adı qoymuşdum... pəncərədən onun gəldiyini görəndə sevimli oyuncaqlarımızı tələm-tələsik gizlədərdik, gizlətməyə macal tapmayanda dava düşərdi. Tofiqin kalmık sifəti ağlamaqdan islaq pomidora dönərdi, mən yabançını əlimlə, ayağımla vurardım, dişləyərdim, Rasim əlinə keçəni geri qaytarmazdı, anamız səs-küyə gələrdi, bizi dilə tutub xoşuna gələn oyuncağı bacısı oğluna verərdi. Ümumiyyətlə, mən əsl oğul idim - atam bir iş tapşıranda Eyzenşteynin filmlərinə baxmaq üçün pul tələb edərdim, dəfələrlə seyr etməyimə rəğmən mən bu filmlərdən bezməzdim. Təxminən həmən dövrdə Baksovetlə üzbzəüz reproduktordan Vaqnerin "Loenqrin" musiqisini eşitdim, musiqi məni elə valeh etmişdim ki, dəfələrlə bəlkə yenə bu musiqini səsləndirərlər deyə musiqini bir daha dinləmək ümidiylə bu küçəyə gələrdim...

   Böyük Vətən müharibəsinin qızğın vaxtında Sovet İttifaqı vətəndaşlarına "Sizin arzularınızla" konsertinə sifariş verib radioda istədiyi melodiyanı dinləməyə imkan verilirdi, siyasi korluğum üzündən mən radiodan "Leonqrin"i istəmişdim, rəssamlıq məktəbində radionu açıb uşaqlara dedim ki, indi böyük alman bəstəkarının üvertürası səslənəcək, gəlin dinləyək. Düzdü, uşaqlar susdular, amma üz-gözünü turşutdular, inanmayanlar, mənə ağız büzənlər də oldu. Axır ki, elan edirlər, indi Cavad Mircavadovun arzusu ilə Çaykovskinin musiqisi səslənəcək. "Ax əclaflar, necə də utanmadan yalan danışırlar" - dedim. Uşaqlar pərt olduğumu görüb məni sakitləşdirdilər, yaxşı qurtarmısan dedilər, radiostansiya lazım olan yerə məlumat versəydi, "çyornıy voron" gəlib səni ucsuz-bucaqsız qarlı çöllərə aparacaqdı...

   On beş yaşımda "Azərbaycan" kinoteatrda işə girdim, afişa çəkən baş rəssam Zarubinin köməkçisi oldum, yarım ildən sonra Zarubin bütün işi mənim boynuma yüklədi. Daha yarım ildən sonra isə işə gecikdiyimə görə məni altı ay azadlıqdan məhrum edib Bayıl türməsinə göndərdilər. Başımı qırxdılar, məhbus paltarı verdilər, rəssam olduğumu biləndə məni sex deyilən baraka yelpikləri rəngləməyə göndərdilər. Barakın ortasında uzun bir masa, divarlarda rəflər, orda əsasən qadınlar işləyirdi (oğrular, fahişələr, siyasi məhbusların arvadları) göygöz bir qoca və ortaboylu gözəl bir oğlan. Mən yelpik boyayırdım və buna şükür eləyirdim, hər halda gözə görünməzin mərhəmətiylə rəssamlıqla məşğul ola bilirdi. Fantastik mənzərələr, buketlər və s. çəkirdim, məhbus qadınlar portretlərini çəkdirmək üçün hardansa kağız tapıb gətirmişdilər, tezliklə adım bütün türməyə yayıldı. Bayıl türməsinin paxanı öz adamını yanıma göndərdi, paxan onlar üçün "nakolka" döyməyimi istəyirdi, əvəzində mənə pul, ərzaq, qadın, tapança, anaşa təklif edirdilər, hətta ayda bir dəfə azadlığa çıxa bilərdim. Bütün bunlardan vaz keçdim, yalnız bir xahişim oldu - qocaların çörəklərini əllərindən almasınlar, bir də gözəl oğlana toxunmasınlar, ona yazığım gəlirdi, o daima qorxu içində yaşayırdı, qorxurdu ki, məhbuslar onu zorlayarlar. Adam mənim şərtimi paxana bildirməyə getdi, başçının razılığı ilə qayıtdı. Onlar türmə kitabxanasından bir qalaq jurnal gətirdilər. Jurnallarda Kramskoyun, Rubensin, Velaskesin, Bryullovun, Delakruanın əsərlərini reproduksiyaları çap olunmuşdu. Mənim təklif etdiyim reproduksiyalardan banditlərin böyük bir hissəsi Delakruanı seçirdi. Romantiklər, lənət şeytana!

