Onun möcüzəli sənət dünyası

 

   Azərbaycan kinosunun unudulmaz simalarından biri, görkəmli aktyor Yusif Abdulla oğlu Vəliyev 1917-ci il martın 22-də Dərbənddə anadan olub. 1933-1936-cı illərdə Bakı Teatr Texnikumunda təhsil alıb. Tələbə ikən Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə çıxış edib. Teatr Texnikumunu bitirdikdən sonra 1949-cu ilədək Şəki Dövlət Dram Teatrında işləyib.

  

   Yusif Vəliyev “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 30-dan artıq filmdə maraqlı obrazlar qalereyası yaradıb. Özünəməxsus səs tembri olan sənətkar bir çox filmlərin səsləndirilməsində, dublyaj olunmasında əvəzsiz rol oynayıb.

   Milli kinomuzda özünəməxsus iz qoyan aktyorun kinoda debütü 1955-ci ildə “Bəxtiyar” (rejissor Lətif Səfərov) filmində çəkildiyi epizodik rolu (komissiya üzvlərindən biri) olub. Bundan sonra rolların vizual şərhini dəqiq çatdırdığına görə rejissorlar ona ikinci planlı və baş rollar həvalə etməyə başladılar. Aktyorun “Zirvə” filmində yaratdığı Bələdçi, “Nəsimi”də Teymurləng, “Qatır Məmməd”də halvaçı, “Tütək səsi”ndə Qılınc Qurban, “Bir cənub şəhəri”ndə Səfərəli, “Arxadan vurulan zərbə”də Qurd Cəbrayıl, “Uşaqlığın son gecəsi” filmində tikintidə baş iş icraçısı, “İstintaq davam edir”də Xudayar və s. obrazları psixoloji durum, ictimai mövqe baxımından fərqli, üslub və xaraktercə bənzərsizdirlər.

   Aktyorun rol aldığı filmlərin çoxu Azərbaycan kinosunun “qızıl fond”una daxildir. Deməli, bu filmlərin ekran həllini tapmasında Yusif Vəliyevin böyük rolu olub. Aktyorun çəkildiyi filmlərin dramaturji həlli sanki onun yaratdığı personajların üzərinə düşüb. Uğurlu aktyor ifası dəqiq traktovkalı rejissor işi ilə sıx bağlıdır. Lakin obrazların səmimiyyətindən irəli gələn improvizə üsulları aktyor sənətini yüksəldən amildir. Yusif Vəliyevin sənət dünyasına nəzər salanda görürük ki, teatr və dublyajda xeyli uğurları olan aktyor, kinoda bilavasitə öz rolları ilə peşəkar yaradıcılığını göstərmək üçün çox səbir etməli olub.

   İstedadlı aktyorun “Nəsimi” (rejissor Həsən Seyidbəyli, 1973) filmində yaratdığı Teymurləng obrazı tarixdən bizə mürəkkəb xasiyyətli, qəddar bir sərkərdə kimi məlum idi. Lakin bu filmdən sonra Yusif Vəliyevin zəngin yaradıcılıq maneralarına əsasən yaratdığı Teymurləng obrazının psixoloji və fəlsəfi dünyası bizə daha yaxın oldu. O, bənzərsiz ifası ilə tarixi şəxsiyyətin səciyyəvi cəhətlərini tamlıqla əks etdirib. Aktyorun iti baxışı, zəhmli davranışı, səlist diksiyası, amiranə səsi nəinki personajın mövqeyini aydınlaşdırıb, hətta bütünlükdə dramaturji materialın vizual mahiyyətini şərh edib. Bu rolu hər hansı başqa aktyorun ifasında təsəvvürə gətirmək çox çətindir. Teymurləngin dünyaya və insanlara hakim kəsilən qan qoxulu nəfəsi, insanlara qarşı tükənməyən tənəsi ekrandan onu izləyən seyrçiyə çox ciddi təsir edir. Hakimiyyət naminə ölkələri viran qoyan Teymurləngin əsəbi, hökmlü monoloqlarından məlum olur ki, onu yalnız ölkədə gedən ictimai-siyasi hadisələr yox, həm də insanların elmi-mədəni dirçəlişi narahat edir. Qanlı illərin tarixini yazan Teymurləngin həyat fəlsəfəsi Y.Vəliyevin möhtəşəm aktyor sənəti sirlərinin rəngarəng texniki elementləri ilə cilalanır. Dəqiqliklə mizanlanmış kadrlardakı dramatik hadisələrin psixoloji təsiri film boyu bizi müşayiət edir. Bax budur, kinonun riyazi hesablamalar qədər işlənilmiş, cəzbedici sirri. Məhz həyatın içindən gələn, onu bütün ruhu ilə duyan aktyor ifasıdır kinonun dəyərini artıran.

   “Qatır Məmməd” (rejissor Rasim Ocaqov, 1974) filmində aktyorun yaratdığı halvaçı rolu epizodik olsa da, yaddaqalandır. Filmdə biz onun orijinal ifasında sadə, köməksiz bir kəndlinin talançılığa olan kinini görür, ironiyalı replikalarını eşidirik. Məhz bu qoca ilə təsadüfi tanışlıq sayəsində Qatır Məmməd (aktyor Şahmar Ələkbərov) onun adı ilə xalqı soyan bir talançını (yalançı Qatır Məmmədi) ifşa edir.

