Uşaq turizmi: imkan və perspektivlər
Mütəxəssislər
ölkəmizdə turizmin bu növünə diqqəti
artırmağı tövsiyə edirlər
Hər
bir xalqın gələcək inkişafı, mədəniyyətinin,
incəsənətinin yeni üfüqləri yetişməkdə
olan gənc nəsillə, uşaqlarla bağlıdır.
Onların savadlı, dünyagörüşlü olması,
ölkəsinin keçmişi və bu günü haqqında
geniş məlumat alması vacib amillərdəndir.
Dünyanın müxtəlif ölkələrində bu məqama
xüsusi həssaslıqla yanaşırlar. Uşaqların
öz ölkələrinin təbiəti, mədəni irsi,
gözəllikləri ilə bilavasitə
tanışlığına, doğma vətənin bölgələrini
gəzib-görməsinə mühüm diqqət yetirilir. Bu
baxımdan Azərbaycanda mövcud vəziyyətlə
tanış olmaq üçün kiçik bir
araşdırma apardıq.
AZTA tələbə və şagirdlər
üçün ekskursiyalar nəzərdə tutur
Azərbaycan Turizm Şirkətləri
Assosiasiyası (AZTA) sədrinin müşaviri Müzəffər
Ağakərimov deyir ki, gənc nəsil Azərbaycanın
tarixini yaxşı bilməlidir. Əks halda, bəzən elə
hallar olur ki, tarixini, ədəbiyyatını bilməyən tələbələr,
yuxarı sinif şagirdləri hansısa məqamda xarici qonaqla
təmasda olanda ona ölkəmiz haqqında yetərli məlumat
verə bilmirlər: «Buna görə də turizm
kafedralarının fəaliyyət göstərdiyi təhsil
ocaqlarının tələbələri üçün AZTA
ekskursiyalar təşkil etməyi planlaşdırır. Bu məsələ
“Turizm ili” çərçivəsində görəcəyimiz
işlərlə bağlı Mədəniyyət və Turizm
Nazirliyinə verilən təkliflərdə də xüsusi bənd
kimi qeyd edilib. Həm Bakıdan müxtəlif regionlara, həm
də regionlardan Bakıya ekskursiyalar nəzərdə tutulub. Əsas
məqsədimiz şagird və tələbələri Azərbaycanın
tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti
ilə yaxından tanış etmək, onlarda öz ölkəsi
və dövləti haqqında geniş təsəvvür
formalaşdırmaqdır. Mədəniyyət və Turizm, Təhsil
nazirlikləri ilə birlikdə bu işin təşkilinə
başlamaq istəyirik».
M.Ağakərimov deyir ki,
ekskursiyalar təcrübəli və məlumatlı bələdçilərin
müşayiəti ilə həyata keçirilməlidir.
Uşaqlara geniş və dəyərli məlumatlar verilməlidir.
Bu isə onlarda vətənpərvərlik hissinin güclənməsinə
səbəb olar: “Vətənpərvərlik təkcə vətəni
sevmək deyil. Öz vətənini dərindən tanımaq,
öyrənmək lazımdır ki, lazım olanda xaricilərə
bu haqda ətraflı məlumat verməyi də bacarasan».
“Azərbaycanı sev və öyrən”
Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin (RGTDM) direktor müavini Səlimə Allahverdiyeva bildirdi ki, təmsil etdiyi mərkəz tərəfindən uşaqların elmi dünyagörüşünün formalaşdırılması, şagirdlərin asudə vaxtını, istirahətlərini mənalı, səmərəli qurması üçün maraqlı layihələr əsasında bir sıra ekskursiyalar təşkil edilir. Onun sözlərinə görə, əsas məqsəd məktəblərə turizm-diyarşünaslıq və ekskursiya işlərinin təşkili üçün metodiki köməklik göstərmək, məktəblilər arasında kütləvi turizmi təbliğ və inkişaf etdirməkdir: «Mərkəzdə fəaliyyət göstərən dərnəklərə Bakının rayonlarının ümumtəhsil məktəblərində təhsil alan gənc və yeniyetmələr cəlb olunub. Bu dərnəklərdə məşğələlər müxtəlif profillər üzrə aparılır. “Tarix-diyarşünaslıq”, “Ədəbi-diyarşünaslıq”, “Coğrafiya-diyarşünaslıq”, “Xalçaçılıq”, “Piyada-turizm”, “Gənc-turist”, “Gənc-bələdçi”, “Gənc-ekoloq” dərnəkləri fəaliyyət göstərir».
