Sənətdə
özünəməxsus bədii
izi olan rəssam
Azərbaycan
müasir təsviri sənətinin müxtəlif sahələrində
çox məhsuldar çalışmaqla yaddaqalan əsərlər
yaradan sənətkarlarımızdan biri də Əməkdar rəssam
İsmayıl Məmmədovdur. Bunu onun 30 ildən artıq müddətdə rəngkarlıq
və qrafika, teatr-dekorasiya
və monumental rəngkarlıq sahəsində
yaratdığı əsərləri də təsdiqləyir.
İsmayıl
Əsəd oğlu Məmmədov
1948-ci il martın 31-də
Bakı şəhərində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbində (1963-1968-ci illər), İ.E.Repin
adına Sankt-Peterburq
Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1968-1974) təhsil
alıb. 1976-cı ildən müxtəlif beynəlxalq və yerli sərgilərin
iştirakçısıdır. 1978-ci ildən Rəssamlar
İttifaqının üzvüdür. Ötən illərdə
Rəssamlar İttifaqı idarə heyətinin katibi
(1987-1992), Azərbaycan Dövlət Musiqili
Komediya Teatrının
baş rəssamı
(1998-2007), “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğunun baş rəssamı (2007-2008) və başqa
yaradıcı, ictimai vəzifələrdə
səmərəli fəaliyyət göstərib. Hazırda ingilis dilində çap olunan “Visions of
Azerbaijan” adlı jurnalın
baş rəssamıdır.
Rəssamın rəngkarlıq və
qrafika işlərindən
ibarət ilk fərdi yaradıcılıq sərgisi
1985-ci ildə keçirilib.
İ.Məmmədov “Humay” (1995) və
“Qızıl Dərviş”
(1999) mükafatlarına layiq
görülüb. Rəssam bir
sıra ölkələrdə
(Türkiyə, Britaniya,
Rusiya, ABŞ və
s.) yaradıcılıq ezamiyyətlərində
olub, fərdi sərgilərini yerli tamaşaçılara təqdim
edib. Yaratdığı əsərlər dünyanın müxtəlif
muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.
İ.Məmmədov yaradıcılığı mövzu dairəsinin çoxşaxəliliyi, əsərlərinin
kompozisiya quruluşunun
mürəkkəbliyi, kolorit
həllinin rəngarəngliyi,
ifadə üslubunun müxtəlifliyi, janr xüsusiyyətlərinin zənginliyi,
icra manerası, mövzuya özünəməxsus
yanaşma xüsusiyyəti
və görüm tərzinin fərdiliyi ilə seçilir. İ.Məmmədov Şərq incəsənətinin
ənənəvi xüsusiyyətlərini,
onun simvolik çoxmənalılığını, eləcə də Qərb incəsənətinin
mütərəqqi cəhətlərini
ümumiləşdirməklə bu tendensiyaları əsərlərində birləşdirməyə
- vəhdətdə verməyə
çalışır.
Rəssam dəzgah rəngkarlığı,
qrafika, teatr-dekorasiya, divar boyakarlığı və kompyuter qrafikasında bir-birindən
maraqlı əsərlər
qalereyası yaradıb.
Onun süjetli tablolarından “Oyanış”,
“Dərketmə”, “Musiqi
dərsi”, “Analıq”,
“Muğam”, “Neft daşlarında fırtına”,
“Abşeron ritmləri”,
”Yenə də bahar”, “Kənddə konsert”, “İş günü”, “Üsyan” və s. əsərlərinə
yüksək sənətkarlıq
və bədii işlənmə xüsusiyyətləri
xasdır.
Rəssamın folklor nümunələrimizə
həsr etdiyi tablolar da duyğulandırıcılığı
ilə yadda qalır. “Güləş”,
“Abşeronda”, “Çörək”,
“Baharda”, “Pensər kəndindən olan əməkçi” və başqa əsərləri
bu qəbildəndir. Qeyd etmək lazımdır ki, rəssamlarımız nə qədər bu cür milli-etnoqrafik
mövzulara müraciət
etmiş olsalar, bir o qədər də yerli və
xarici ölkə vətəndaşlarının qəlblərini fəth etməklə əsərlərinin
daha uzunömürlülüyünü
təmin etmiş olarlar.
