Mstislav Rostropoviçin xatirəsi anıldı
Martın
29-da görkəmli musiqiçi Mstislav Rostropoviçin anadan
olmasının 84 illiyi ilə bağlı Bakıda Leopold və
Mstislav Rostropoviçlərin ev-muzeyində xatirə tədbiri
keçirildi.
Mstislav Rostropoviç 1927-ci il martın 27-də Bakıda dünyaya gəlib. Böyük musiqiçi 2007-ci ildə vəfat edib.
Xatirə tədbirini giriş sözü ilə açan muzeyin direktoru Şeyla Heydərova musiqiçi ilə bağlı xatirələrini bölüşdü. Tədbirdə BMA-nın IV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, M.Rostropoviç təqaüdçüsü J.Əliyevanın, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüləri K.Ömərlinin və T.Hüseynlinin ifasında F.Şopenin, Venyavskinin və L.Bethovenin əsərləri səsləndi.
Musiqi proqramından sonra 1997-ci ildə Sankt-Peterburqda çəkilmiş “Ad günün mübarək, maestro” filmi ilk dəfə olaraq nümayiş olundu. Filmdə M.Rostropoviçlə müsahibə, maestronun Vaşinqton Milli Simfonik orkestri ilə birgə verdiyi konsertdən kadrlar, eyni zamanda musiqiçinin violonçeldə ifası öz əksini tapıb. Nümayişdən sonra rejissor T.Aşumova və digər qonaqlar film haqqında öz fikirlərini bildirdilər.
Tədbirdə Opera Studiyasının direktoru A.Əliyev, rejissor T.Aşumova, BMA-nın prorektoru O.Abbasquliyev, ADMİU-nun Muzeyşünaslıq kafedrasının müdiri E.Qurbanova və başqa qonaqlar iştirak edirdi.
Yeganə
Mədəniyyət.- 2011.- 30 mart.-
S. 5.