   Yusif Vəliyevin yaratdığı rollar haqqında danışanda, onun yalnız yaratdığı obrazlarla yox, eyni zamanda səsinin sehri ilə də rejissor ideyalarını dəqiq çatdırma bacarığını xüsusi olaraq qeyd etmək lazımdır. Mükəmməl səhnə danışığı mədəniyyətini yaradıcılığında təsdiqləyən aktyor çox sayda filmləri dəqiq tələffüzü, səlist diksiyası, obrazlı danışığı, peşəkar səs artikulyasiyası vasitəsilə mənalandırıb, baxımlı edib. Bəzən filmlər mövzu baxımından maraqlı, aktyor ifasına görə isə zəif olur. Buna görə də filmlər ekran həllini tapa bilmirlər. Yusif Vəliyev kimi sənətini dərindən duyub, onu həyatının mənasına çevirən aktyorlar isə peşəkar yaradıcılıqlarında kinonun dəyərini artırmış olurdular.

   Yusif Vəliyevin dublyajda səsləndirdiyi Lars (“Bizim küçə”), İo-Kio (“Sehrli xalat”), Sadıq (“Həyat bizi sınayır”), Cabbar (“Möcüzələr adası”), Bayandır xan (“Dədə Qorqud”), Şirin (“Əhməd haradadır?”) və s. obrazlarını aktyorların ifaları ilə yanaşı həm də onların səsidir bizə sevdirən. Bu isə kinonun ayrılmaz qolu olan dublyaj sənətinin sirridir. Yusif Vəliyevin orijinal diksiyası, obrazların vaqe olduğu mühiti dərketmə bacarığı tamaşaçını filmi nəfəs çəkmədən izləməyə vadar edir. Filmlərdə baş verən hadisələrin mahiyyəti, insanların ictimai-siyasi mövqeyi, hadisələrin sosial şərhi aktyorun monumental səs tembrində özünün dəqiq təsdiqini tapıb.

   Səsində sanki bir ağrı, bir yanğı vardı Yusif Vəliyevin. O yangıya, həssaslığa görə duyub, yaşaya bilirdi obrazların taleyini. “Dağlarda döyüş” (rejissor Kamil Rüstəmbəyov) filmində qaçaqmalçı Sərxan (Rza Əfqanlı) obrazına qarşı tamaşaçının kin duymamağına səbəb yaradan amillərdən biri də Yusif Vəliyevin mükəmməl səs tembridir. Onun səsləndirdiyi obrazın durumunu şərh edən səsi qaçaqmalçılara qoşulan Sərxanın həyat tarixçəsini ürək ağrısı ilə izləməyimizə imkan yaradır. Aktyorun monoloqu vasitəsilə vətənini sevən, İkinci Dünya müharibəsində yaralanaraq əsir düşən, vətənə qayıtdıqda isə keçmiş sovet ideologiyasının prinsiplərinə görə xalq düşməni adlandırılan Sərxanın taleyinə acıyırıq. Filmin aparıcı qüvvəsi olduğunu sübut edən Sərxanın (səs - Yusif Vəliyev) monoloqlarını dinlədikcə personajın psixoloji durumunu duyur, ictimai mövqeyini öz-özlüyümüzdə təhlil edirik. Filmin bütünlükdə məna dəyəri sanki səsin sehrinə yüklənib.

   “Axırıncı aşırım” (rejissor Kamil Rüstəmbəyov) filmində Kərbəlayı İsmayıl (Adil İsgəndərov) obrazı Yusif Vəliyevin ahəngdar səsi sayəsində öz əzəmətini daha da artırıb. Filmdə onun ziddiyyətli dialoqu olan kadrlar çoxdur. Kadrların hər birində iki quruluş nümayəndələrini qarşı-qarşıya qoyan Kərbəlayı İsmayılın monoloqlarına, dialoqlarına diqqət kəsilməyə bilmirsən. Personaja traktovka verən səs bizi obrazın hökmlü çıxışlarının məntiqini araşdırmağa, filmi sevməyə, monumentallığını dərk etməyə məcbur edir.

   Yusif Vəliyevin səsləndirdiyi bütün obrazları izlədikdə onun bu rolları bütün varlığı ilə yaşadığını duyuruq. Aktyor istər filmlərdə yaratdığı, istərsə də səsləndirdiyi obrazların unudulmamağına səbəb yaratdığı qəhrəmanların reallığına bizi inandırmasıdır. O, mənalı səs tembrinin məntiqli çalarlarına əsasən izlədiyimiz klassik ekran əsərlərinə baxıb keçmişimizi xatırlamağa, bu günümüzü nizamlayıb sabahımızı düşünməyə bizi vadar edir. Müdrikliyi təlqin edən həyat məktəbidir Yusif Vəliyevin kamil səs dünyası. Onun aktyorluq sənəti milli kinomuzun simasıdır.

   Yusif Vəliyevin Gənc Tamaşaçılar Teatrının səhnəsində söylədiyi dahiyanə monoloqları haqqında bu gün də hörmətlə danışırlar. O, ziddiyyətli, rəqabət dolu sənət dünyasının çətinliklərinə baxmayaraq, sənətinin əsl korifeyi zirvəsinə yüksələ bilmişdi. Aktyorluq sənətinin zirvəsini fəth etdi. Onun yaratdığı, səsləndirdiyi digər rollar haqqında da saatlarla danışmaq olar. Danışmaqsa xatırlamaq, unutmamaq deməkdir.

   Görkəmli aktyor 1960-cı ildə Azərbaycanın Əməkdar artisti, 1979-cu ildə Xalq artisti fəxri adları ilə təltif olunub. 1980-ci il martın 18-də vəfat edib.

  

 

   Şəhla Bürcəliyeva,

   Kinoşünas

 

    Mədəniyyət.- 2011.- 30 mart.- S. 11.