Xalq şairi Nəriman Həsənzadənin “Seçilmiş əsərləri”nin təqdimat mərasimi keçirildi
Martın 29-da Milli Kitabxanada Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
Xalq şairi Nəriman Həsənzadənin 80 illik yubiley tədbirləri
çərçivəsində ədibin 7 cildlik
seçilmiş əsərlərinin 4 cildinin və ədibə
həsr olunmuş elektron toplunun təqdimatı oldu.
“CBS” nəşriyyatında
işıq üzü görən kitablara N.Həsənzadənin
şeirləri, poemaları, pyesləri və nəsr əsərləri
daxil edilib. Seçilmiş əsərlərin növbəti cildlərində
onun elmi məqalələri və publisistik əsərləri
toplanacaq.
Tədbiri giriş sözü ilə
açan kitabxananın direktoru Kərim Tahirov müasir Azərbaycan
poeziyasında Nəriman Həsənzadənin xüsusi yeri
olduğunu bildirdi. O, ədibin yubileyi ilə əlaqədar
Milli Kitabxana tərəfindən “Nəriman Həsənzadə”
adlı elektron məlumat bazasının
hazırlandığını iştirakçıların nəzərinə
çatdırdı.
Yubiley tədbirində
çıxış edən mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev şairin
yaradıcılığından danışaraq onun öz əsərləri
ilə ədəbiyyatımıza mühüm töhfələr
verdiyini vurğuladı: “Nəriman Həsənzadə
dramaturgiya sahəsində də qələmini sınayıb. Təsadüfi
deyil ki, şairin “Bütün Şərq bilsin”, “Atabəylər”,
“Pompeyin Qafqaza yürüşü” və s. mənzum pyesləri
ölkəmizin aparıcı teatrlarında tamaşaya qoyulub. Uzun
illər “Ədəbiyyat və incəsənət” qəzetinin
baş redaktoru, mətbuat və informasiya nazirinin müavini vəzifələrində
işləyən Nəriman Həsənzadə həm
yaradıcılığı, həm də ictimai-siyasi fəaliyyəti
ilə daima diqqət mərkəzində olub”.
V.Əliyev bildirdi ki, ədibin
yaradıcılığı dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib. O, “Xalq şairi”, “Əməkdar
incəsənət xadimi” fəxri adlarına, “Şərəf”
nişanına, “Şöhrət” ordeninə layiq
görülüb. Qeyd olundu ki, şairin 80 illik yubiley tədbirləri
Bakıda, o cümlədən respublikamızın müxtəlif
bölgələrində geniş qeyd olunacaq.
Tədbirdə
çıxış edən millət vəkilləri Nizami Cəfərov,
Aydın Mirzəzadə, Aşıqlar Birliyinin sədri Zəlimxan
Yaqub, akademiklər Bəkir Nəbiyev, Budaq Budaqov, professor Ənvər
Əhməd, tənqidçi Rüstəm Kamal, şair
İlyas Tapdıq, digər tanınmış ədəbiyyat
və mədəniyyət xadimləri şairin həyat və
yaradıcılığı haqqında fikirlərini
bölüşdülər. Qeyd olundu ki, Nəriman Həsənzadə
öz şeirləri ilə hər zaman oxucuların qəlbinə
yol tapa bilib. Onun vətənpərvərlik ruhlu, məhəbbət
dolu şeirləri sevilə-sevilə oxunur, pyesləri müxtəlif
teatrlarda səhnəyə qoyulur. Çıxış edənlər
yubilyarı yubileyi münasibətilə təbrik etdilər,
yeni yaradıcılıq uğurları arzuladılar.
Sonda söz yubilyara verildi. O,
yaradıcılığına verilən qiymətə görə
hər kəsə, Mədəniyyət və Turizm Nazirliyinə,
elektron məlumat bazasının hazırlanmasına görə
Milli Kitabxanaya minnətdarlığını ifadə etdi.
Çıxışlardan sonra
elektron məlumat bazası tədbir
iştirakçılarına təqdim olundu. Burada şairin həyat
və yaradıcılığı haqqında məlumat,
şairin əsərləri, görkəmli şəxslərin
şair haqqında söylədikləri, şeirlərinə
bəstələnmiş musiqilər, fotoşəkillərdən
ibarət fotoqalereya əksini tapıb. Tədbirdə
yubilyarın yaradıcılığını əhatə edən
“Kövrək qəlbli şair” adlı kitab sərgisi də
nümayiş etdirildi.
Tədbir boyu xalq artistləri Laləzar
Mustafayeva və İlham Əsgərovun Nəriman Həsənzadə
yaradıcılığından söylədikləri
şeirlər tədbir iştirakçıları tərəfindən
maraqla qarşılandı.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.- 2011.- 30 mart.-
S. 3.