İ.Məmmədov eyni zamanda çoxsaylı abstrakt kompozisiyalar müəllifidir.
Sənətin azadlığını yaradıcılığı ilə
təsdiqləyən müəllif
özünü hər
hansı çərçivə
daxilində saxlamaqdan uzaqdır. Təbii ki, sənət
yollarına yenicə qədəm qoyan şəxs özünütəsdiqədək
dünyəvi və milli ənənələrdən
bəhrələnməlidir. Çünki sənətdə qəbul edilən və edilməyən bütün üslub və cərəyanlar sənətkarın özünü
ifadəsi üçün,
yaradıcı dünyasının
təzahürü üçün
bir vasitədir.
Bu mənada rəssamın
“Major”, “Minor”, “Kainat”, “Qarşıdurma”
və “Kompozisiya” adlandırdığı bir
çox mücərrəd
əsərləri onun
daxili bədii dünyasının, gərgin
yaşantılarının ustalıqla təcəssümüdür.
Rəssamın
yaratdığı portret
əsərlərinə misal
olaraq “Zərifə” “Bibixanım”, “Gənc oğlan kitabla”, “Rövşən”, “Eksteryerdə
ailəvi portret”, “Güzgü ilə avtoportret”, “Bakılı rəssam Gennadi Brijatyuk”, “Sara”, “Bu, Fərmandır”,
“Rasimin qapıları”,
“Məhəmməd Füzuli”,
“Dədə Qorqud”, “Cavanşir Quliyev” və başqa uğurlu əsərlərini
göstərmək olar.
Rəssam eyni zamanda təsviri sənətin mənzərə və natürmort janrında yaradılmış bir-birindən
maraqlı əsərlərin
müəllifidir. İ.Məmmədovun mənzərə əsərləri
onun müxtəlif ölkələrə yaradıcı
səfərlərindən, doğma diyarımızın
dilbər guşələrinin
əsrarəngiz təbiətinin
duyğulandırıcı təsirindən qaynaqlanan bədii görüntülərdir.
Rəssamın
yaratdığı mənzərə
əsərlərinə misal
olaraq “Alupkada aylı gecə”, “Biq Ben alaqaranlıqda”, “Hayd Park alaqaranlıqda”, “Qızıl körpü, Venesiya”, “Yağışdan
sonra, Venesiya”, “Günotra, Venesiya”, “Günəşli Venesiya”,
“Qondolalar, Venesiya”, “Süleymaniyyə məscidi,
İstanbul” və başqa əsərlərini
göstərmək olar.
Sadalanan mənzərə əsərlərinə
həm real bir coğrafi məkanın təsviri və həm də eyni zamanda rəssamın
təxəyyülündən doğan təkraredilməz
bir məkan kimi xarakterizə etmək olar.
Sənətkar diqqətçəkən natürmortlar müəllifi
kimi də özünü təsdiq edib.
“Zəncirotular”,
“Emalatxanada”, “Heyva ağacının budağı”,
“Narla natürmort” və s. əsərlərində
rəssam əşya və predmetlərin incəliklərinə varmaqla
sonda estetik təsir yükünə malik bitkin kompozisiyalar
yarada bilib.
İ.Məmmədov qrafikanın bütün
sahələrində eyni
şövqlə maraqlı
əsərlər ərsəyə
gətirib. Rəssamın karandaş, pastel, qarışıq
texnika, və s. bədii-texniki vasitələrlə
işlədiyi lövhələr,
eləcə də monotipiyaları, cizgi rəsmləri, kitab qrafikası və başqa qrafika əsərləri özünün
orijinal işlənmə
üslubu və bədii ifadə həllinin kamilliyi ilə diqqəti cəlb edir.
