Azərbaycanın gənc rəssamlarının əsərləri Belçikada sərgilənib
Brüsselin «Brenart» İnternasional
Qalereyasında «Azərbaycanın gənc rəssamları
Belçikada» adlı sərgi açılıb. «Dirçəliş»
Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən
keçirilən sərgi Azərbaycanın Belçikadakı
səfirliyinin və ölkəmizin Avropa İttifaqı
yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə
təşkil edilib. Martın 31-dək davam edəcək tədbir
BMT-nin hər il 21 mart tarixini Beynəlxalq Novruz Günü elan
etməsi, Azərbaycan müstəqilliyinin 20, Avropa
Şurasına üzv olmağımızın 10 ilinin tamam
olması münasibətilə iki ölkə arasında mədəni
əlaqələrin inkişafına töhfə olaraq təşkil
olunub.
Tədbirdə
çıxış edən Azərbaycanın
Belçikadakı səfiri Emin Eyyubov sərginin həm də
xeyriyyə məqsədi daşıdığını və
təşkilatçıların əsərlərin
satışından əldə edəcəkləri gəlirin
bir hissəsini Yaponiyada zəlzələdən zərər
görmüş insanlara yardım fonduna köçürməyi
qərara aldıqlarını qeyd edib.
Belçika Senatının fəxri
sədri An Mari Lizən çıxışında azərbaycanlıların
istedadlı xalq olduğunu və Brüsseldə gənc rəssamların
rəngarəng əsərlərinin nümayişinin buna
parlaq sübut olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən
Yaponiya səfiri Jun Yokota zəlzələdən əziyyət
çəkənlərə yardım təşəbbüsünə
görə sərginin təşkilatçılarına təşəkkür
edib.
«Dirçəliş» Gənclərin
Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam
Baxşəliyevin sözlərinə görə, sərgidə
nümayiş etdirilmək üçün 17 rəssamın
100-ə yaxın əsəri seçilib: «Sərginin
keçirilməsində məqsəd Azərbaycanın gənc
rəssamlarının yaradıcılıq imkanlarını
daha da artırmaq, Avropa dəyərlərini gənclər
arasında təbliğ etmək, mədəniyyətlərarası
dialoqun inteqrasiya üçün vacibliyini bir daha diqqətə
çatdırmaqdır».
Qeyd edək ki, Azərbaycan mətbəxinin
zənginliyini nümayiş etdirmək məqsədi ilə
martın 30-da Brüsseldəki «Sazz N Jazz» restoranında «Azərbaycan
mətbəxi günü» də keçiriləcək.
Gülər
Mədəniyyət.-
2011.- 30 mart.- S. 15.