Şərqin ilk qadın bəstəkarı

 

   Ədilə Hüseynzadə - 95

  

   Görkəmli musiqiçi, ilk azərbaycanlı qadın bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadə (1916-2005) incəsənətə dərin ehtiramla yanaşan ziyalı bir ailədə anadan olub. Anası qarmonda ifa edir, atası isə orta əsr poeziyası ilə dərindən maraqlanırdı.

  

   Uşaq vaxtlarından qəlbində yaranan musiqiyə məhəbbət onu Dövlət Konservatoriyasına aparıb çıxardı. Burada Üzeyir Hacıbəylinin sevimli tələbələrindən biri olmuş, Bülbülün sinfində ifaçılıq dərsləri almışdı. Konservatoriyanı bəstəkarlıq ixtisası üzrə bitirən Ədilə xanım Azərbaycanın ilk qadın bəstəkarı oldu.

   Ədilə Hüseynzadənin yaradıcılıq yoluna nəzər salsaq görərik ki, o bir çox janrlarda əsərlər yaradıb, simfonik poema, simli kvartet, xor miniatürlərinin müəllifi olub. Lakin bəstəkarın yaradıcılığında kamera vokal əsərləri və xüsusən romans janrı ana xətt olaraq keçir. Bu romanslarda bəstəkar həm klassik, həm də müasir şairlərin poeziyasına müraciət etmişdir. Biz onun yaradıcılığında Nizami, Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin sözlərinə yazılmış gözəl romans və mahnılara rast gəlirik. Bəstəkarın vokal janrında belə zəngin poeziya nümunələrinə müraciət etməsi onun peşəkar bir ifaçı olaraq bu janrın sirlərinə, incəliklərinə dərindən bələd olması ilə əlaqədardır. Bəstəkar romanslarını incə bir zövqlə və əsl sənətkar qələmi ilə bəstələmişdir.

   Vokal musiqiyə müraciət bəstəkarların bir qismi üçün təəssüratın özünəməxsus təcəssümüdür, digərləri üçün iri əsərlərə olan hazırlıq mərhələsidir. Ə.Hüseynzadə üçün romans janrına müraciət bir ifaçı olaraq vokal musiqiyə olan məhəbbətdir ki, bu, onun bütün əsərlərindən keçir və tükənmir. Tükənməzliyin bir cəhəti onun bütün yaradıcılığı boyu əsaslandığı və milli muğamlarımızdan qaynaqlanan lad-məqam məfhumudur. Bəstəkar üçün “Bayatı-Şiraz” fəlsəfi düşüncə, “Şur” şən əhval-ruhiyyəsini itirərək lirik dalğınlıq, “Segahböyük bir məhəbbətin təcəssümü, “Rast” uşaqlıq və gənclik obrazları ilə əlaqədardır. Məhz bu ladlar bəstəkarın yaradıcılığının əsasını təşkil edir. N.Rəfibəylinin «Günəşdən gənclik istədim» romansında həyat eşqini təcəssüm etdirmək üçün bəstəkar “Bayatı-Şiraz” və “Segah”ın obraz təcəssümünə, A.Rzayevaya ithaf olunmuş «Susdu bülbülümüz» romansında «Humayun» və «Şur»un qəmli notlarına istinad edir. Hətta dahi rus şairi Puşkinin şeirinin tərcüməsinə yazılmış «Bülbül» romansında da Ə.Hüseynzadə Azərbaycan ladlarından istifadə edir. Yəni bu tendensiya onun bütün romanslarından keçir.

   Qeyd etmək lazımdır ki, belə bir kiçikeyni zamanda mürəkkəb bir janrda bəstəkar özünü dolğun şəkildə təcəssüm edə bilmiş və adını musiqi tariximizə yazdırmışdır.

   Ədilə Hüseynzadə bəstəkarlıq yaradıcılığı ilə paralel olaraq həm də gözəl səsə malik olan vokal ustası kimimusiqi tariximizdə iz qoymuşdur. 1945-ci ildə çəkilən «Arşın mal alan» filmində Asyanın rolunu səsləndirmişdir.

   Pedaqoji fəaliyyətinə gəldikdə isə Ədilə xanım uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbində «bəstəkarlıq» fənnindən dərs demişdir. Müslüm Maqomayev, Sevda İbrahimova, Elnarə Dadaşova onun tələbələri olmuşlar. Bu böyük sənətkar xanımın simasında həm professional bəstəkar, həm də gözəl vokal ifaçısı, həm də istedadlı pedaqoq cəmlənmişdir.

   Ədilə xanımın indiyədək ifa olunan və aktuallığını itirməyən əsərləri özünəxaslığı ilə seçilir və qəlbimizi oxşayır. Onun təməlini qoyduğu qadın bəstəkarlıq ənənəsi bu gün də layiqincə davam etdirilir. Görkəmli bəstəkar, Xalq artisti, Azərbaycan musiqisini dünyaya tanıdan Firəngiz Əlizadə ilk kövrək notlarını Ədilə Hüseynzadənin təsiri ilə yazmış, onun məktəbini keçmiş və hazırda onun ənənələrini ləyaqətlə davam etdirir.

  

 

   Lətifəxanım Əliyeva,

   sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

    Xalq qəzeti.- 2011.- 4 may.- S. 12.