Sənətkar
ömrünün anları
Son
illər muzeylərimizin nəşriyyat sahəsində fəaliyyəti
xeyli genişlənib. Müstəqil bir elm sahəsi olaraq
muzeyşünaslığın yaranması və müəyyən
inkişaf yolu keçməsi bu işə xüsusi təkan
verir. İndi muzey materiallarından istifadə etməklə
dissertasiyalar yazılır, kitablar, çoxsaylı məqalələr
işıq üzü görür.
Bu siyahıya yeni bir nəşr də əlavə olunub. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuş kitab «Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında» adlanır. Layihənin rəhbəri və kitabın elmi redaktoru Alla Bayramova, məsləhətçi Züleyxa Qarayeva-Bağırova, tərtib edəni Alla Fyodorovadır.
Kitab böyük Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və fəaliyyətinin müəyyən məqamlarını əks etdirir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın kitaba yazdığı ön sözdə oxuyuruq: “Qara Qarayev yaradıcılığı Azərbaycan musiqi sənəti tarixinin özünəməxsus və parlaq səhifələrini təşkil edir. Mədəni irsimizin qorunmasında, inkişaf etdirilməsində, təbliğində, dünya miqyasında tanınmasında bəstəkarın xidmətləri danılmazdır”.
Kitabda toplanmış materiallar vasitəsilə Qara Qarayevin xalqımız və mədəniyyətimiz qarşısında göstərdiyi böyük xidmətlərin müəyyən hissəsi ilə tanış ola bilirik.
Muzeyin fondunda 50 mindən artıq əşya
var. Onların arasında Qara Qarayevə aid materiallar da
mühüm yer tutur. Bunlar Qara Qarayevin və
yaxınlarının, müəllim və tələbələrinin
fotoşəkilləri, məktublar, not və mətnlərin əlyazmaları,
afişalar, proqramlar, təsviri sənət nümunələri,
kitablar və s. ibarətdir.
Məlumdur ki, profilindən
asılı olmayaraq muzey işində fotoşəkillər
mühüm yer tutur və ekspozisiyanın əsasını da
məhz fotoşəkillər təşkil edir. Ona görə
ki, hər bir fotoşəkil özündə müəyyən
tarix yaşadır. Kitabı ərsəyə gətirənlər
də bu prinsipə sadiq qalmışlar. Kitabı vərəqləyən
oxucu həmin anlarda muzey seyrçisinə çevrilir və bəstəkarın
həyatını əks etdirən muzeyin ilk əşyaları
ilə
İllər keçir...Azərbaycan
Dövlət Konservatoriyasının tələbəsi Qara
Qarayev öz müəllimləri və tələbə
dostları arasındadır. Daha bir fotoşəkildə bəstəkar
öz böyük ustadı Üzeyir Hacıbəyovla birlikdə
dərs zamanı əbədiləşmişdir.
Fotoşəkillərə baxdıqca
Qara Qarayevin zirvəyə gedən yolda inamla
addımladığının şahidi olursan.
Fotoşəkillər bizi Qara
Qarayevin müəllimləri, müasirləri və tələbləri
ilə tanış edir. Bu fotolarda o, həmin şəxslərlə
bir yerdədir: Dmitri Şostakoviç, Niyazi, Bülbül,
Fikrət Əmirov, Mirzə İbrahimov, Süleyman Rüstəm,
Cövdət Hacıyev, Tofiq Quliyev, İsmayıl Hidayətzadə,
Səid Rüstəmov, Rauf Hacıyev və bir çox
başqaları.
Kitabda bir maraqlı fotoşəkil
də var. 1972-ci ildə respublikamızda Rusiya
Federasiyasının “Ədəbiyyat və incəsənət
günləri” keçirilərkən çəkilib. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev
böyük musiqi xadimləri ilə bir yerdədir. Qara Qarayev,
Fikrət Əmirov, Niyazi, Şövkət Məmmədova,
Rauf Hacıyev, Tofiq Quliyev, Elmira Abasova, habelə rus-sovet bəstəkarı
Serafim Turikov ulu öndərin əhatəsindədir. Bu
fotoşəkil Heydər Əliyevin mədəniyyətimizə
və mədəniyyət xadimlərimizə diqqət və
qayğısının ifadəsidir.
Qara Qarayevi məşhurlaşdıran,
təbii ki, onun əsərləri olmuşdur. Bəstəkar
bir sıra tamaşalara və kinofilmlərə də musiqi bəstələmişdir.
Kitabda yer almış afişa və proqramlar bu barədə
geniş məlumat verir.
