Tariximizə tarix qatan sənətşünas

 

   Akademik Ədbülvahab Salamzadənin xatirəsinə

  

   Azərbaycanın tanınmış vətəndaş-ziyalısı, görkəmli sənətşünas-alim Əbdülvahab Salamzadənin adı mədəniyyət tariximizə qızıl hərflərlə yazılmışdır. Alimin ömür yolu doğma xalqına, Vətəninə xidmətlə, onun şərəfini hüdudlarından çox-çox uzaqlarda belə yüksəltməklə keçmişdir.

  

   Əbdülvahab Salamzadə 1916-cı il fevralın 16-da elm və mədəniyyətimizin qədim ocaqlarından biri olan Şamaxıda dünyaya göz açmışdır. Bu, həmin o Şamaxı idi ki, iki il sonra, 1918-ci ildə bədnam daşnakların və onlara havadarlıq edən rus bolşeviklərinin hücumuna məruz qalmışdı; müsəlman əhalisinin çoxu qırılmış, qalanları isə şəhəri tərk etmiş, şəhər talan edilərək yandırılmışdı. O zaman Azərbaycanın ilk ali təhsilli memarı, əslən Şamaxıdan olan Zivərbəy Əhmədbəyov pərən-pərən düşmüş əhaliyə yardım göstərmək, şəhəri, onun qədim abidələrini bərpa etmək məqsədilə xüsusi komitə yaratmış, qeyrətli oğulları, ziyalıları, sənətkarları öz ətrafına toplamışdı. Bəlkə elə bu nəcib təşəbbüsün əks-sədası idi ki, gələcəyin görkəmli alimi olacaq Əbdülvahab Salamzadə erkən yaşlarından bədii sənətkarlığa, inşaata bağlı olmuş, tarixi - memarlıq abidələrimizə hədsiz maraq göstərmiş, memar kimi yetişmişdi.

   Ədbülvahab Salamzadə milli memarlıq tariximizi öyrənən ilk alimlərdəndir. Azərbaycan memarlıq məktəblərinin müəyyənləşdirilməsi, onların milli, konstruktiv və bədii xüsusiyyətlərinin hərtərəfli öyrənilməsi, coğrafi arealının təyin olunması onun adı ilə bağlıdır. Dünya memarlıq tarixinə Əcəmi Naxçıvani kimi qüdrətli sənətkarlar bəxş etmiş Azərbaycan memarlığı uzun illər ətraflı şəkildə öyrənilməmişdi, yurdumuzun sənət abidələri isə ənənəvi olaraq qonşu xalqların mədəni təsirinin nümunəsi kimi qələmə verilirdi.

   Ötən əsrin 30-40-cı illərində bu sahədə ciddi dönüş yarandı. Bu dönüşün təməl daşlarını atan, ön sıralarda gedən alimlərdən biri də Əbdülvahab Salamzadə idi. O, öz tədqiqatları ilə Azərbaycan memarlıq tarixinin əsas yaradıcılarından biri oldu, həm də bu memarlığın sırf Azərbaycan mənşəli olduğunu təkzibedilməz elmi dəlillər vasitəsilə sübuta yetirdi. Alimin tədqiqatları aşkar şəkildə göstərdi ki, Azərbaycan bədii sənətkarlığı nəinki başqa xalqların mədəni təsirinə məruz qalmamışdır, əksinə, özü onlara ciddi bədii-üslubi təsir göstərmişdir. Bununla da alim Azərbaycan mədəniyyətinin, inşaat sənəti nailiyyətlərinin guya kənardan gətirilmə olması kimi saxta qənaətləri elmdən tamamilə uzaqlaşdırdı, onların yerinə isə qədim, qüdrətli bədii ənənələrin hökm sürdüyü, bütün Orta Şərq sənətkarlığına ciddi təsir göstərmiş milli memarlıq sənətimizin mükəmməl, ardıcıl mənzərəsini qoydu. Alim tariximizə tarix qatdı, Azərbaycan memarlıq məktəblərinin o çağadək bəlli olmayan mənzərəsini, tarixini yaratdı. Naxçıvan, Şirvan memarlıq məktəbləri kimi sənət tariximizin öyrənilməsində onun müstəsna xidmətləri olmuşdur, Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi isə bilavasitə akademik Əbdülvahab Salamzadənin xidmətidir.