S.Allahverdiyeva deyir ki, mərkəz öz işini “Azərbaycanı sev və öyrən” Respublika Turist Diyarşünaslıq Ekspedisiyasından irəli gələn tapşırıqları nəzərə alaraq 7 istiqamətə uyğun olaraq davam etdirir: “Yürüş, səyahət, ekskursiya və gəzintilərdə iştirak edən yeniyetmələr xalqımızın qədim və zəngin mədəni irsinə yaxından bələd olur və öyrənirlər. 2010-cu ildə yazıçı, şair, elm və incəsənət xadimlərinin həyat və yaradıcılıq fəaliyyətini öyrənmək, tarixi abidələrə ekskursiya işini davam etdirmək, maddi mədəniyyət nümunələrinin öyrənilməsi məqsədilə Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan ev, xatirə, memorial muzeylərlə müqavilə bağlamışıq. Həmçinin AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi, Qız qalası və Şirvanşahlar Saray Kompleksi, R.Mustafayev adına İncəsənət Muzeyi ilə də müqavilələr bağlanıb. İl ərzində müqaviləyə əsasən 1790 nəfər uşaq muzeydə, 540 nəfər uşaq ekskursiya gəzintisində və tamaşalarda olub”.
Tarixi məkanlara
maraqlı gəzintilər
«Bakı tur» turizm şirkəti tərəfindən müxtəlif məlumat kitabçaları çap edilir. Şirkətin əməkdaşı Əlixan Mürvətovun sözlərinə görə, həmin kitabçalarda məktəblilər üçün hansı ekskursiyaları təşkil etmək, onları hansı məkanlara aparmaq olar, nəqliyyat və məktəblilər üçün təşkil ediləcək əyləncəli turlar haqqında geniş və əhatəli məlumatlar verilib: «Şirkətimizə hər hansı bir məktəb ekskursiya təşkili üçün müraciət etdikdə, onlara maraqlı gəzinti təşkil edirik. Belə gəzintilər indiyə qədər Atəşgaha, Qobustana, İçərişəhərə, Bakı ətrafına, Qubaya və Şamaxıya bir günlük turlar şəklində təşkil olunub».
Ə.Mürvətov deyir ki, «Bakı-tur» orta səviyyəli turizm işçiləri hazırlayan 11 saylı Bakı Peşə Liseyi ilə də müqavilə bağlayıb: «Bu liseyin tələbələri həftədə bir dəfə bizim şirkətə praktikaya gəlirlər. Amma bunlar kifayət deyil. Bu gün ölkəmizdə uşaq turizmi o qədər yüksək səviyyədə inkişaf etməyib. Bu işin təşkilinə maliyyə ayrılmalıdır. Bu zaman məktəbdənkənar ekskursiyalar təşkil etmək olar. Əgər məktəbdə tarix dərsində şagirdlər Qobustan haqqında keçirsə, bu zaman hər hansı bir turizm şirkətinə müraciət olunsa və onlar məktəblilərin bu məkana ekskursiyasını təşkil etsələr, həmin məkanla əyani tanışlıq nəticəsində öyrəndikləri şagirdin yaddaşında əbədi qalar. Hazırda bu cür ekskursiyalar pərakəndə formada təşkil olunur. Bizə müraciət olduqda, valideyn və müəllimlərin iştirakı ilə bu cür turlar təşkil edirik. Bu zaman uşaqları ekskursiya bələdçisi müşayiət edir və onlara lazımi məlumatlar verilir».
Təhsil Nazirliyi yanında Bakı Baş Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı bildirdi ki, orta məktəblərə müxtəlif məkanlara ekskursiyaların təşkil edilməsi məqsədilə hər hansı vəsait ayrılmır: «Hazırda bizdə orta məktəblər özünümaliyyələşdirmə sisteminə keçməyiblər. Ona görə də onların büdcəsinə birbaşa vəsaitin ayrılması mümkün deyil. Amma bu o demək deyil ki, şagirdlər ekskursiyalara aparılmır. Hər bir məktəbdə valideyn-müəllim assosiasiyaları yaradılıb. Onlar məktəblilərin muzeylərə, yaxın tarixi obyektlərə gəzintisini təşkil edir. O ki qaldı orta məktəb şagirdlərinin nisbətən uzaq məsafələrdə yerləşən tarixi-mədəni obyektlərinə ekskursiyalarının turizm şirkətləri vasitəsilə təşkil edilməsinə, bunun üçün vəsaitin ayrılması yaxşı olardı».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2011.- 30 mart.-
S. 9.