Bu materiallar sırasında müəllifin
müxtəlif teatrlarda tamaşaya qoyulmuş «Yeddi gözəl»
və «İldırımlı yollarla» baletlərinin, habelə
bəstəkarın musiqi bəstələdiyi teatr
tamaşalarının, Azərbaycanda, keçmiş
SSRİ-nin müxtəlif kinostudiyalarında çəkilmiş
bir sıra filmlərin, bir çox konsertlərin afişa və
proqramları var. Onların ünvanları da müxtəlifdir:
Bakı, Moskva, Sankt-Peterburq, Tbilisi...
Kitabda bəstəkarın müxtəlif
təşkilatlara, ayrı-ayrı şəxslərə
yazdığı məktublardan da nümunələr
verilmişdir. Biz bu məktubları oxuyarkən onu nəcib
insan, qayğıkeş ailə başçısı,
xeyirxah müəllim və musiqi təşkilatçısı
kimi görür və bununla fəxr edirik.
Kitabda bəstəkarın həmkarı
Tofiq Quliyevə Moskva şəhərindən 1969-cu ilin mart
ayında yazdığı başsağlığı məktubunun
fotosurəti və mətni verilmişdir. Qara Qarayev məktubunda
Tofiq Quliyevə baş vermiş itki - anasının vəfatından
kədərləndiyini bildirir. O yazır: «Təskinlik üçün
söz tapa bilmirəm. Ancaq onu demək istəyirəm ki, mən
və mənim yaxınlarım bu ağır vaxtda sizin ailədəki
kədəri bölüşürlər...».
Bu məktubda muzey işində
xüsusi maraq doğuran, diqqəti çəkən bir məqam
var. Rus dilində yazılmış məktubun sonunda bəstəkarın
latın əlifbası ilə Azərbaycan dilində belə
bir qeydi var: «Mart gəldi-dərd gəldi...»
Məlumdur ki, «Mart gəldi-dərd
gəldi», habelə «Mart çıxdı-dərd
çıxdı» ifadələri yayılmış deyimlərdir
və Qara Qarayevin bu ifadəni işlətməsi onun milli
xüsusiyyətləri dərindən bildiyini və kökə
bağlılığını bir daha əyani şəkildə
əks etdirir.
Qara Qarayev öz müasirlərinə, həmkarlarına qarşı həmişə diqqətli olmuş, onlarla birlikdə sevinmiş, onlarla birlikdə kədərlənmiş, onların ağır günlərində öz köməyini əsirgəməmişdir. Onun 1970-ci ildə müalicə üçün Moskva şəhərinə getmiş dirijor Çingiz Hacıbəyova Bakıdan göndərdiyi məktub diqqəti cəlb edir: «Sağal, müalicə ilə bağlı tələsmə, hövsələ et, başını uca tut. Hər şey yaxşı olacaq. Mən buna inanıram...Bakıya - evə xoş qayıdışını gözləyirik...».
1965-ci ildə Azərbaycan Musiqi Fondunun direktoru Ramazan Xəlilova Moskvadan yaradıcılıq işləri ilə əlaqədar yazdığı məktubun sonunda belə bir qeyd var: «Bədbəxt Mehdi Hüseynə qarşı necə amansızlıq ediblər! Gör, iş nə yerə çatıb...» (Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin birinci katibi Mehdi Hüseyn 1965-ci il mart ayının 10-da iclas zamanı ürək tutmasından dünyasını dəyişmişdi. Qara Qarayev də öz məktubunda bu hadisəni nəzərdə tuturdu).
Mədəniyyətimizin, o cümlədən musiqimizin xüsusi qayğı ilə əhatə olunduğu bir dövrdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ərsəyə gətirərək oxuculara təqdim etdiyi bu nəşr Qara Qarayev irsinin təbliğinə sanballı töhfədir. Oxucular burada verilmiş müxtəlif səpkili materiallar vasitəsilə bəstəkarın həyat və fəaliyyətinin indiyədək məlum olmayan tərəfləri ilə tanış olacaqlar və bütün bunlar Qara Qarayev sənətinin və şəxsiyyətinin böyüklüyü barədə təsəvvürləri daha da genişləndirəcək.
Hesab edirik ki, bu kitab gələcəkdə böyük bəstəkarımız Qara Qarayevin həyatı və fəaliyyəti, eyni zamanda, musiqi mədəniyyətimizin parlaq bir dövrü barədə tədqiqat işlərinin aparılmasında əvəzsiz bir mənbə rolunu oynayacaq.
Adilxan Bayramov,
Mədəniyyətşünaslıq
üzrə
Elmi-Metodiki
Mərkəzin direktor
müavini,
filologiya elmləri doktoru
Mədəniyyət.- 2011.- 30 mart.-
S. 13.