Rəssamın əsərlərində Bakının özünəməxsus
yeri var. Sənətkar
köhnə Bakı səhnələrinin, əvəzedilməz
“İçərişəhər” mənzərələrinin mahir
tərənnümçüsüdür.
Rəssamın “İçərişəhər”i
və Bakıda XX əsrin əvvəllərində
inşa edilmiş tarixi binaların hər birini böyük zəhmət hesabına təsvir edərək bədii biçimdə tamaşaçılara
təqdim edib. Onun Azərbaycanın tarixi abidələrinin, eləcə
də “İçərişəhər”in
ayrıca abidələrinin
bədii xəritəsini
yaratmaq qüdrəti xüsusilə qeyd edilməlidir. Rəssamın bu işləri Azərbaycanın turizm potensialının əcnəbilərə
təbliği və ölkəmizin xaricdə tanıdılması işində
xüsusi töhfələr
verəcək.
İ.Məmmədovun
Azərbaycanın mədəniyyət
xadimlərinə həsr
etdiyi bədii markalar (“Üzeyir Hacıbəyli”, “Qara Qarayev”, “Akademik Həsən Əliyev”, “Cəfər Cabbarlı”, “Bülbül” və s.) özünün bədii ifadə həllinə və işlənmə səlisliyinə görə
fərqlənir.
Rəssamın
“Mənim rəngli yuxularım”, “Dədə Qorqud”, “Afrika maskaları”, mifoloji və folklor mövzularında yaratdığı
monotipiya nümunələri
özünün mövzu
tutumu və bədii həlli baxımından xüsusilə
diqqəti cəlb edir.
İ.Məmmədov 10 ilə yaxın
Musiqili Komediya Teatrında baş rəssam işləyib.
Rəssam həm də
Akademik Milli Dram Teatrında və Dövlət Rus Dram Teatrında qoyulan tamaşalara bədii tərtibat verib və geyim eskizləri
hazırlayıb. Bunlara
misal olaraq Milli Dram Teatrında səhnələşdirilən İlyas Əfəndiyevin
“Hökmdar və qızı” əsərini,
Bəxtiyar Vahabzadənin
“Özümüzü kəsən
qılınc” (“Göytürklər”)
və “Dar ağacı”
və başqa tamaşaları göstərmək
olar.
İ.Məmmədov həm də
monumental rəngkarlıq nümunələri
yaradıb. Təəssüf ki, müəyyən səbəblərdən bu
bədii sənət inciləri qorunub saxlanılmayıb. Bu məqamı digər monumentalçı rəssamların
yaradıcılığına da şamil etmək
olar. Çox zaman təmir
zamanı naşılıqdanmı
və hansısa digər səbəbdən
rəssamlarımızın ağır zəhmət hesabına ərsəyə
gətirdikləri bədii
lövhələr sıradan
çıxır. İ.Məmmədov “Əfsanə” kafesində
(1984-1985-ci illər) (Sirus
Mirzəzadə ilə
birgə), “Retro” foto otelyesində (1986-1987-ci illər)
(Sirus Mirzəzadə ilə birgə) və “Azərbaycan” kinoteatrında (1987-1988-ci illər)
monumental bədii tərtibat
hazırlayıb. Rəssamın bu işləri bədii ifadəlik, məna və məzmun yükünə
görə heç də yaradıcılığının
başqa sahələrində
yaradılmış əsərlərdən
geri qalmır.
Ümumiyyətlə, İ.Məmmədovun yaradıcılığında milli qaynaqlar, milli çalarlar əsas aparıcı xətt kimi keçir. Əslində hər bir yaradıcı şəxs,
o cümlədən də
rəssam nəyi və necə yaradacağından asılı
olmayaraq daim öz milli mənsubluq
hissini büruzə verməlidir. Elə təsviri
sənətdə özünəməxsus
bədii izi olan Əməkdar rəssam İsmayıl Məmmədov kimi.
Əsəd Quliyev,
sənətşünas
Mədəniyyət.-
2011.- 30 mart.- S. 12.