II Beynəlxalq muğam
festivalı Azərbaycan mədəniyyətinin təntənəsi
oldu
Xəbər
verdiyimiz kimi, martın 14-dən 21-dək Bakıda “Muğam aləmi”
II Beynəlxalq muğam festivalı keçirildi. Heydər Əliyev
Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan
Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı
ilə keçirilən festival milli musiqi irsimizin dünyaya
tanıdılmasında tarixi hadisə, mədəniyyətimizin
növbəti təntənəsi oldu.
Şərq dünyasının ən
qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərini
bir daha Azərbaycana yönəltmişdi. Dünyanın 20-dən
cox ölkəsinin muğam biliciləri və
ifaçıları beynəlxalq festivalda bir araya gəlmişdilər.
Festival çərçivəsində muğama həsr olunan
müzakirələr, klassik və simfonik muğamların
gözəl ifaları, məşhur musiqiçilərin
konsertləri qədim və həmişəyaşar muğam
sənətinin bütün zənginliyini nümayiş etdirərək,
festival proqramını həm rəngarəng, həm də
yaddaqalan etdi.
Festival çərçivəsində
martın 15-17-də “Azərbaycan muğamı və Orta Şərq
musiqisi” adlı beynəlxalq elmi simpozium, martın 18-20-də
isə beynəlxalq muğam müsabiqəsi keçirildi. Martın
20-də Dövlət Filarmoniyasının kamera və orqan
musiqisi zalında müsabiqənin mükafatlandırma mərasimi
oldu. Mərasimdə çıxış edən müsabiqənin
münsiflər heyətinin üzvü, Azərbaycan Milli
Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi
bildirdi ki, artıq ənənəvi olaraq Bakıda
keçirilən bu müsabiqə Azərbaycan
muğamının inkişafına öz töhfəsini verməkdədir.
Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın təşəbbüsü və
qayğısı ilə reallaşdırılan bu möhtəşəm
müsabiqə mədəniyyət sahəsində
inkişafın yeni mərhələsinin
başlandığından xəbər verir.
Qeyd olundu ki, beynəlxalq müsabiqənin
münsiflər heyətinin tanınmış üzvləri -
xalq artistləri Arif Babayev, Ramiz Zöhrabov, UNESCO-nun nümayəndəsi,
Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan
Dürinq, türkiyəli musiqişünas, bəstəkar Ozan
Yarman, amerikalı alim Uilyam Samits və iranlı bəstəkar,
musiqişünas Ehsan Xezrlou olduqca gərgin keçən
yarışmanı ədalətli qiymətləndiriblər. Diqqətə
çatdırıldı ki, “Qran-pri” mükafatına layiqli
namizəd olmadığından 1-ci yerin iki ifaçıya təqdim
edilməsi qərara alınıb.
Azərbaycanlı xanəndə
Ehtiram Hüseynov və İranın-Tehran “Sepehr” ansamblı birinci
yerə layiq görülüblər. Onlara fəxri fərman, 15 min avro pul
mükafatı və festivalın emblemi təqdim edildi.
Müsabiqənin ikincisi olan Çin Xalq Respublikasının
Urumçi şəhərinin musiqi qrupu fəxri fərman, 10
min avro və müsabiqənin emblemi ilə mükafatlandırıldı.
Üçüncü yerə isə Mərakeşin “Makam” və
İordaniyanın “Şərq-bənd” ansamblları layiq
görüldülər. Onlara da fəxri fərman, müvafiq
olaraq 5 min avro pul mükafatı və müsabiqənin emblemi
təqdim olundu.
Müsabiqədə müxtəlif
nominasiyalar üzrə fərqlənmiş musiqiçilər
də mükafatlandırıldılar. Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyinin “Qarabağ şikəstəsi”nin ən
yaxşı ifaçısı nominasiyası üzrə
mükafatı türkiyəli müğənni Yeşim
Köksala, Milli Konservatoriyanın xüsusi mükafatı isə
özbəkistanlı Camaləddin Avazovun ailə qrupuna təqdim
edildi. Xatırladaq ki, müsabiqəyə Azərbaycan,
Türkiyə, Özbəkistan, Çin, Hindistan, İordaniya,
İran, Küveyt və Mərakeşdən olan
ifaçılar qatılmışdı.
“Muğam aləmi” II Beynəlxalq
muğam festivalına martın 21-də Heydər Əliyev
Sarayında geniş konsert proqramı ilə yekun vuruldu.
Mədəniyyət.- 2011.- 30 mart.-
S. 6.