   Mən qatillərin, soyğunçuların dərisinə şəkil döydüyüm vaxtlarda türmədə satiklik, əmin-amanlıq olardı, bu da türmə komendantını təəccübləndirirdi. Döymələri ilə öyünən məhbusların bəzisi Sovet İttifaqının müxtəlif həbsxanalarında yatmışdılar, deyirdilər ki, heç bir türmədə mənim kimi usta görməyiblər. Etiraf edim ki, onların əllərində, qollarında, sinələrində, kürəklərində döydüyüm şəkillər xoşuma gəlirdi.

   Bir dəfə paxan kürəyimə bir yumruq ilişdirib xırıltılı səslə dedi: "Çəkic, düzgün rəssam olacaqsan, acgöz deyilsən, hallanmırsan". Məhbus qadınlardan biri məndən gözünü çəkmirdi, necə oldusa düz gözlərimin içinə baxa-baxa pıçıldadı: "Səninçün bundan başqa heç nə edə bilmərəm?" Və mən özümə gəlməmiş əlimi tutub paçasının arasına soxdu. Utandığımdan qıpqırmızı oldum, qadın çaşdığımı görüb üzr istədi, söz verdi ki, bir də belə şey etməyəcək. Biz dost olduq. Otuz yaşlı qadın oxuduğum romanlardan yadımda qalan epizodları maraqla dinləyərdi, kitabları tapaq o özü oxusun dedim, amma kitabın özündən çox mənim əhvalatları danışmağım, kitabda yazılanları yozmağın onun xoşuna gəlirdi. Maviyə çalan cansız dəri, üzündə əzab nişanəsi, onun gözləri qara gavalı kimiydi, onun içində sanki nəsə sınmışdı...

   "Xalq düşmənlərinin" arvadları daha ciddi nəzarət altındaydılar. Nəzarətçinin başı nəyəsə qarışmışdı, mən onların danışığını dinlədim. Onlar işgəncələrdən şikayətlənirdilər, məndən soruşdular ki, azadlığa çıxanda onların yazdığı məktubu Moskvaya göndərə bilərəmmi, qorxmaram ki, mən onlara söz verdim. Anam həbsxanaya dadlı yeməklər gətirirdi, məlumdur ki, gətirdiyi boxçanın mənə çatması üçün Zeynəb pula qızırğalanmırdı, amma ac məhbuslar arasında dadlı ev yeməklərini yeyə bilməzdim, anamın gətirdiyi yeməkləri qadınlara verirdim, özüm isə barakda bizə veriləndən yeyirdim.

   Vaxt gəlib çatdı, mənim həbsxana həyatım sona yetdi, mən dəmir həbsxana qapısı önündəyəm. Məhbuslar qurşağa qədər soyunub hörmət əlaməti olaraq mənə öz "əsərlərim"i göstərirlər. Barakın qapısında bir dəstə qadın durmuşdu,. onlara tərəf getdim, amma qadınlar bir anda qeyb oldular. Bu, mənə qarşı inamsızlıq idimi, bilmirəm, bəlkə onlar məni təhlükədən qoruyurdular, bəlkə məktublarının "ora" çatmayacağını, yolda ələ keçəcəyini düşünürdülər, onda ölüm başlarının üstünü kəsdirəcək, bəlkə bir anda anlamışdılar ki, bütün bəlalar ordan qaynaqlanır... bilmirəm. Gavalı gözlü qadın da orda yox idi...

   Evə qayıdandan sonra gecə-gündüz şəkil çəkirdim. Mənim inadkarlığımı görən atam təslim oldu, bizimlə bir küçədə yaxınlıqda yaşayan rəssamın, Əzim Əzimzadə adına rəssamlıq məktəbinin direktorunun yanına getdik. Atam direktordan xahiş etdi ki, məni öz məktəbinə götürsün, onsuz da bu uşaqdan adam olmayacaq, axmağın, dəlinin biridi. "Bizim məktəb dəlixana deyil" - direktor atama belə cavab verdi.

   1941-ci ildə asanlıqla imtahan verib rəssamlıq məktəbinə girdim, amma mənim anadangəlmə orijinal dünyagörüşüm həmişə müəllimlərlə mənim aramda münaqişələrə səbəb olurdu. İşlərim yaxşı getmirdi, normal adamların dörd ilə bitirdiyi rəsamlıq məktəbini mən doqquz ilə başa vurdum. Ştamplara, çərçivələrə sığmırdım, məktəbi atıb gedirdim, sonra yenidən qəbul olunurdum. Müəllimlərdən biri fransız rəsmi haqqında xoşagəlməz fikirlər söylədi, mən ona kobudluqla cavab verdim, sonra uşaqları dilə tutub sinifdən çıxardım, özüm isə qapını arxadan bağladım, müəllim iki saat bağlı sinifdə qaldı. Əlbəttə, belə şeylər onsuz da müəllimlərə soyuq olan münasibətlərimi daha da soyudurdu, amma atamın əla növ qaragül papaqları hər şeyi yoluna qoyurdu.

 

   (ardı var)

  

 

   Adil Mirseyid

 

   Ekspress.- 2011.- 19-28 mart.- S.14.