   Memarlıq abidələri xalqın siması, onun mövcudluğunun canlı tarixidir. Məhz buna görə də akademik Salamzadənin elmi kəşfləri bu gün bəlkə də memarlıq nailiyyətlərindən daha vacib və əhəmiyyətli təsir bağışlayır. Alimin milli simasını sübut etdiyi abidələr Azərbaycan xalqının öz yurdunda qədimliyinin, etnik birliyinin, monolitliyinin, həm də yüksək mədəniyyətinin aşkar göstəricisidir. O, milli üslub xüsusiyyətlərinə əsaslanaraq Azərbaycan memarlığının geniş coğrafiyasını da xeyli dəqiqləşdirmişdir. Bilavasitə bizə mənsub olan, söy-kökümüzdən xəbər verən bu üslubların açıq-aydın əks olunduğu tarixi abidələr Dərbənddə, Borçalıda, Zəngəzurda, İrəvanda bu gün də torpaq üzərində möhkəm dayanır, öz xalqını, yaradıcısını, bir sözlə, Azərbaycanı nişan verir.

   Əbdülvahab Salamzadənin fəaliyyəti təkcə elmi-nəzəri yaradıcılıqla məhdudlaşmırdı. Alim bütün ömrü boyu Azərbaycanın bölgələrini gəzmiş, tarixi abidələrin vəziyyəti ilə tanış olmuş, onların ölçülərinin çıxarılmasında, bərpa eskizlərinin çəkilməsində iştirak etmişdir. O, 1962-ci ildən Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini idi. Tarixi abidələrin bərpa işlərində yaxından iştirak edirdi.

   Tanınmış bərpa mütəxəssisi, Əməkdar rəssam Ağarəhim Əliyevin akademiklə bağlı çoxsaylı xatirələri qalmışdır. Ağarəhim Əliyev ötən əsrin 50-60-cı illərində Naxçıvanda, digər bölgələrdə tarixi-memarlıq abidələrini bərpa edən mütəxəssislər qrupuna daxil idi. Bu yaxınlarda dünyasını dəyişmiş qocaman rəssam Ağarəhim müəllimin Əbdülvahab Salamzadə haqqında xatirələrindən: «Yaxşı yadımdadır, 1957-1958-ci illər idi. Həmin dövrdə tarixi-memarlıq abidələrinin təmirinə, onların bərpa olunmasına çox vəsait ayrılmışdı. Bu barədə hökumət qərarı da vardı. Azərbaycanı istəyən oğullar bu qərardan möhkəm yapışmışdılar. Yüksək savadı, biliyi, eyni zamanda gözəl, mədəni davranışı ilə hamının hörmətini qazanmış Əbdülvahab müəllim də belə oğullardan idi. Biz də canla-başla bərpa işinə xidmət edirdik.

   Qarabağlar kəndi Naxçıvanın mərkəzindən təxminən 30 km məsafədə yerləşir. Yadımdadır, o illərdə bu yol çox bərbad vəziyyətdə idi. Buna baxmayaraq bəzən gün ərzində həmin yolu bir neçə dəfə gedib-gəlmək tələb olunurdu. Bizimlə birlikdə həmin ərazidə Elmlər Akademiyasından ezam olunmuş mütəxəssis qrupu da işləyirdi.

   Qarabağlar türbəsinin olduqca maraqlı eksteryer tərtibatı var. Abidənin bərpa olunmasında görkəmli alimimiz, Naxçıvan memarlıq məktəbinin yorulmaz tədqiqatçısı, mərhum akademikimiz Əbdülvahab Salamzadə də yaxından iştirak edirdi. Mən Əbdülvahab müəllimi bərpa mərkəzindən tanıyırdım. O, mərkəzin aparıcı eksperti idi. Abidələrin bərpası zamanı mütəxəssis rəyi mütləq olmalıdır. Rəssam bu və ya digər bədii detalın eskizini yaradarkən mütəxəssisin fikirlərini nəzərə alır. Bu, bir növ teatr rəssamının rejissorun göstərişlərini əldə rəhbər tutmasına bənzəyir. Biz də onun tövsiyələrini hər zaman nəzərə alardıq. Bunu da bildirmək istəyirəm ki, Əbdülvahab müəllim özü də yaxşı etüdçü idi, tarixi-memarlıq abidələrinin etüdlərini bəzən özü çox mükəmməl şəkildə işlərdi. Qarabağlar türbəsinin Əbdülvahab müəllim və Sultanov soyadlı başqa bir mütəxəssislə birlikdə işlədiyim bir eskizi qalmaqdadır. Türbənin tarixi görkəminin bərpa edilməsində bu eskiz, eləcə də digər eskizlər mühüm sənəd rolunu ifa edir.

