Ordubadinin xatirəsi yad edilib

 

   Görkəmli yazıcı, dramaturq, publisist Məmməd Səid Ordubadinin (24.3.1872-5.1.1950) anadan olmasının 139 illiyi münasibətilə ədibin Bakıdakı xatirə muzeyində tədbir keçirildi. Tədbirdə yazıçının qohumları, yaradıcılığının tədqiqatçıları, Ordubadi irsini sevənlər iştirak edirdi.

     

   Muzeyin direktoru Lalə Abaszadə ədibin yaradıcılığı barədə qısa məlumat verərək bildirdi ki, Azərbaycanda tarixi roman janrının əsasını qoyan Ordubadi nəsr əsərləri, pyesləri, felyetonları ilə ədəbiyyatımıza mühüm töhfələr verib, librettolar yazıb, tərcümələr edib. Yazıçının xatirə muzeyində 2 minədək eksponat qorunur. Ordubadinin əlyazmaları isə Dövlət Arxivində, Əlyazmalar İnstitutunda saxlanır. Muzey dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə təltif olunub, Bakı Mədəniyyət və Turizm İdarəsinin “ən fəal muzey” nominasiyasına layiq görülüb. Xatirə muzeyi gələn il ədibin 140 illik yubileyi münasibətilə onun Ordubaddakı ev-muzeyi ilə birgə tədbirlər keçirməyi planlaşdırır.

   Ordubadinin tədqiqatçısı Arzu Hüseynova onun nəsr əsərlərində Cənub mövzusu, zəngin poetikası, rəngarəng janrlı ədəbi irsi barədə söz açdı. Ədibin qardaşı qızı Nəzifə Məmmədova əmisi haqqında xatirələri bölüşdü. Uzun illər Ordubadi ilə yaxın qonşu olmuş Xalq artisti Bülbülün həyat yoldaşı Ədilə xanım da ürək sözlərini tədbir iştirakçılarına çatdırdı: “Bülbüllə Məmməd Səid elə bil qardaş idilər, aralarından su keçməzdi. Yazdığı əsərləri ona oxuyar, onunla məsləhətləşərdi. Gözəl qələmi, rəvan nitqi vardı. O qədər maraqla danışardı ki, onun söhbətlərindən doymaq olmazdı. Xeyirxah insan idi, cəmiyyət içində böyük nüfuzu, hörməti vardı. Çətinliklə dolu həyat yaşasa da, bu onu sındırmamışdı, heç vaxt zarafatından qalmırdı. Ondan qalan gözəl əsərləri, bir də xoş xatirələrdir”.  

 

 

   İradə

 

  Mədəniyyət.- 2011.- 30 mart.- S. 13.