«Azərbaycan xalçaçıları»
İctimai Birliyi təqdim edildi
«Özbəkistan bədii sənətkarlığı: ənənələr
və müasirlik» adlı sərgi isə
xalqlarımızın ortaq dəyərlərinə
sübutdur
Martın
29-da Lətif Kərimov adına Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində yeni fəaliyyətə
başlayan «Azərbaycan xalçaçıları»
İctimai Birliyinin təqdimat mərasimi və «Özbəkistan
bədii sənətkarlığı: ənənələr
və müasirlik» adlı sərgi keçirildi.
Tədbirdə Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Nizami Cəfərov, ABŞ, Latviya,
Belarus, Polşa, Qazaxıstanın ölkəmizdəki səfirləri,
tanınmış mədəniyyət və ictimaiyyət
nümayəndələri iştirak edirdi.
Mərasimi giriş sözü ilə
açan millət vəkili Nizami Cəfərov bildirdi ki, Azərbaycan
xalçaları bütün dünyada məşhurdur. Ölkəmiz
müstəqillik qazandıqdan sonra bu xalq sənətinin
inkişafına diqqət daha da artıb: «Belə tədbirləri
təşkil etməkdə əsas məqsəd Azərbaycan
xalça sənətinin dünyaya daha geniş miqyasda təqdim
edilməsidir. Təəssüf ki, hələ də bəzi
hallarda milli xalçalarımız dünya muzeylərində
başqa adlar altında təqdim olunur. Buna görə də Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə «Azərbaycan
xalçaçıları» İctimai Birliyi yaradıldı. Bu
qurumun yaradılmasının əsas səbəblərindən
biri Azərbaycan xalqının milli
xalçaçılıq ənənələrinin qorunub
saxlanmasına, inkişafına, tanınmış incəsənət
xadimlərinin yaradıcılıq potensialının birləşdirilməsinə
nail olmaqdır. Eyni zamanda Azərbaycan
xalçaçılarının yerli və beynəlxalq təşkilatlarla
əməkdaşlıq etməsinə və onların peşəkarlığının
artırılmasına dəstək vermək də birliyin məqsədlərindən
biridir».
Özbəkistanın ölkəmizdəki
səfiri İsmətulla İrqaşev bildirdi ki, azərbaycanlı
və özbək sənətkarlarının
qarşılıqlı əməkdaşlığı hər
iki xalqın xeyrinədir: «Çünki
xalqlarımızın kökü birdir, bizi bir çox ortaq dəyərlər
birləşdirir. Dövlətlər arasında bu dostluq əlaqələri,
mədəniyyətlərarası dialoq müxtəlif
konfranslar, sərgilər və s. tədbirlər vasitəsilə
daha da genişlənir».
Sonra tədbir
iştirakçıları «Özbəkistan bədii sənətkarlığı:
ənənələr və müasirlik» adlı sərgiyə
tamaşa etdilər. Sərgidə Özbəkistan mədəniyyətinin
toxuculuq, bədii tikmə, keramika, ağac üzərində
oyma, milli geyim, zərgərlik və s. sənət nümunələri
nümayiş etdirilir. Beynəlxalq sərgi və müsabiqələrin
laureatları olan Mədinə Qasımbəyovanın tikmələri,
Şoransul Şoəhmədovun lakla miniatürləri, Husan
Musacanovun ağac üzərində oyma işlərinə
tamaşa etdikcə hər iki xalqın mədəniyyətində
oxşar xüsusiyyətlər bir daha nəzərə
çarpır.
Bundan əlavə, sərgidə
milli üslubda bəzədilmiş gəlinciklər, rəngarəng
saplarla, müxtəlif texnikalarla işlənmiş
araqçınlar, qobelenlər, müxtəlif sənətkarlıq
məktəblərinin xüsusiyyətlərini əks etdirən
saxsı qablar - ləyənlər, nimçələr,
fincanlar nümayiş etdirilirdi. «Sənət etüdləri»
silsiləsindən olan foto işləri isə özbək sənətkarlığını
özündə əks etdirirdi.
Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru
Röya Tağıyeva qəzetimizə
açıqlamasında bildirdi ki, bu sərgi Azərbaycan və
Özbəkistan respublikaları arasında
qarşılıqlı mədəni əlaqələr
çərçivəsində atılan ilk addımdır:
«Bu tədbirlər silsilə şəklində il ərzində
davam edəcək. İlin sonuna qədər Xalq rəssamı
Tahir Salahovun əsərləri əsasında toxunmuş
xalçalardan ibarət sərgi Daşkənddə, özbək
qadın rəssamlarının əsərlərindən ibarət
sərgi Bakıda, Azərbaycan xalq tətbiqi sənəti
ustalarının sərgisi Daşkənddə və Özbəkistanın
Xalq rəssamı Akmal Nurun Bakıda fərdi sərgisi təşkil
ediləcək».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 30 mart.- S. 3.