   Qarabağlar türbəsinin minarələri o illərdə çox acınacaqlı vəziyyətdə idi. Minarələrin uçmaq təhlükəsi də yaranmışdı. Ona görə də işçi qrupu ilk növbədə minarələrin bərkidilməsi ilə məşğul olmağa başladı. Bərkitmə işləri elə aparılmalı idi ki, abidənin bədii-estetik xüsusiyyətləri dəyişməsin. Bu işdə də Əbdülvahab Salamzadənin çox böyük xidməti oldu. Həyatı üçün təhlükəli olsa da o, minarələrin lap yaxınlığında, hətta içərisində saatlarla dayanaraq salamat qalmış fraqmentlər vasitəsilə ümumi bədii kompozisiyanın çox dəqiq sxematik təsvirini işlədi və eskiz üçün mənə verdi. Bununla da bədii kompozisiyanın tarixi görünüşü ən kiçik detallarına qədər hifz edildi».

   Uzun illər bərpa emalatxanasında işləmiş A.Əliyev Əbdülvahab Salamzadə ilə bağlı maraq doğuran xatirələr söyləmişdir. Rəssam daha sonra danışırdı: «Əbdülvahab müəllim Azərbaycan memarlığını, onun tarixini, bədii və funksional xüsusiyyətlərini elmi müstəvidə ardıcıl araşdıran ilk azərbaycanlı alim idi. Onun tədqiqatlarına qədər Azərbaycan memarlığı demək olar ki, öyrənilməmişdi. Əbdülvahab müəllim memarlıq tariximizin dəqiq təsnifatını vermiş, onu sistem halına salmış, ayrı-ayrı üslubları, məktəbləri müəyyənləşdirmişdir. Bu gün əksəriyyətimizin kifayət qədər yaxşı bələd olduğumuz Şirvan, Arran, Naxçıvan, Təbriz və s. memarlıq məktəblərimizin üzə çıxarılmasında, bu məktəblərin ayrıca anlayış kimi elmə daxil edilməsində onun müstəsna xidmətləri olubdur.

   Əbdülvahab müəllim həm də genişqəlbli, olduqca təvazökar, mədəni insan idi. Həm Bakıda, həm də səfərlərdə onunla çox görüşmüşdüm. Onun bircə dəfə də olsun kiminləsə kobud danışması yadıma gəlmir. Hətta ucqar yerlərə səfərlər etdikdə belə təmiz, səliqəli geyimi, təmkinli görkəmi ilə ətrafdakıların diqqətini cəlb edirdi. Kostyumu həmişə təmiz olardı. Şalvarının qatı həmişə şax dayanar, təmiz silinmiş çəkmələrinin parıltısı isə göz qamaşdırardı. Elə bu geyimdə də o zaman çox bərbad vəziyyətdə olan, toz-torpaqlı, hörümçək toru basmış Möminəxatun, Yusif ibn-Küseyr türbələrinə girir, işindən qalmır, lakin geyiminin səliqəsi də pozulmurdu. Ezamiyyət vaxtı, bəzən rahatlığın məhdud olduğu şəraitdə əsla əsəbiləşməz, sakitcə işi ilə məşğul olardı».

   Akademik Əbdülvahab Salamzadənin kitabları Azərbaycan memarlıq tarixinin ən mükəmməl nümunələri cərgəsindədir. Onun müxtəlif illərdə yazdığı «Abidələr danışır» (Bakı, 1952), «Azərbaycan memarlıq abidələri» (Bakı, 1958), «Əcəmi Naxçıvani» (Bakı, 1976), «Arazboyu abidələr» (K.Məmmədzadə ilə birgə; Bakı, 1979) və bir çox başqaları hələ uzun illər boyu elmə xidmət edəcək. Bu görkəmli alimin M.Hüseynov və L.Bretanitski ilə birgə hazırladığı «Azərbaycan memarlıq tarixi» adlı fundamental əsəri isə (rus dilində; Moskva, 1963) milli memarlıq tariximizdə müstəsna əhəmiyyətə malikdir. O, həm də Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olmuş, Şuşa, Şəki kimi qədim şəhərlərimizin şəhərsalma mədəniyyətini tədqiq etmişdir.

   Akademik Əbdülvahab Salamzadə 1983-cü il avqustun 19-da dünyasını dəyişmişdir. Zaman ötür, lakin Əbdülvahab müəllimin xatirəsi kimi, onun yaratdığı əsərlər də köhnəlmir, qocalmır. Vaxtilə Əbdülvahab Salamzadənin öyrəndiyi, bərpası ilə məşğul olduğu, təbliğ etdiyi, bu gün isə dövlətimizin xüsusi qayğı ilə qoruduğu onlarla, yüzlərlə abidələr durduqca, bu böyük vətəndaş-alimin xatirəsi də beləcə yaşayacaq, yaddaşlardan silinməyəcək.

  

 

   Aludə Zeynalova,

   sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

  Xalq qəzeti.- 2011.- 4 may.- S. 13.